Özəlləşdirilən dövlət əmlakının

qiymətləndirilməsi haqqında

ƏSASNAMƏ

1. Bu Əsasnamə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında», «Müəssisələr haqqında», «Mühasibat uçotu haqqında», «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunlarına, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

2. Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi prosesində müəssisələrin start (satış) qiymətini və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətlərinin nizamnamə kapitalını hesablamaq məqsədilə onların əmlakının qiymətləndirilməsi qaydalarını müəyyən edir.

3. Özəlləşdirilən müəssisənin start (satış) qiyməti və ya dövlət müəssisələrinin əsasında yaradılan səhmdar cəmiyyətinin nizamnamə kapitalı, onun qiymətləndirilən balans aktivinin dəyərindən balansın uyğun passiv maddələrinin dəyəri çıxılaraq alınmış ilkin qiymətə bu Əsasnamə ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır.

4. Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı özəlləşdirilən əmlakın real qiymətləndirilməsini həyata keçirmək məqsədilə maliyyə məsləhətçiləri cəlb edildiyi hallarda, qiymətləndirmənin beynəlxalq metod və üsullarından istifadə edilir.

5. Müəssisənin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı son hesabat tarixinə təsdiq edilmiş balans məlumatları əsasında aşağıdakı qayda ilə müəyyən edilir:

Sq = (A -P) x Ma x Zə x Xə x Gə

Burada:

Sq-müəssisənin start (satış) qiyməti;

A-müəssisənin balans aktivlərinin ümumi dəyəri;

P-müəssisənin balans öhdəlikləri (passivləri);

Ma-müəssisənin maliyyə asılılığı əmsalı;

-müəssisənin yerləşdiyi zona əmsalı;

-müəssisənin yerli xammalla təchiz olunma əmsalı;

-müəssisənin gəlirlilik əmsalıdır;

Müəssisənin maliyyə asılılığı əmsalı-özəlləşdirmə tarixinə onun balansında olan kreditor borcların (büdcəyə, büdcədənkənar fondlara, ssuda, əmək haqqı, iş və xidmətlərə görə olan borclar) onun qiymətləndirilən aktivlərinin ümumi dəyərinə olan nisbəti kimi müəyyən edilir.

Müəssisənin zona əmsalı-onun yerləşdiyi əraziyə görə şərti müəyyən olunmuş əmsalıdır.

Müəssisənin yerli xammalla təchiz olunma əmsalı-onun yerli xammaldan (və ya idxal olunan xammaldan) asılılığını xarakterizə edir və istifadə olunan yerli xammal növlərinin (xammal, yarımfabrikat, komplektləşdirici məmulat və s.) ümumilikdə istifadə olunan xammal növlərinə olan nisbəti kimi müəyyən edilir.

Müəssisənin gəlirlilik əmsalı - onun nəzərdə tutulan rentabellik səviyyəsidir və proqnozlaşdırılan xalis gəlirin (mənfəətin) istehsal xərclərinə (və ya maya dəyərinə) olan nisbəti kimi müəyyən edilir.

Dövlət müəssisəsinin hüquqi şəxs olmayan struktur bölməsi (filial, istehsal sahəsi, sex və digər struktur bölmə) ayrıca özəlləşdirildikdə, qiymətləndirmə özəlləşdirmə anına olan öhdəliklərə uyğun tərtib olunmuş və baş müəssisə tərəfindən təsdiq edilmiş bölüşdürücü aktın (balansın) məlumatları əsasında aparılır.

6. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) qiymətləndirilən əmlakının tərkibinə onun əsas vəsaitləri və sair dövriyyədənkənar aktivləri, ehtiyat və məsrəfləri, pul və sair maliyyə vəsaitləri, digər maddi və qeyri-maddi aktivləri daxildir.

7. Əsas vəsaitlərə və sair dövriyyədənkənar aktivlərə aşağıdakılar daxildir:

a) binalar, qurğular, ötürücü qurğular, iş-güc maşınları və avadanlıqları, ölçü tənzimləyici cihazlar (qurğular), hesablama texnikası, nəqliyyat vasitələri, alətlər, istehsalat-təsərrüfat inventarları (ləvazimatları), işçi-məhsuldar heyvanlar, çoxillik əkmələr, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s.işlər), habelə başqa işlərə qoyulan kapital qoyuluşları və başqa əmək vasitələri;

b) balansda əks olunan qeyri-maddi aktivlər, torpaq, su və təbii ehtiyatlardan (sərvətlərdən) istifadə hüquqları, əmlak hüquqları, patentlər, lisenziyalar, «nou-hau», proqram məhsulları, inhisar və imtiyaz (üstünlük) hüquqları (xüsusi fəaliyyət növünə verilən lisenziyalar da daxil olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və digər qeyri-maddi aktivlər;

c) müəssisənin quraşdırılmamış avadanlıqları və başa çatdırılmamış əsaslı tikintisi;

ç) müəssisənin uzunmüddətli maliyyə qoyuluşları, o cümlədən digər müəssisələrin qiymətli kağızlarına (səhm, istiqraz və s.),dövlət və yerli borclar üzrə faizli istiqrazlara, ölkə ərazisində yaradılmış digər müəssisələrin nizamnamə fondlarına, müəssisənin xaricdəki kapitalına və sair uzunmüddətli maliyyə qoyuluşları;

d) müəssisə balansının aktivindəki «Əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər» bölməsinin digər maddələri.

8. Ehtiyatlar və məsrəflər-istehsal ehtiyatları (xammal, yanacaq, ehtiyat hissələri, yarımfabrikat və komplektləşdirici məmulatlar, əsas və köməkçi materiallar, taralar və material ehtiyatları), az qiymətli və tez köhnələn əşyalar, bitməmiş istehsal, gələcək dövrün xərcləri, hazır məhsul, mallar və müəssisə balansının aktivindəki «Ehtiyatlar və məsrəflər» bölməsinin digər maddələrindən ibarətdir.

9. Pul vəsaitləri, hesablaşmalar və sair aktivlərə müəssisənin banklardakı hesablarında və kassasında olan pul vəsaitləri, yüklənmiş malların dəyəri, debitorlarla hesablaşmaları, qısamüddətli maliyyə qoyuluşları (bir ildən çox olmayan) və balansın aktivindəki «Pul vəsaitləri, hesablaşmalar və sair aktivlər» bölməsində əks etdirilən dövriyyə aktivlərindən ibarətdir.

10.Qiymətləndirilən əmlakın tərkibinə müəssisənin mühasibat uçotunda müxtəlif səbəblərdən əks etdirilməyən əmlak, müvəqqəti olaraq təmirdə və ehtiyatda olan əmlak, icarədə və ya müddətli istifadədə olan əmlak da daxil edilir.

11. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektinin) yerləşdiyi torpaq sahəsi bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilən əmlakın tərkibinə daxil edilmir və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən müəyyən edilmiş qaydada ayrıca özəlləşdirilir. Özəlləşdirilən torpaq sahəsinin qiymətləndirilməsi müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

12. Dövlət müəssisəsinin əmlakının icarəyə verilməsi yolu ilə yaradılmış icarə müəssisələrinin və icarəyə verilmiş əmlakın özəlləşdirilməsi zamanı qiymətləndirmə bu Əsasnaməyə uyğun olaraq aparılır.

Icarəçinin öz gəliri hesabına əldə etdiyi əmlakın tərkibi müvafiq sənədlər əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilir.

13. Müəssisənin balans öhdəliklərinə borc vəsaitləri və kreditlər, kreditorlarla hesablaşmalar, alıcı və sifarişçilərdən alınmış avanslar və sair cəlb edilmiş vəsaitlər daxildir.

Əmlakın tərkibindən çıxarılan balans passivlərinə qarşıdakı xərclər və ödəmələr üzrə ehtiyatlar, gələcək dövrün gəlirləri, şübhəli borclar üzrə ehtiyatlar və sair qısamüddətli passivlər də aiddir.

14. Özəlləşdirilən dövlət müəssisəsinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən əmlakın tərkibindən bu Əsasnamənin 13-cü bəndində göstərilən passiv maddələr ilə yanaşı, qüvvədə olan qanunvericiliyə əsasən, özəlləşdirilməsi qadağan olunmuş əmlakın, dövlət mülkiyyətində saxlanılan, habelə yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının və müvafiq təşkilatların balansına verilən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin, habelə müəssisənin əmlak kompleksinin tərkibindən çıxarılaraq ayrıca özəlləşdirilən əmlakın dəyəri də çıxılır.

15. Özəlləşdirmə prosesində dövlət müəssisələrinin əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbərliyinin iştirakı ilə özəlləşdirmə komissiyası (kiçik müəssisələr istisna olmaqla) tərəfindən müəssisənin əmlakın ıninventarlaşdırılması əsasında həyata keçirilir.

Özəlləşdirmə prosesində kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmlakının bu Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsi müəssisə rəhbəri və mühasib tərəfindən müəssisənin (obyektin) əmlakının inventarlaşdırılması əsasında həyata keçirilir. Kiçik dövlət müəssisələri (obyektləri) özəlləşdirilərkən bu Əsasnamə ilə özəlləşdirmə komissiyasının hüquqlarına aid edilən digər hüquqlarda göstərilən qaydada həyata keçirilir.

16. Əsas vəsaitlər qalıq dəyəri və ya bazar dəyəri ilə qiymətləndirilir. Əsas vəsaitin qalıq dəyəri onun balans dəyərindən (yenidən qiymətləndirmə nəzərə alınmaqla) əsas vəsaitlərin amortizasiya normaları əsasında qiymətləndirmə dövrünə hesablanmış köhnəlmə məbləği çıxılmaqla müəyyən edilir.

Bu qayda ilə hesablanmış qalıq dəyəri özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirmə dövründə eyni və ya analoji əsas vəsaitlərin bazar qiymətləri ilə müqayisə edilir. Əsas vəsaitlərin mühasibat uçotu məlumatları əsasında müəyyən edilmiş qalıq dəyəri bazar qiymətlərinə uyğun gəlmədikdə (aşağı və ya yuxarı olduqda) müəssisəni özəlləşdirmə komissiyası qiymətləndirmə və mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təkrar qiymətləndirmə aparır və əsas vəsaitin bazar dəyərini müəyyən edir.

Əsas vəsaitin bazar dəyərini müəyyən etmək məqsədilə aparılan təkrar qiymətləndirmə müəssisə rəhbərinin və ya özəlləşdirmə komissiyasının təşəbbüsü ilə bu sahədə xüsusi razılığa (lisenziyaya) malik olan hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) tərəfindən həyata keçirilə bilər. Bu məqsədlə müəssisə ilə qiymətləndirici arasında «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müqavilə bağlanılır. Qiymətləndiricilər (hüquqi və fiziki şəxslər) dövlət müəssisəsinin əmlakının düzgün qiymətləndirilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

17. Əsas vəsaitlərin bazar dəyəri ilə qiymətləndirilməsinə dair tərtib edilmiş aktlar, qiymətləndiricilərin xüsusi rəyi (hesabatı) əlavə edilməklə, özəlləşdirmə komissiyası tərəfindən Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilir.

Qiymətləndirmə aktları müəyyən olunmuş qaydada təsdiq edildikdən sonra qiymətləndirmənin nəticələri müəssisənin mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə olunur.

18. Əsas vəsaitlərin balans dəyəri inventarlaşdırmanın nəticələri nəzərə alınmaqla mühasibat uçotu məlumatları (uçot kitabları, inventar kartları və s.) əsasında müəyyən edilir.

Inventarlaşdırma nəticəsində qalıq kimi aşkar edilmiş, lakin mühasibat uçotunda əks etdirilməyən əsas vəsaitlərin balans dəyəri onların hazırlanmasına, quraşdırılmasına və əldə edilməsinə çəkilən xərclər əsasında müəyyən edilir.

Bu zaman qüvvədə olan tikinti-smeta normativləri, tikinti materiallarının bazar qiymətləri, müvafiq xidmətlərin tarifləri və həmin xərclərin bazar dəyərinin müəyyən edilməsinə  imkan verən qiymət, tarif və digər amillər nəzərə alınır.

Müəssisənin balansında əks etdirilməyən bina, qurğu, maşın, avadanlıq və digər növ əsas vəsaitlərin hazırlanmasına və əldə edilməsinə çəkilən xərclər haqqında mühasibat uçotunda müvafiq məlumatlar olmadıqda, onların dəyəri özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirmə dövrünə olan bazar qiymətləri ilə müəyyən edilir.

19. Normativ istismar müddəti bitmiş, lakin istifadəyə yararlı olan əsas vəsaitlərin və ya onların ayrı-ayrı hissələrinin (detallarının, qovşaqlarının və s.) gələcəkdə istifadə olunmaq dərəcəsi nəzərə alınmaqla qalıq bərpa dəyəri müəyyən edilir. Istifadəyə yararlı olan əsas vəsaitlərin qalıq bərpa dəyəri fiziki aşınma vəziyyəti nəzərə alınmaqla müəssisənin özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilir.

20. Başa çatdırılmamış tikinti obyektlərinin və quraşdırılmamış avadanlıqların özəlləşdirmə dövründə dəyəri bu Əsasnamənin 16-ci bəndində nəzərdə tutulmuş qaydada müəyyən edilir. Özəlləşdirilməsi nəzərdə tutulan, tikintisi başa çatdırılmamış perspektivsiz obyektlər özəlləşdirmə komissiyası və ya qiymətləndirici tərəfindən onların tikintisinə sərf olunmuş yararlı tikinti materiallarının (konstruksiyalarının) bazar dəyəri nəzərə alınmaqla qiymətləndirilir. Bu zaman obyektin perspektivsizlik göstəricilərinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara uyğun aparılır.

21. Az qiymətli və tez köhnələn əşyaların dəyəri onların balans dəyərindən hesablanmış köhnəlmə çıxılmaqla müəyyən edilir.

22. Uzunmüddətli maliyyə qoyuluşları balans dəyəri üzrə qiymətləndirilir.

23. Qeyri-maddi aktivlər onların balans dəyərindən köhnəlmə məbləği çıxılmaqla qiymətləndirilir.

24. Ehtiyatlar və məsrəflər mövcud vəziyyətə olan balans dəyəri ilə qiymətləndirilir.

25. Pul vəsaitləri, hesablaşmalar və sair dövriyyə aktivləri balans dəyəri ilə qiymətləndirilir.

26. Müəssisənin valyuta hesablarında olan pul vəsaitləri, valyuta ilə ödənilməsinəzərdə tutulan debitor borcları qiymətləndirmə tarixinə manatın Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məzənnəsi əsasında qiymətləndirilir.

27. Bu Əsasnaməyə uyğun olaraq müəssisənin hesablanmış ilkin qiymətinə tətbiq edilən əmsallar (bazar konyunkturu nəzərə alınmaqla) Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

28. Özəlləşdirilən müəssisələr (obyektlər) bina və tikililərin bir hissəsində yerləşdikdə və mühasibat uçotunda həmin sahələrin balans dəyəri haqqında məlumatlar olmadıqda, onlara aid edilən sahələr (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələr) aşağıdakı qaydada qiymətləndirilir:

Bq = Qd x Yə

Burada

Bq-bina və tikilinin bir hissəsində yerləşən sahənin start (satış) qiyməti;

Qd-bina və tikilinin bir hissəsində yerləşən sahənin qalıq dəyəridir;

-bina və tikilinin bir hissəsində olan müəssisənin (obyektin) yerləşmə əmsalıdır.

Yaşayış binalarında və inzibati təyinatlı binalarda yerləşən qeyri-yaşayış sahəsinin qalıq dəyəri (Qd) aşağıdakı düsturla müəyyən edilir:

Qd = K x Sü x Bə x Hə x Mə x Aə

Burada

 

K-1 m2 sahənin özəlləşdirmə zamanı qəbul edilən normativ dəyəridir;

-müəssisə və obyektin yerləşdiyi ümumi sahədir və obyektin müəyyən olunmuş qaydada tərtib edilmiş texniki pasportunun göstəriciləri əsasında müəyyən edilir.

-bina əmsalıdır;

-hündürlük əmsalıdır;

-mərtəbəlilik əmsalıdır;

-bina və tikilinin köhnəlmə əmsalıdır.

Bina və tikilinin bir hissəsində yerləşən sahənin start (satış) qiymətinə tətbiq edilən əmsallar (bazar konyunkturu nəzərə alınmaqla) Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

29. Bina və tikililərin bir hissəsində yerləşən dövlət müəssisə və obyektlərinin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı müəyyən edilərkən onlara aid olan sahələrin (qeyri-yaşayış, istehsal və digər təyinatlı sahələrin) bu Əsasnamənin 28-ci bəndinə uyğun olaraq hesablanmış qalıq dəyəri qiymətləndirilən əsas vəsaitlərin ümumi dəyərinə daxil edilir.

30. Müəssisənin özəlləşdirmə komissiyası tərəfindən əsas vəsaitlərin, mal material qiymətlilərinin, başa çatdırılmamış tikililərin, quraşdırılmamış avadanlıqların, uzunmüddətli maliyyə qoyuluşlarının, qeyri-maddi aktivlərin, ehtiyat və məsrəflərin, xarici valyutada pul vəsaitlərinin (debitor borclarının) qiymətləndirilməsi aktları Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinin müəyyən etdiyi formalarda tərtib olunur.

31. Özəlləşdirilən dövlət müəssisəsinin özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi aktları müəyyən edilmiş qaydada ekspertiza edildikdən sonra Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunur. Dövlət müəssisəsinin rəhbəri, baş mühasibi və özəlləşdirmə komissiyasının üzvləri Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə təqdim edilən əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi aktlarının, habelə digər özəlləşdirmə sənədlərinin dürüstlüyü üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.

32. Müəssisənin özəlləşdirmə sənədlərinə (özəlləşdirmə planına) qanunvericiliklə özəlləşdirilməsi qadağan olunmuş obyektlərin, müəssisənin balansında olan və özəlləşdirmədən sonra dövlət mülkiyyətində saxlanılan, habelə yerli özünüidarəetmə (bələdiyyə) orqanlarının və müvafiq təşkilatların balansına verilən sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin, habelə müəssisənin əmlak kompleksinin tərkibindən çıxarılaraq ayrıca özəlləşdirilən obyektlərin siyahısı əlavə edilir.

33. Dövlət müəssisəsinin (obyektinin) əmlakının qiymətləndirilməsi aktları təsdiq etildiyi gündən onun özəlləşdirilməsi barədə alqı-satqı müqaviləsi bağlananadək və ya səhmlərin nəzarət zərfi satılanadək əsas vəsaitlərin silinməsi və özgəninkiləşdirilməsi yalnız mövcud qanunvericiliyə uyğun həyata keçirilə bilər.

34. Müəssisə rəhbərliyi əmlakın (səhmlərin və ya hissələrin) satışa çıxarıldığı tarixə müəssisənin start (satış) qiyməti və ya səhmdar cəmiyyətinin nizamnamə kapitalı hesablanarkən qiymətləndirmə aktlarında göstərilmiş əmlakın tərkibində (dəyərində) baş vermiş dəyişikliklər barədə Dövlət Əmlakının Idarə Edilməsi üzrə Dövlət Komitəsinə zəruri məlumatları təqdim etməlidir.

35. Bu Əsasnamənin tələblərinə riayət edilməsi Azərbaycan Respublikası ərazisində yerləşən bütün dövlət müəssisələri üçün məcburidir və həmin tələblərin pozulması özəlləşdirilən əmlakın qiymətləndirilməsinin etibarsız hesab edilməsi üçün əsasdır.

 

Azərbaycan Respublikası Prezidentinin

2000-ci il 23dekabr tarixli,

432 nömrəli Fərmanı ilə təsdiq edilmişdir