Əlavə III 

 Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 6 iyun tarixli Fərmanı

ilə təsdiq edilmişdir

 

 

DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÖZƏLLƏŞDİRMƏQABAĞI

SAĞLAMLAŞDIRILMASI VƏ RESTRUKTURİZASİYASI

 

Q A Y D A L A R I 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na, «Azərbaycan Respublikasında dövlət müəssisələrinin idarə olunmasının və dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 453 nömrəli Fərmanına və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin həyata keçirilməsini, bu barədə  təkliflərin hazırlanması və qəbul edilmiş qərarların icrası qaydalarını tənzimləyir.

1.2. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası - müəssisələrin fəaliyyətinin tam və ya qismən bərpası, yenidən qurulması, özəlləşdirməyə hazırlanması, iş yerlərinin açılması, müasir texnologiyaların və  investisiyaların cəlb edilməsi, maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə əsaslı şəkildə dəyişdirilməni və təkmilləşdirilməni əhatə edən təşkilati idarəetmə, istehsal, texnoloji, struktur, hüquqi və maliyyə tədbirləri kompleksidir. 

 

 

2. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması

 və restrukturizasiyası tədbirlərinin tətbiqinin məqsədləri və

 onların tətbiq edilməsi üçün əsas meyarlar

 

2.1. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin həyata keçirilməsinin məqsədləri aşağıdakılardır:

dövlət müəssisələrinin özəlləşdirilməyə hazırlanması və özəlləşdirmənin sürətləndirilməsi;

özəlləşdirməyə açılmış müəssisələrin investorlar üçün cəlbediciliyinin artırılması;

özəlləşdirməyə açılmış müəssisələrin dəyərinin yüksəldilməsi;

istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artırılması;

müəssisələrə müasir texnologiyaların tətbiqinin genişləndirilməsi;

sağlamlaşdırma tədbirləri nəticəsində dövlət əmlakının idarə olunmasından büdcəyə daxilolmaların həcminin artırılması;

müəssisələrin fəaliyyətinin dirçəldilməsi nəticəsində iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin artırılması.

2.2. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirləri aşağıdakı formalarda həyata  keçirilə  bilər:

        müəssisənin əmlak kompleksinin strukturunun dəyişdirilməsi, o cümlədən strukturların bölünməsi, birləşdirilməsi və digər səmərəli formada yenidən təşkili;

        əsaslandırılmış layihələr əsasında müəssisədə hər hansı məhsulun (işin və xidmətin) istehsalının maliyyə cəhətdən dəstəklənməsi və ya müəssisəyə digər məqsədli maliyyə  yardımlarının  göstərilməsi;

müəssisənin texnoloji cəhətdən yenidən qurulması və avadanlıqların modernləşdirilməsi;

müəssisənin fəaliyyət profilinin dəyişdirilməsi və ya genişləndirilməsi;

müəssisənin borclarının restrukturizasiyası və silinməsinə (və ya dondurulmasına) dair təkliflərin verilməsi;

müəssisənin idarəetmə strukturunun yeniləşdirilməsi və ya idarəetməyə kənar idarəçinin cəlb olunması.

2.3. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin tətbiq edilməsi üçün müəssisələrin müəyyən edilməsi zamanı aşağıdakı meyarlar nəzərə alınır:

ölkə iqtisadiyyatında mühüm əhəmiyyət kəsb etməsi;

regional inkişaf üçün əhəmiyyətli rol oynaması və əlverişli mövqe tutması;

istehsal edilən məhsulun ixracyönümlü olması;

yerli xammalın emalının həyata keçirilməsi;

yerli xammaldan  istifadə edilməsi əsasında idxalı əvəz edən məhsulların istehsalı;

sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi nəticəsində yeni iş yerlərinin açılması;

layihə üzrə tələb olunan investisiya qoyuluşu həcminin nisbətən az, səmərəlilik səviyyəsinin isə yüksək olması;

həyata keçirilən tədbirlərin ekoloji problemlərin və sosialyönümlü  məsələlərin həllinə əhəmiyyətli təsir edə bilməsi;

özəlləşdirmə perspektivi az olan müəssisələrin özəlləşdirmə prosesinə cəlb olunması.

2.4. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin  maliyyələşdirilməsi  aşağıdakı mənbələr  hesabına həyata keçirilir:

dövlət əmlakının özəlləşdirməsindən  dövlət büdcəsinə daxil olan vəsaitlərdən qanunvericiliklə müəyyən edilmiş ayırmalar;

müəssisələrin xüsusi vəsaitləri;

beynəlxalq qurumların və xarici donor təşkilatların qrantları;

digər qanuni mənbələr.

 

3. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və

restrukturizasiyası tədbirlərinin həyata keçirilməsi barədə təkliflərin

hazırlanması və qərarların qəbulu

 

3.1.      Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin həyata  keçirilməsi barədə təkliflər və təkliflərin həyata keçirilməsi barədə proqramlar (layihələr) müəssisələr tərəfindən hazırlanaraq Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir.

3.2.      Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin tətbiqinin məqsədəuyğun olduğu müəssisələr üzrə həmin  tədbirlərin  daha əlverişli formasını müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən 1 (bir) ay müddətində müəssisələrin təqdim etdikləri layihələrinin, müəssisələrin iqtisadi göstəricilərinin və maliyyə-təsərrüfat fəaliyyətinin təhlili aparılır. Bu məqsədlə maliyyə məsləhətçiləri, auditor, ekspertlər və digər mütəxəssislər cəlb oluna bilər.

3.3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:

a) özəlləşdirməyə açılmış  müəssisənin  əmlak  kompleksinin strukturunun dəyişdirilməsi nəzərdə  tutulduğu  halda,  həmin müəssisənin restrukturizasiya planını;

        b) müəssisələrin texnoloji  cəhətdən  yenidən  qurulması nəzərdə  tutulduğu halda, bu tədbirlərin həyata keçirilməsi üzrə  biznes-planı;

          c) müəssisənin borclarının restrukturizasiyası  nəzərdə tutulduğu halda,  müvafiq restrukturizasiya sxemini;

          d) müəssisəyə maliyyə yardımının  göstərilməsi nəzərdə  tutulduğu halda,  müvafiq  biznes-plana uyğun olaraq həmin yardımın həcminin və istiqamətlərinin   əsaslandırılmasını  özündə əks etdirən proqramları təsdiq edir.

3.4. Bu Əsasnamə ilə müəyyən edilmiş meyarlar əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəssisədə restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilir.

Mövcud qanunvericiliyə əsasən restrukturizasiya və sağlamlaşdırma tədbiri barədə qərar qəbul etmək Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmadıqda və bu barədə təkliflər daxil olduqda, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi müvafiq təkliflərini Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

3.5. Müəssisənin sağlamlaşdırılması və restukturizasiyası üzrə təsdiq olunmuş proqramlarda (layihələrdə) nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bölgü əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən zəruri sənədlər əlavə edilməklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilir.

            Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təqdim olunmuş sənədlər əsasında restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin maliyyələşdirilməsi üçün dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsaitdən qanunvericiliyə uyğun olaraq maliyyə ayrılmasını təmin edir.

3.6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ayrılmış maliyyə vəsaitinin müəssisənin bu məqsəd üçün açılmış xüsusi bank hesabına köçürülməsini təmin edir.

3.7. Dövlət müəssisələrinin təklifləri əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilməsi barədə qərar qəbul olunmuş restrukturizasiya və sağlamlaşdırma tədbirləri başqa mənbələr hesabına maliyyələşdirildikdə vəsait müəssisənin bu məqsəd üçün açılmış xüsusi bank hesabına köçürülür.

3.8. Təsdiq olunmuş sağlamlaşdırma və restrukturizasiya proqramında (layihədə) nəzərdə tutulmuş tədbirlərin vaxtında və nəzərdə tutulmuş ardıcıllıqla icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ayrılmış maliyyə vəsaitinin müəssisələrin hesabına hissə-hissə köçürülməsini, səmərəli istifadə olunmadıqda onun dayandırılmasını həyata keçirə bilər.

3.9. Müəssisə tərəfindən təqdim edilmiş restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə edilən təkliflər məqsədəuyğun hesab edilmədikdə, bu barədə 1 (bir) ay müddətində müəssisəyə əsaslandırılmış məlumat verilir.

 

4. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması

və restrukturizasiyası barədə tədbirlərin icrası

 

4.1. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası barədə tədbirlər qanunvericiliyə uyğun olaraq müvafiq proqramlar və ya biznes-planlar əsasında həyata keçirilir.

4.2. Sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsinə, bu məqsədlə ayrılmış vəsaitin xərclənməsinə, sifarişlərin formalaşdırılmasına və yerləşdirilməsinə, icraçılarla müqavilələrin bağlanılmasına, yerinə yetirilən  işlərin qəbuluna qanunvericilikdə nəzərdə tutulan qaydada nəzarət Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. 

4.3. Vəsait ayrılan müəssisələr Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş formalarda və müddətlərdə hesabat təqdim etməlidirlər.

4.4. Dövlət müəssisələrində özəlləşdirməqabağı restrukturizasiya  və sağlamlaşdırma tədbirlərinin həyata  keçirilməsi ilə bağlı  hesabatlar  müvafiq  qanunvericiliyə  uyğun qaydada   hazırlanır və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir.

4.5. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən özəlləşdirməqabağı sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata  keçirilməsi vəziyyətinin araşdırılması ilə bağlı dövlət müəssisələrində araşdırmalar və monitorinqlər həyata keçirilə bilər.

4.6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi dövlət müəssisələrində özəlləşdirməqabağı sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edir.

4.7. Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası tədbirlərinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi təmin edildikdə, həmin vəsait məqsədli maliyyə yardımı hesab edilir və onların geri qaytarılması tələb olunmur. Lakin bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məqsədlərə nail olunmadığı təqdirdə, büdcədən ayrılmış vəsaitin geri qaytarılması üçün müvafiq tədbirlər görülür. Digər mənbələrdən maliyyələşdirmə hallarında vəsaitlərin qaytarılıb-qaytarılmaması qarşılıqlı razılaşma əsasında həll olunur.

4.8. Ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsinə, hesabatların təqdim edilməsinə və vəsait ayrılarkən bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məqsədlərə nail olunmasına görə müəssisələr və onların rəhbərliyi məsuliyyət daşıyırlar.