Əlavə II

                                                         

Azərbaycan Respublikası Prezidentinin

 

2007-ci il 6 iyun tarixli Fərmanı

ilə təsdiq edilmişdir

 

ÖZƏLLƏŞDİRİLƏN VƏ İDARƏETMƏYƏ VERİLƏN MÜƏSSİSƏLƏRDƏ

İNVESTİSİYA QOYULUŞLARI ÜZƏRİNDƏ NƏZARƏTİN HƏYATA KEÇİRİLMƏSİ

 

Q A Y D A L A R I

 

 

1.      Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Torpaq Məcəlləsinə, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa, «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»na, «Azərbaycan Respublikasında dövlət müəssisələrinin idarə olunmasının və dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 avqust tarixli 453 nömrəli Fərmanına və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən və idarəetməyə verilən müəssisələrin yeni mülkiyyətçiləri (idarəetməyə götürən) tərəfindən bağlanmış müqavilələrdə nəzərdə tutulmuş öhdəlik və şərtlərin, o cümlədən investisiya qoyuluşu, sosial, iqtisadi və digər tələblərin yerinə yetirilməsi üzərində nəzarət mexanizmini müəyyən edir.

1.2. Bu Qaydaların 1.1-ci bəndində göstərilən nəzarəti təmin edən dövlət orqanının funksiyalarını Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (bundan sonra - dövlət orqanı) həyata keçirir.

 

2. Dövlət orqanı tərəfindən həyata keçirilən nəzarətin formaları

 2.1. Bu Qaydalara uyğun olaraq dövlət orqanı tərəfindən nəzarət aşağıdakı formalarda həyata keçirilir

2.1.1. dövlət müəssisələrinin özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair müqavilələrdə investisiya qoyuluşu, sosial, iqtisadi və digər tələblərin müəyyən edilməsi və onların yerinə yetirilməsinə dair hesabatların alınması;

2.1.2. dövlət müəssisələrinin qanunvericiliklə və müqavilələrlə müəyyən olunmuş qaydada özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması

2.1.3. dövlət müəssisələrinin, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrindən təyinatı üzrə istifadə olunması vəziyyətinin monitorinqinin aparılması, torpaq sahələrinin başqa fiziki və hüquqi şəxslərin icarəsinə və istifadəsinə verilməsinə, təyinatının dəyişdirilməsinə, həmin torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılmasına razılıq verilməsi;

2.1.4. Dövlət mülkiyyətində olan torpaqlarda, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması barədə şəhadətnamələrin verilməsi.

 

3. Dövlət müəssisələrinin özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair müqavilələrdə investisiya qoyuluşu, sosial, iqtisadi və digər tələblərin müəyyən edilməsi və onların yerinə yetirilməsinə dair hesabatların tələb edilməsi

3.1.      Dövlət müəssisələri fərdi layihələr üzrə və ya müsabiqə vasitəsilə özəlləşdirildikdə və idarəetməyə verildikdə, alqı-satqı və idarəetmə müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə dövlət orqanı tərəfindən alıcının (investorun) və idarəetməyə götürənin hesabatları tələb edilir.

3.1.1. Hesabat aşağıdakıları əhatə etməlidir:

investisiya proqramının mərhələlər üzrə yerinə yetirilməsinin vəziyyətini;

 hesabat dövründə hər bir texnoloji sahə üzrə həyata keçirilmiş mənbəyi göstərilməklə, faktiki investisiya və çəkilən bütün xərclərin təyinatı, vaxtı və məbləğini;

istehsal olunan məhsulun çeşidi və müəssisənin iştirakçısı olduğu bazarlarda struktur dəyişikliklərini;

müəssisənin rəqabət qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirləri;

istehsal prosesində yeni texnologiyalardan və ixtiralardan istifadəni;

təsdiq edilmiş iqtisadi və maliyyə göstəricilərinə nail olunmasını;

əməkhaqqı və ona bərabər tutulan borcların ödənilməsini vəziyyətini;

müəssisədə iş yerlərinin açılmasının vəziyyətini;

müəssisənin fəaliyyət rejimi və maliyyə vəziyyəti üçün təhlükə yarada bilən halları;

müəssisənin torpaq sahəsindən təyinatı üzrə istifadənin vəziyyətini;

ekoloji və sosial tələblərin yerinə yetirilməsinin vəziyyətini.

3.1.2. Hesabata hər bir istiqamət üzrə həyata keçirilmiş faktiki investisiya və çəkilən bütün xərcləri açıqlayan sənədlərin surəti və müəssisənin müstəqil auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları əlavə olunmalıdır.

3.1.3. Alqı-satqı və ya idarəetmə müqaviləsində müəyyən edilmiş qaydada müəssisənin fəaliyyətinin, müqavilədən irəli gələn öhdəliklərin və investisiya proqramının icrası vəziyyətinin araşdırılması məqsədilə dövlət orqanı tərəfindən auditor, mütəxəssis və müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri cəlb olunmaqla, monitorinq aparıla bilər.

3.1.4. Monitorinq zamanı, o cümlədən müəssisənin balansında olan daşınmaz əmlakın, torpaq sahələrinin öz təyinatına uyğun və səmərəli istifadəsi, əməyin mühafizəsi və ekoloji normaların tələblərinə riayət edilməsi araşdırıla bilər.

 3.2. Dövlət müəssisələri digər üsullarla özəlləşdirilərkən, qanunvericilikdə nəzərdə tutulmuş hallarda alqı-satqı müqaviləsində müəssisənin profilinin müəyyən müddətə saxlanılması, istifadəsində olan torpaq sahəsinin təyinatının dəyişdirilməməsi, ödənişlərin mərhələlər üzrə aparılması və sair bu kimi şərtlər nəzərdə tutulur.

3.3. Müqavilə öhdəliklərinə əməl edilməməsi qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətin yaranmasına və müqavilənin ləğvinə səbəb ola bilər.

 

4. Dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması

4.1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsi nəticəsində yaradılan və səhmləri özəlləşdirilmiş səhmdar cəmiyyətlərində aparılan monitorinqin məqsədi müəssisələrə perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində və investisiyaların cəlb edilməsində kömək göstərmək, müəssisələrin yeni sahibləri tərəfindən investisiya qoyuluşları üzərində dövlət nəzarətini təmin etməkdən, özəlləşdirilən müəssisə və obyektlərin yenidən təşkilinin və ləğvinin qanunvericiliyə uyğun olub-olmamasının təhlilindən ibarətdir.

4.2. Özəlləşdirmə prosesində yaradılan və səhmləri özəlləşdirilmiş səhmdar cəmiyyətlərinin fəaliyyət növü və istehsal etdiyi məhsul, nizamnamə kapitalı, səhmdarlarının say tərkibi və onların dislokasiyası üzrə qruplaşdırılaraq, dövlət orqanı tərəfindən aparılan müvafiq informasiya sisteminə daxil edilir.

4.3. Ölkə iqtisadiyyatının, habelə əmtəə bazarlarının ümumi inkişaf meyilləri nəzərə alınmaqla, müəssisələrin fəaliyyəti təhlil edilir.

4.4. Təhlilin nəticəsindən asılı olaraq, monitorinqin hansı məsələlər üzrə keçirilməsi müəyyən edilir.

4.5. Monitorinqin məqsədindən asılı olmayaraq aşağıdakı məsələlərin araşdırılması məcburidir:

müəssisəyə investisiya qoyuluşunun perspektivləri;

faktiki qoyulmuş investisiyaların və çəkilən bütün xərclərin təyinatı, vaxtı və məbləği;

istehsal olunan məhsulun çeşidi və müəssisənin iştirakçısı olduğu bazarlarda struktur dəyişiklikləri;

müəssisənin rəqabət qabiliyyətinin və istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlərin görülməsi;

istehsal prosesində yeni texnologiyalardan və ixtiralardan istifadə olunması;

müəssisənin fəaliyyət rejimi və maliyyə vəziyyəti üçün təhlükə yarada bilən halların mövcudluğu;

səhmdarların sayı və say tərkibində olan dəyişikliklər;

icarəsində olan torpaq sahələrinin təyinatı üzrə istifadəsi və icarə müqaviləsinin şərtlərinə əməl olunması.

4.6. Monitorinqin nəticələrinə görə müəssisənin inkişaf istiqamətlərinə dair tövsiyələr verilə bilər, müəssisənin fəaliyyətinin dəstəklənməsi və yeni investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər görülə bilər, kadrların peşə səviyyəsinin yüksəldilməsi və yeni kadrların hazırlanmasında köməklik edilə bilər.

4.7. Monitorinq zamanı qanun pozuntuları aşkar edildikdə, nəzarət orqanı tərəfindən aidiyyəti orqanlar qarşısında məsələlər qaldırılır.

 

5. Torpaq sahələrindən istifadənin vəziyyəti üzrə monitorinqin aparılması

5.1. Özəlləşdirilən müəssisələrin mülkiyyətçiləri tərəfindən investisiya qoyuluşunun obyekti və ya investisiyaların cəlb edilməsi üzrə vasitə kimi dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən öz təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə dövlət orqanı tərəfindən həmin torpaq sahələrinin monitorinqi aparılır.

5.2. Aparılan monitorinqlər aşağıdakı məsələləri əhatə etməlidir:

torpaq sahəsindən istifadənin hüquqi əsaslarının araşdırılması;

istifadədə olan torpaq sahəsinin hüdudları, təyinatı və dəyəri;

torpaq sahəsi üzərində olan məhdudiyyətlər və servitutların araşdırılması;

torpaq sahəsinin üzərində yerləşən daşınmaz əmlak və infrastruktur obyektlərinin vəziyyəti;

torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılma vəziyyəti;

torpaq sahələrinin başqa hüquqi və fiziki şəxslərə verilməsi, habelə əsassız istifadə hallarının araşdırılması;

torpağa investisiyaların qoyuluşu, habelə investisiyaların cəlb edilməsi məqsədi ilə torpağın təminat vasitəsi kimi istifadə olunması vəziyyətinin araşdırılması;

icarə müqaviləsinin şərtlərinə riayət edilməsi və icarə haqlarının (torpaq vergisinin) ödənilməsi vəziyyətinin araşdırılması.

5.3. Monitorinqin nəticələrinə görə torpaq sahəsindən səmərəli istifadə edilməsinə dair göstərişlər (tövsiyələr) verilə bilər, torpaq sahəsindən investisiyaların cəlb edilməsi məqsədilə istifadəsi ilə bağlı layihələrin, biznes-planların hazırlanmasında və həyata keçirilməsində köməklik göstərilə bilər, eyni zamanda, qanun pozuntuları müəyyən edildikdə, onların aradan qaldırılması tələb olunur, qısa müddət ərzində qanun pozuntuları aradan qaldırılmazsa, qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

5.4. Dövlət müəssisələrinin, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa fiziki və hüquqi şəxslərin icarəsinə və istifadəsinə verilməsinə, təyinatının dəyişdirilməsinə, həmin torpaq sahələrində tikinti və yenidənqurma işlərinin aparılmasına razılıq alınması üçün dövlət orqanına aşağıdakı sənədlər təqdim olunmalıdır:

torpaq sahəsindən imtinanın, onun təyinatının dəyişdirilməsinin, tikinti və yenidənqurma işlərinin aparılmasının zəruriliyini əsaslandırmaqla ərizə;

torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.);

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti.

5.5. Təqdim olunan sənədlərə dövlət orqanı tərəfindən 10 (on) gün müddətində baxılır, zəruri hallarda yerlərdə araşdırmalar aparılır, habelə müvafiq icra hakimiyyəti orqanlarına sorğular verilir.

5.6. Araşdırmaların nəticələrinə görə ərizəçilərə razılıq və ya imtina barədə rəsmi cavab verilir.

 

6. Mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması məqsədilə dövlət orqanı tərəfindən şəhadətnamələrin verilməsi

6.1. Mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə almaq üçün dövlət orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:

6.1.1. Dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş) müəssisə və obyektlərə dair:

ərizə;

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti;

torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.);

obyektin inşaat pasportu;

obyektin layihə sənədləri;

obyektin istismara qəbul aktı;

dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.

6.1.2. Dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlaka dair:

ərizə;

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti;

əmlakın dövlət müəssisəsinin balansında olduğunu təsdiq edən sənədlər;

əmlakın verilməsini əsaslandıran sənədlər (müvafiq razılıq, əmr, alqı-satqı müqaviləsi, qiymətləndirmə və təhvil-təslim aktları);

verilən əmlakın dəyərinin ödəniş sənədləri;

dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.

6.1.3. Özəlləşdirmə prosesində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakına dair:

ərizə;

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti;

əmlakın səhmdar cəmiyyətinə (müəssisəyə) məxsus olduğunu təsdiq edən sənədlər (emissiya prospektindən və əsas vəsaitlərin siyahısından çıxarış, mülkiyyət şəhadətnaməsi və s.);

əmlakın özgəninkiləşdirilməsinə icazə sənədi (ali idarəetmə orqanlarının qərarları);

səhmlərin və əmlakın yüklülüyünə dair arayış (reyestrdən çıxarış);

alqı-satqı müqaviləsi və ödəniş sənədləri;

dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.

           

6.1.4. Özəlləşdirilən əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakına dair:

ərizə;

fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti;

hüquqi şəxslər üçün təsis və dövlət qeydiyyatı sənədlərinin surəti;

dövlət orqanı tərəfindən tərtib edilmiş obyektin texniki pasportu.

ləğvetmə sənədləri (ləğvetmə qərarı, əmlakın təsisçilər (iştirakçılar) arasında bölüşdürülməsinə dair sənədlər, hüquqi şəxsin dövlət qeydiyyatının ləğv edilməsini təsdiq edən sənəd).

6.2. Təqdim olunan sənədlər nəzarət orqanı tərəfindən araşdırılaraq, 10 gün müddətində ərizəçilərə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilir və ya rəsmi cavabla şəhadətnamənin verilməsindən imtina edilir.

6.3. Dövlət orqanı tərəfindən verilən şəhadətnamələr qanunvericilikdə müəyyən olunmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində hüquqi və fiziki şəxslərin mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və dövlət qeydiyyatına alınması üçün əsasdır.