Əlavə IV

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 6 iyun tarixli Fərman

 ilə təsdiq edilmişdir

 

 

SƏHMDAR CƏMİYYƏTLƏRİNDƏ DÖVLƏTƏ MƏXSUS SƏHMLƏRİN

İDARƏETMƏYƏ VERİLMƏSİ

 

Q A Y D A L A R I

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na, «Azərbaycan Respublikasında dövlət müəssisələrinin idarə olunmasının və dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 453 nömrəli Fərmanına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin müqavilə əsasında idarəetməyə verilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara uyğun olaraq idarəetmə – səhmdar cəmiyyətlərinin dövlət mülkiyyətində olan səhmlərinin daha səmərəli idarə olunması, müəssisənin investorlar üçün cəlbediciliyinin artırılması, səhmlər üzrə dövlət büdcəsinə daha çox dividendlərin daxil olması və müasir korporativ idarəetmə üsullarının tətbiqi məqsədilə səhmlərin müəyyən müddətə dövlətin iqtisadi maraqlarına müvafiq şəkildə müsabiqə əsasında seçilmiş hüquqi və fiziki şəxslər tərəfindən idarə edilməsi üzrə fəaliyyətdir.

1.3. Səhmdar cəmiyyətlərinin ilkin dövrdə dövlətin mülkiyyətində saxlanılan səhmlərinin 100 faizi, səhmlərin nəzarət zərfi (51 faiz) və ya məhdudlaşdırıcı hissəsi (25,5 faiz), habelə özəlləşdirilməsi tam başa çatmamış səhmdar cəmiyyətlərin satılmayan səhmləri bu Qaydalara müvafiq olaraq idarəetməyə verilə bilər.

1.4. Səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhmlərinin idarəetməyə verilməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi uzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

1.5. Səhmləri idarəedən qismində Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Qaydalara uyğun olaraq səhmləri müqavilə əsasında idarəetməyə götürmək niyyətində olan və idarəetməyə verənin irəli sürdüyü şərtlərə uyğun olaraq fəaliyyət proqramı (biznes-plan) təqdim edən  hüquqi və fiziki şəxslər çıxış edə bilər.

1.6. Səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhmləri bütövlükdə və ya onların bir hissəsi idarəetməyə verilə bilər. Bir səhmdar cəmiyyətinin ayrı-ayrı səhm zərfləri (hissələri) bir neçə şəxsə idarəetməyə verilə bilər.

1.7. İdarəetməyə verən səhmlərin idarəetməyə verilməsi ilə əlaqədar maliyyə məsləhətçilərini cəlb edə bilər.

 

2. Səhmlərin idarəetməyə verilməsi haqqında qərar qəbul edilməsi

 

2.1. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»”nın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən müəssisələrin çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyətlərinin, o cümlədən ilkin dövrdə səhmlərinin 100 faizi, səhmlərin nəzarət zərfi (51 faiz) və ya məhdudlaşdırıcı hissəsi (25,5 faiz) dövlətin mülkiyyətində saxlanılan səhmdar cəmiyyətlərinin səhmlərinin idarəetməyə verilməsi barədə qərarlar müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin təqdimatı əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir.

2.2. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış səhmdar cəmiyyətlərinin özəlləşdirmə planında (emissiya prospektində) satışı nəzərdə tutulmuş, lakin özəlləşdirilməyə çıxarıldıqdan sonra azı 1(bir) il müddətində satılmamış səhmlərin idarəetməyə verilməsi barədə qərarlar, iqtisadi cəhətdən məqsədəuyğunluğu nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilir.

2.3. Səhmdar cəmiyyətlərində səhmlər üzrə dövlət büdcəsinə daxil olan dividendlərin həcminin az olması, səhmlərin özəlləşdirməyə çıxarıldıqdan sonra azı 1 (bir) il müddətində satılmaması, səhmdar cəmiyyətinin maliyyə vəziyyətinin pisləşməsi, istehsal (xidmət) prosesində kəmiyyət və keyfiyyət göstəricilərinin aşağı düşməsi, korporativ idarəetmənin təşkili və həyata keçirilməsində problemlərin mövcudluğu, sahibkarların təşəbbüsü və qanunvericiliklə nəzərdə tutulmuş digər hallar səhmlərin idarəetməyə verilməsi haqqında qərarların qəbulu üçün əsas ola bilər. 

 

3. Səhmlərin idarəetməyə verilməsinin məqsəd və şərtləri

 

3.1. Səhmlərin idarəetməyə verilməsi aşağıdakı məqsədlərlə həyata keçirilə bilər:

səhmdar cəmiyyətinin fəaliyyətinin sağlamlaşdırılması;

səhmdar cəmiyyətinin özəlləşdirməyə hazırlanması;

səhmdar cəmiyyətinin menecmentinin yüksəldilməsi;

istehsal olunan məhsulların (göstərilən xidmətlərin) çeşidinin və rəqabət qabiliyyətinin artırılması;

səhmdar cəmiyyətinə investisiyaların cəlb edilməsi;

səhmdar cəmiyyətinin borclarının azaldılması;

ödəmə qabiliyyəti aşağı olan səhmdar cəmiyyətlərinin müflisləşməsinin qarşısının alınması;

dividendlər hesabına dövlət büdcəsinə gəlirlərin artırılması;

iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması;

əmək kollektivi üzvlərinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması;

ekoloji problemlərin həlli.

3.2. Səhmlərin idarəetməyə verilməsi aşağıdakı tələblərə riayət edilməklə həyata keçirilir:

idarəetməyə verilən səhmlər üzrə mülkiyyət hüququnun keçməməsi;

səhmlərin idarəedənə girov və digər yüklülüklərdən azad şəkildə verilməsi;

müqavilənin qüvvədə olduğu müddət ərzində idarəetməyə verən tərəfindən səhmlərin digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmasına və ya hər hansı şəkildə yüklülüyünə gətirib çıxaran əqdlərin bağlanmasına yol verilməməsi;

          müqavilənin qüvvədə olduğu müddətdə idarəedən tərəfindən bütün hüquq və vəzifələrin öz adından yerinə yetirildiyinə, lakin bunu idarəedən qismində çıxış edərək həyata keçirdiyinə istinad etməsi;

          fəaliyyət proqramının (biznes-planın) gerçəkləşdirilməsi məqsədilə idarəetməyə verənin qanunvericiliklə müəyyən edilmiş qaydada sağlamlaşdırma üçün nəzərdə tutulmuş vəsait və dividendlərdən, eləcə də digər qanuni mənbələr hesabına (kredit və qrantlar, məqsədli maliyyə yardımları, bank kreditləri və s.)  maliyyə dəstəyi göstərmək hüququnun olması.

3.3. Səhmlər idarəetməyə verildiyi müddətdə səhmdar cəmiyyətinin ümumi yığıncaqlarında və  digər idarəetmə orqanlarında aşağıdakı məsələlər üzrə yalnız idarəetməyə verənin yazılı rəyi əsasında idarəedən öz münasibətini bildirməlidir:

səhmdar cəmiyyətinin ləğvi və yenidən təşkili;

səhmdar cəmiyyətinin nizamnaməsinin və nizamnamə kapitalının dəyişdirilməsi;

törəmə təsərrüfat cəmiyyətlərinin yaradılması və səhmdar cəmiyyətinin digər hüquqi şəxslərin nizamnamə kapitalında iştirakı;

səhmlərin əlavə emissiyası və ya yerləşdirilmiş səhmlərin geri alınması;

qanunvericiliklə müəyyən olunan və müqavilə ilə nəzərdə tutulmuş digər məsələlər.

3.4. Digər məsələlərin müzakirəsi zamanı idarəedən iclaslarda rəy bildirilməkdə və səsvermədə sərbəstdir.

3.5. Müddətinə görə səhmlərin idarəetməyə verilməsi aşağıdakı üç formada həyata keçirilə bilər:

qısamüddətli – 5 ilədək;

ortamüddətli – 5 ildən 10 ilədək 

uzunmüddətli – 10 ildən çox.

Hər konkret hal üçün idarəetmənin hansı formasının tətbiq olunması səhmdar cəmiyyətinin mövcud durumu, idarəetməyə verilən səhmlərin nominal dəyəri, səhmlərə görə ödənilən dividendlərin məbləği, ehtimal olunan investisiyaların həcmi, investisiyaların özünüödəmə müddəti və digər amillər nəzərə alınmaqla, müsabiqə komissiyası tərəfindən müəyyən edilir. İdarəetmənin konkret müddəti isə potensial iddiaçıların təkliflərinə əsasən qarşılıqlı razılaşma yolu ilə idarəetməyə verənlə idarəedən arasında imzalanan müqavilədə öz əksini tapır.

3.6. Səhmlərin idarəetməyə verilməsi zamanı digər məqsədlərlə yanaşı, prioritet məqsəd kimi menecmentin yaxşılaşdırılması qarşıya qoyulduqda, səhmlər qısamüddətli idarəetməyə, səhmdar cəmiyyətinə investisiyaların cəlb edilməsi qarşıya qoyulduqda isə, səhmlər orta və uzunmüddətli idarəetməyə verilir.

3.7. Müqavilədə digər hal nəzərdə tutulmadıqda, idarəetməyə verilmiş səhmlərə görə əldə edilmiş mənfəət (idarəedənin mükafatı çıxılmaqla) dövlət büdcəsinə köçürülür.

3.8. İdarəetmə ilə əlaqədar idarəedənin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi uzrə Dövlət Komitəsinə təqdim etməli olduğu hesabatlara dair tələblər müqavilə ilə müəyyən edilir.

3.9. İdarəedənin mükafatının məbləği və ödənilməsi qaydası müqavilədə öz əksini tapır. Müqavilənin şərtlərindən asılı olaraq, idarəedənin mükafatı dövlət əmlakının özəlləşdirilməsindən  dövlət büdcəsinə daxil olan vəsaitlərdən qanunvericiliklə müəyyən edilmiş ayırmaların sağlamlaşdırma tədbirləri üçün qanunvericiliklə müəyyən edilmiş qaydada nəzərdə tutulan hissəsi hesabına və ya dövlətə çatan dividendlərin müqavilə ilə müəyyən olunan (50 faizdən çox olmayan) hissəsinin idarəetməyə verənin sərəncamında qalması yolu ilə ödənilir.

3.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və müqavilədə nəzərdə tutulmuş qaydada idarəetməyə verənin və ya idarəedənin təşəbbüsü ilə idarəetmə müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər. Bu zaman yarana biləcək mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həll edilir.

  

4. Səhmlərin idarəetməyə verilməsi ilə bağlı müsabiqənin təşkili

 

4.1. Səhmlərin idarəetməyə verilməsi idarəetməyə verən tərəfindən açıq müsabiqə əsasında həyata keçirilir.  

4.2. Müsabiqənin keçirilməsi məqsədilə idarəetməyə verən tərəfindən üzvlərinin sayı 7 (yeddi) nəfərdən ibarət müsabiqə komissiyası (bundan sonra -komissiya) yaradılır. Komissiyanın tərkibinə hər birindən 1 (bir) nəfər olmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin və aidiyyəti icra hakimiyyəti orqanının nümayəndələri daxil edilir. Qalan üzvlər idarəetməyə verən tərəfindən müəyyən edilir və komissiyanın sədri idarəetməyə verən tərəfindən, onu komissiyada təmsil edən üzvlərdən təyin olunur.

Göstərilən orqanlar Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müraciəti əsasında öz nümayəndələrini müsabiqə komissiyasının tərkibinə daxil etmək üçün təqdim edirlər.

4.3. Müsabiqənin keçirilməsi ilə əlaqədar idarəetməyə verən:

iddiaçılardan müsabiqədə iştirak etmək üçün ərizə və bu Qaydalarda göstərilən sənədləri qəbul edir, hər bir ərizəyə nömrə, verilmə tarixi və vaxtını qoymaqla (gün, ay, il, saat), müvafiq kitabda onların qeydiyyatını aparır;

iddiaçılardan daxil olmuş ərizələri və onlara əlavə edilmiş sənədləri ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra komissiyaya təqdim edir;

müsabiqənin nəticələri haqqında komissiyanın protokolunu təsdiq edir;

müsabiqənin nəticələri haqqında məlumatı kütləvi informasiya vasitələrində dərc etdirir;

müsabiqənin qalibi ilə idarəetməyə dair müqavilə bağlayır;

müsabiqənin qalibi tərəfindən idarəetmə müqaviləsinin şərtlərinə riayət edilməsinə nəzarəti həyata keçirir.

4.4. Müsabiqənin keçirilməsinə dair məlumat müsabiqənin keçirilməsi qünündən azı 30 (otuz) gün əvvəl kütləvi informasiya vasitələrində dərc edilir.

4.5. Məlumat aşağıdakıları əhatə etməlidir:

səhmləri idarəetməyə verilən səhmdar cəmiyyətinin adı, hüquqi ünvanı və ya yerləşdiyi ünvan;

müsabiqənin vaxtı, yeri və forması, predmeti və keçirilmə qaydası;

səhmlərin növü, nominalı, ümumi dəyər;

müsabiqə iştirakçıları qarşısında irəli sürülən şərtlər;

iddiaçılardan ərizə və sifarişlərin qəbulunun başlanması və qurtarması müddəti (gün və saat), qəbul yerinin ünvanı;

iddiaçılar tərəfindən müsabiqədə iştirak üçün tələb olunan sənədlərin siyahısı və onların tərtibatı üçün müəyyən edilmiş tələblər;

komissiya tərəfindən müsabiqə qalibinin müəyyən edilməsi tarixi, vaxtı, ünvanı;

müsabiqənin qalibi ilə müqavilənin bağlanılması müddəti.

4.6. Komissiya aşağıdakı tədbirləri həyata keçirir:

idarəetmə barədə qəbul edilmiş qərara uyğun olaraq müsabiqənin şərtlər toplusunu hazırlayıb təsdiq edir;

iddiaçılardan qəbul edilmiş ərizələri və onlara əlavə olunmuş sənədləri araşdırır və onların qanunvericiliyə uyğun olmasını müəyyən edir;

iddiaçıların müsabiqədə iştirak etməsi və ya müsabiqəyə buraxılmaması barədə qərar qəbul edir və bu barədə iddiaçılara bildiriş göndərir;

müsabiqə iştirakçılarının təkliflərini təhlil edir və müsabiqənin qalibini müəyyən edir;

zəruri hallarda ekspertlər cəlb edir.

4.7. Komissiyanın iclasında üzvlərinin azı 2/3 hissəsi iştirak etdikdə, komissiya səlahiyyətli hesab olunur.

4.8. Komissiyanın qərarları iclasda iştirak edən üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Komissiyanın hər bir üzvü bir səsə malikdir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur.

4.9. Müsabiqə qalibini müəyyən etmək üçün komissiya tərəfindən qiymətləndirmə meyarları və müvafiq bal sistemi hazırlanır.

4.10. İdarəetməyə verilən səhmlərin həcmi səhmdar cəmiyyətinin səhmlərinin ümumi sayının 51 faizindən çox olduqda, komissiyanın qərarı ilə iddiaçılar qarşısında birbaşa investisiya qoyuluşuna dair tələb irəli sürülə bilər. 

Komissiya tərəfindən belə tələb qoyulmadıqda, iddiaçı öz təşəbbüsü ilə səhmdar cəmiyyətinə investisiya qoyuluşuna dair təklif irəli sürə bilər və bu zaman investisiyaların qaytarılması mexanizmi və yeni yaradılmış aktivlərin mənsubluğu müqavilə ilə razılaşdırılır.

4.11. Meyarlar hazırlanarkən komissiya aşağıdakıları mütləq nəzərə almalı və müsabiqə zamanı qiymətləndirməlidir:

iddiaçının təqdim etdiyi fəaliyyət proqramı;

dividendin minimal və maksimal məbləği;

idarəetməyə götürənin mükafatının minimal və maksimal hədləri;

iddiaçının mövcud fəaliyyəti və peşəkarlığı;

qoyulacaq investisiyaların həcmi (nəzərdə tutulduqda).

 

5. Müsabiqənin keçirilməsi

 

5.1. Qanunvericiliyə əsasən müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş qaydada müvafiq sənədləri təqdim edən, nizamnamə kapitalında dövlətin payı 20%-dən çox olmayan hüquqi şəxslər və fiziki şəxslər iştirak edə bilərlər.

5.2. Müsabiqədə iştirak etmək üçün iddiaçılar müsabiqə komissiyası tərəfindən müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

            idarəetməyə verən tərəfindən müəyyən edilmiş formada ərizə (açıq zərfdə);

hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarius tərəfindən təsdiq edilmiş surəti, fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti (açıq zərfdə);

zəruri hallarda komissiya tərəfindən müəyyən edilmiş formada zəmanət məktubu (qapalı zərfdə);

səhmlərin idarə edilməsi ilə bağlı fəaliyyət proqramı (qapalı zərfdə);

            idarəetmə ilə bağlı illik mükafatın məbləğinə dair yazılı təkliflər (qapalı zərfdə).

            Açıq zərflərdə təqdim olunmalı sənədlərin nümunəvi formaları idarəetməyə verən tərəfindən təsdiq olunur.

            Zəmanət məktubu banklardan və nüfuzlu və yüksək reytinqə malik olan müəssisələrdən alına bilər.

5.3. İddiaçılar aşağıdakı hallarda müsabiqəyə buraxılmırlar:

iddiaçı qanunvericiliyə müvafiq olaraq iştirakçı kimi tanınmadıqda;

iddiaçının nümayəndəsinin səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmadıqda;

müsabiqədə iştirak üçün ərizə və digər sənədlər məlumatda göstərilən müddət bitdikdən sonra verildikdə;

formal tələblərdan sui-istifadə halları istisna olmaqla, müəyyən edilmiş sənədlər tam həcmdə və ya lazımi qaydada tərtib edilmədikdə;

müqavilədə nəzərdə tutulan öhdəliklərin təminatı kimi, komissiyanın müəyyən etdiyi müvafiq zəmanət təqdim olunmadıqda.

5.4. İddiaçı idarəetməyə verənə yazılı bildiriş verməklə, ərizələrin qəbul müddəti bitənədək ərizəsini geri götürə bilər. Bu halda, ərizənin geri götürülməsi idarəetməyə verən tərəfindən qeydə alınmalıdır.

5.5. İdarəetməyə verən komissiyanın iclasında baxılanadək iddiaçılar tərəfindən təqdim olunmuş ərizə və təkliflərin məxfiliyini təmin edir.

5.6. Komissiya tərəfindən ərizələrin qəbulu protokolu imzalandığı andan iddiaçı müsabiqənin iştirakçısı hesab olunur.

5.7. Komissiya tərəfindən müsabiqədə iştiraka buraxılmamış iddiaçılara ərizələrin qəbulu haqqında protokol imzalandığı gündən ən geci 3 (üç) gün müddətində iştirakının rədd edilməsi səbəbləri göstərilməklə, müvafiq bildiriş göndərilir.

5.8. Müsabiqə aşağıdakı hallarda baş tutmamış hesab edilir:

müsabiqədə iştirak etmək üçün ərizə verilmədikdə;

iddiaçıların heç biri iştirakçı kimi tanınmadıqda;

iddiaçı bir şəxs (hüquqi və ya fiziki şəxs) olduqda;

qalib müəyyən edilmədikdə;

müsabiqənin qalibi bu Qaydalarla müəyyən edilmiş müddətdə idarəetmə müqaviləsini imzalamadıqda.

5.9. Müsabiqə aşağıdakı qaydada və ardıcıllıqla keçirilir:

müsabiqə iştirakçıları tərəfindən təqdim edilən qapalı zərflər açılmamışdan əvvəl komissiya onların bütövlüyünü yoxlayır və bu barədə müsabiqənin nəticələri haqqında protokolda qeyd edilir;

müəyyən edilmiş gün və vaxtda komissiya daxil olmuş sifarişlərdən ibarət zərfləri onların idarəetməyə verənə təqdim olunması ardıcıllığı ilə açır;

komissiya müsabiqə iştirakçılarının təkliflərinə qəbul edilmiş təcrübəyə və işgüzar adətlərə istinad etməklə, müsabiqənin müəyyən edilmiş şərtlərini və qalibi müəyyən etmək meyarlarını rəhbər tutaraq baxır.

5.10. Müsabiqənin iştirakçıları tərəfindən Azərbaycan dilində təqdim edilmiş təkliflər iştirakçıların özləri və ya onların nümayəndələri tərəfindən imzalanmalı, təkliflərdə göstərilmiş məbləğlər rəqəm və sözlə göstərilməlidir. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, komissiya sözlə ifadə olunmuş yazı variantını əsas götürür.

5.11. Müsabiqənin nəticələri haqqında komissiyanın protokolu 3 (üç) nüsxədə tərtib olunur, komissiyanın sədri, komissiyanın iclasında iştirak edən üzvləri və müsabiqənin qalibi tərəfindən imzalanır və həmin gün təsdiq olunmaq üçün idarəetməyə verənə təqdim edilir.

5.12. Protokol idarəetməyə verən tərəfindən 5 (beş) gün müddətində təsdiq edilir. İdarəetməyə verən tərəfindən təsdiq olunduğu gündən protokol qalibin idarəetmə müqaviləsi bağlamaq hüququnu təsdiq edən sənəd hesab edilir.

5.13. Müsabiqənin qalibi müsabiqənin nəticələri haqqında protokol idarəetməyə verən tərəfindən təsdiq edildiyi gündən 30 (otuz) gün müddətində idarəetmə müqaviləsini imzalamalıdır. Həmin müddət ərzində müsabiqənin qalibi müqaviləni imzalamaqdan imtina edərsə və ya müəyyən edilmiş müvafiq şərtləri yerinə yetirməzsə, müsabiqənin nəticələri ləğv edilir.

 

 

6. Müqavilənin rəsmiləşdirilməsi və icrasına nəzarət

 

6.1. Digər hal müəyyən edilmədikdə, Azərbaycan Respublikası Prezidentinin qərarı ilə idarəetməyə verilən səhmlərlə bağlı müqavilələr idarəetməyə verən tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir.

İdaretməyə verənin qərarı ilə idarəetməyə verilən səhmlərlə bağlı müqavilələr idarəetməyə verən tərəfindən imzalanır və həmin gündən qüvvəyə minir.

6.2. İdarəetmə prosesində şəffaflığın təmin edilməsi məqsədilə idarəedən qanunvericilikdə, habelə müqavilədə nəzərdə tutulan məlumatları müəyyən edilmiş müddətdə və qaydada kütləvi informasiya vasitələrində dərc etdirməlidir.

6.3. Müqavilədə aşağıdakı müddəalar əks etdirilməlidir:

səhmlərin idarəetməyə verilməsi qaydası və müddəti;

tərəflərin öhdəlikləri və məsuliyyəti;

müqavilə öhdəliklərinin yaranması və başaçatma müddəti;

idarəedən tərəfindən təklif olunan fəaliyyət proqramının icrası mexanizmi;

idarəedən tərəfindən idarəetməyə verənə təqdim olunmalı hesabatların təqdim edilmə qaydası və müddətləri;

müqavilənin vaxtında və vaxtından əvvəl ləğv edilməsi nəticəsində qarşılıqlı hesablaşmaların aparılması şərtləri;

müqavilənin müddətinin uzadılması qaydası;

səhmləri idarəetməyə verilmiş səhmdar cəmiyyətinin ümumi yığıncaqlarının və idarəetmə orqanlarının iclaslarının keçirilməsi qaydası;

idarəetmə müddətində səhmlərin özəlləşdirilməsi haqqında qərar qəbul edildikdə, idarəedənlə idarəetməyə verənin münasibətlərinin tənzimlənməsi qaydası;

digər məsələlər.

6.4. İdarəetməyə verən müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət edir və bununla bağlı idarəedəndən hesabatlar tələb etmək, monitorinq keçirmək və sənədli təftiş aparmaq hüquqlarına malikdir. Zərurətdən asılı olaraq, idarəetməyə verən bu məqsədlə müstəqil auditor və ekspertlər cəlb edə bilər. 

6.5. İdarəedən rübdə 1 (bir) dəfə və hər ilin sonunda səhmlərin idarə olunmasına dair idarəetməyə verənin müəyyən etdiyi formada idarəetməyə verənə hesabat təqdim etməlidir. Hesabatın forması, təqdim edilməli məlumat və sənədlər, habelə hesabatların ümumi dövriliyi müqavilədə nəzərdə tutulur.

6.6. İdarəedən tərəfindən müqavilə şərtlərinə əməl olunmaması və ya lazımınca icra edilməməsi müqavilənin müəyyən edilmiş qaydada ləğv edilməsi və vurulmuş zərərin, o cümlədən itirilmiş faydanın ödənilməsinin tələb edilməsi üçün əsasdır. Müqavilə şərtlərini pozduğu üçün idarəetməyə verənə dəyən zərərə görə idarəedən tam maddi məsuliyyət daşıyır.