Ən çox verilən suallar

Torpağıma çıxarış almaq üçün müraciət etmişəm. Sənədimin hazır olub olmamasını necə öyrənə bilərəm?

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətini onlayn və ya sms göndərməklə öyrənə bilərsiniz. Onlayn məlumat əldə etmək üçün Elektron Xidmətlər Portalına (www.e-emdk.gov.az ) daxil olursunuz və təqdim olunan elektron xidmətlər siyahısından “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi” elektron xidmətini seçirsiniz. Yeni açılan pəncərədə müvafiq bölməyə ərizə nömrənizi  daxil edib sənədiniz icrada olduğunu və ya icra edildiyi barədə məlumat əldə edə bilirsiniz. Nəzərinizə çatdırırq ki, ərizə nömrəsi müraciət zamanı vətəndaşa verilir.

SMS vasitəsi ilə məlumat əldə etmək üçün ərizə nömrənizi sms-lə 9193 nömrəsinə göndərirsiniz və müraciətinizin icra vəziyyəti ilə bağlı sizə cavab mesajı göndərilir.

Müraciətim üzrə hesablanan xidmət haqqını necə öyrənə bilərəm və onu onlayn ödəmək mümkündür?

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətiniz üzrə hesablanan xidmət haqqını onlayn öyrənmək üçün Elektron Xidmətlər Portalına (www.e-emdk.gov.az ) daxil olursunuz və təqdim olunan elektron xidmətlər siyahısından “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi” elektron xidmətini seçirsiniz. Yeni açılan pəncərədə müvafiq bölməyə ərizə nömrənizi  daxil edib hesablanan xidmət haqqının məbləğini öyrənə bilərsiniz. Xidmət haqqının məbləğini ərizə nömrənizi sms-lə 9193 nömrəsinə göndərməklə də əldə edə bilərsiniz.

Sizə hesablanan xidmət haqqını onlayn ödəmək üçün üçün Elektron Xidmətlər Portalına (www.e-emdk.gov.az ) daxil olursunuz və təqdim olunan elektron xidmətlər siyahısından “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqının ödənilməsi”  elektron xidmətini seçirsiniz. Yeni açılan pəncərədə müvafiq bölməyə ərizə nömrənizi və hesablanan xidmət haqqının məbləğini daxil edib ödəniş edə bilərsiniz.

Elektron çıxarışımın hazır olduğu barədə sms bildirişi əldə etmişəm. Çıxarışa sistemdə necə baxa bilərəm?

Çıxarışınızın təsvirini əldə etmək üçün sms bildirişində sizə çıxarışın reyestr və qeydiyyat nömrələri və elektron çıxarışın təsviri ilə bağlı link göndərilir.

Elektron çıxarışın təsvirini əldə etmək üçün siz Elektron Xidmətlər Portalına (www.e-emdk.gov.az ) daxil olursunuz və təqdim olunan elektron xidmətlər siyahısından “Daşınmaz Əmlakın Dövlət Reyestrindən elektron çıxarışın əldə edilməsi” elektron xidmətini seçirsiniz. Portalda yaradılan şəxsi kabinetinizdə elektron çıxarışın təsvirini əldə edə bilərsiniz.

Elektron Xidmətlər Portalına (www.e-emdk.gov.az ) daxil olub və təqdim olunan elektron xidmətlər siyahısından "Elektron çıxarışın yoxlanılması” xidmətini seçərək də elektron çıxarışın təsvirini əldə edə bilərsiniz. Xidmətə daxil olan zaman elektron çıxarışın reyestr və qeydiyyat nömrələrini daxil edərək elektron çıxarışın təsvirini əldə edirsiniz.

Bakı şəhərində yaşayıram. Respublika üzrə adıma torpağın olub-olmamasını necə öyrənə bilərəm?

Respublika üzrə adınıza daşınmaz əmlakın olub olmaması ilə bağlı arayış əldə etmək üçün şəxsiyyət vəsiqəsi və nikah haqqında şəhadətnamə ilə (əgər varsa) Əmlak Xidmətləri Məkanına yaxınlaşa bilərsiniz. Ünvan: Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20. (Ulduz metrosundan 700 metr məsafədədir. 38 və 184 nömrəli avtobus məkanın yanından keçir).

Könüllü fəaliyyət üçün müraciət etmək istəyirəm. Namizədlər üçün hansı tələb var və necə müraciət edə bilərəm?

Ali təhsil müəssisələrində tələbə və ya məzun olmuş, yaşı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyəti üçün müraciət edə bilər. Müraciət etmək üçün siz komitənin rəsmi saytında “Könüllü fəaliyyət” bölməsindən onlayn müraciət göndərə bilərsiniz və ya CV forması ilə komitənin inzibati binasına və ya struktur bölmələrinə müraciət edə bilərsiniz.

Hərraca qeydiyyatdan keçmək istəyirəm, bunun üçün 10% beh ödəməliyəm. Əgər hərracda qalib olmasam beh geri qaytarılacaq?

Daşınmaz dövlət əmlakının özəlləşdirilməsinə dair keçirilən hərraclara qeydiyyatdan keçmək üçün sifariş verdiyiniz daşınmaz əmlakın ilkin start qiymətinin 10% məbləğində beh ödəyirsiniz. Hərracda qalib olduğunuz zaman əmlakın tam məbləğini ödəyirsiniz. Əgər tam məbləği təyin olunmuş müddət ərzində ödəyə bilməsəniz hərracın nəticələri ləğv olunur və ödədiyiniz beh geri qaytarılmır.

Əgər hərrac zamanı qalib olmasanız ödədiyiniz beh geri qaytarılır.

Mən Bakı şəhərində yaşayıram. Hərracda almaq istədiyim obyekt Quba şəhərində yerləşir. Bunun üçün hərrac vaxtı Qubaya getməliyəm?

Sifariş verilən əmlaklara dair hərraclar onların yerləşdiyi rayon və şəhərlərdə keçirilir. Hərrac zamanı siz müvafiq ünvanlara gedə bilərsiniz və ya onlayn hərrac vasitəsi ilə olduğunuz məkandan hərraca qoşula bilərsiniz. Nəzərinizə çatdıraq ki, həm canlı, həm də onlayn hərrac bir sistem üzrə aparılır. Elektron hərraca qoşulmaq üçün hərrac başlayan zaman siz Elektron Xidmətlər Portalına (www.e-emdk.gov.az) daxil olursunuz və təqdim olunan elektron xidmətlər siyahısından “Elektron hərrac” xidmətini seçirsiniz. Hərraca qeydiyyat zamanı Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən sizə verilən məlumatlar əsasında giriş edib hərracda iştirak edirsiniz.

Hərraca çıxarılan əmlakların şəkillərinə haradan baxa bilərəm?

Hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat və şəkillər Özəlləşdirmə Portalında (privatization.az) təqdim olunur.

İnşa etdiyim həyət evimə dair çıxarış və texniki pasport almaq istəyirəm. Bunun üçün nə qədər dövlət rüsumu və xidmət haqqı ödəməliyəm?

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı dövlət rüsumunun və xidmət haqqının ödənilməsi müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 26-ci maddəsi və Tarif Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə müəyyən olunub. Müraciətiniz üzrə sizə hesablanacaq dövlət rüsumu və xidmət haqqını əvvəlcədən öyrənmək üçün Əmlak kalkulyatorundan istifadə edə bilərsiniz. Bunun üçün Elektron Xidmətlər Portalına (www.e-emdk.gov.az) daxil olaraq təqdim olunan elektron xidmətlər siyahısından “Əmlak Kalkulyatoru” xidmətini seçməlisiniz.

MTK-dan alınan mənzilə dair çıxarışı əldə etmək üçün hansı sənədlər tələb olunur və nə qədər dövlət rüsumu ödəməliyəm?

 “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin 8.0.6. bəndinə əsasən  mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur.

Vətəndaş qeyd olunan sənədlər və şəxsiyyət vəsiqələri ilə Əmlak Xidmətləri Məkanına (Bakı şəhərində yerləşən mənzillərə dair) və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq rayon üzrə Ərazi İdarəsinə yaxınlaşa bilər.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat dövlət rüsumu və Tarif Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə xidmət haqqı müəyyən olunub.