Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

   

Özəlləşdirmənin həyata keçirilməsini və bu prosesdə özəlləşdiriləcək dövlət mülkiyyətinin bir hissəsinin əhaliyə əvəzsiz verilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə təsdiq edilsin (əlavə edilir).

2. Müəyyən edilsin ki, dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. Bu fərman qüvvəyə minən günədək qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşı 4 (dörd) çekdən ibarət 1 (bir) dövlət özəlləşdirmə payı almaq hüququna malikdir. Qanunvericilikdə müəyyən edilmiş şəxslərə əlavə bir dövlət özəlləşdirmə payı verilir.

3. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) Azərbaycan Respublikasının vətəndaşlarına verilməsi 1996-cı il avqustun 1-dən başlansın və 1996-cı il oktyabrın 1-dək başa çatdırılsın.

4. Dövlət əmlakının vətəndaşların və onların birliklərinin mülkiyyətinə əvəzsiz olaraq verilməsi üçün başqa dövlət orqanları tərəfindən qiymətli kağızların buraxılmasına və digər sistemlərin yaradılmasına yol verilmir.

5. Dövlət özəlləşdirmə payları (çekləri) əsasında dövlət mülkiyyətinin özəlləşdirilməsinə hazırlıq işlərini yerinə yetirmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti:

  • 1 (bir) ay ərzində «Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında» Əsasnamədə ona həvalə edilmiş normativ sənədlərin hazırlanıb təsdiq olunmasını təmin etsin;
  • 1 (bir) ay ərzində Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) saxlanılması və qorunması qaydalarını təsdiq etsin.

6. Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi dövlət özəlləşdirmə payı alacaq Azərbaycan Respublikası vətəndaşlarının, o cümlədən müvəqqəti Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayanların siyahılarını tərtib edib 1996-cı il iyun ayının 1-dək Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə təqdim etsin.

7. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi:

  • dövlət özəlləşdirmə paylarının (çeklərinin) hazırlanmasını, dövriyyəyə buraxılmasını təmin etmək üçün lazım olan bütün təşkilati tədbirləri həyata keçirsin;
  • dövlət özəlləşdirmə paylarının (çeklərinin) vətəndaşlara verilməsi və istifadəsi qaydaları ilə bağlı radio, televiziya və mətbuat vasitəsi ilə əhali arasında geniş izahat işlərinin aparılmasını təmin etsin.

8. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin rayon şöbələrinin yaradılması ilə əlaqədar olaraq yerli icra hakimiyyəti orqanları bu şöbələrin iş otaqları ilə təmin olunması məsələsini 1 (bir) ay ərzində həll etsin.

9. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 mart 1996-cı il

№ 450