Hesabat

2015-ci il ərzində görülmüş işlərə dair

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında

Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin

HESABATI

 

2015-ci il ərzində ərzində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında  Əsasnamədən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamədən, Komitə sədrinin əmr və sərəncamlarından eləcə də Komitənin vəzifə və funksiyalarının icrası ilə bağlı 2015-ci il üçün fəaliyyət planı və proqnoz tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür.

Hesabat dövrü ərzində Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin fəaliyyəti torpaqların dövlət idarəetməsinin təşkilindən, torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsindən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi, torpaqların  zəbt olunmasının və qanunsuz tikintilərin qarşısının alınmasından, həmçinin torpaq sahələrinin özəlləşdirilməyə və icarəyə cəlb olunması və 2015-ci il üçün müəyyən edilmiş plan-proqnoz tapşırıqlarının yerinə yetirilməsindən ibarət olmuşdur.

Komitənin ərazi şöbələrinin torpaq müfəttişləri tərəfindən 2015-ci il ərzində 5000-ə yaxın torpaq qanunvericiliyinin pozulması halları barədə məlumat təqdim edilmişdir Təqdim olunan məlumatlar gündəlik təhlil edilərək ümumiləşdirilmiş və aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq torpaq qanunvericiliyinin tələblərini pozan 156 şəxs barəsində inzibati tənbeh  növü tətbiq edilmiş   və 152299 manat inzibati cərimə tətbiq edilməsi barədə qərarlar qəbul olunmuşdur.

Həmin hallarla bağlı müvafiq rayon (şəhər) icra hakimiyyəti başçılarına və rayon polis şöbələrinə məsələnin qanunamüvafiq həllini tapanadək qanunsuz istifadə hallarının və tikintilərin qarşısının alınması barədə məktublar ünvanlanmışdır.

2015-ci il ərzində "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2007-ci il tarixli, 586 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli, 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə"nə uyğun olaraq torpaq sahəsi üzərində müvafiq hüquqlar dövlət reyestrində qeydiyyata alınmadan dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarının araşdırması və aşkar edilmiş pozuntu hallarının aradan qaldırılması məqsədilə Agentliyin və ərazi şöbələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər aparılmışdır. Hesabat dövründə 24 müəssisə və obyektdə zəbtolunma və qanunsuz tikinti halları aşkar edilmişdir. Ümumilikdə Respublika üzrə 841 müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması halları mövcuddur. Zəbtolunma və qanunsuz tikililərin qarşısının alınması məqsədi ilə hər bir obyekt barədə aidiyyəti rayon icra hakimiyyətləri və balanssaxlayıcı təşkilatlara məktublar göndərilmişdir.

2015-ci il ərzində Agentliyə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin  hərrac və ya müsabiqəyə çıxarılması ilə əlaqədar 764 sənəd daxil olmuşdur. Həmin sənədlər ekspertiza olunmuş və onlardan 111-i qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanmaması səbəbindən yenidən işlənməsi məqsədi ilə ərazi şöbələrinə qaytarılmışdır. Ümumilikdə təqdim olunmuş sənədlərdən 653-nə müsbət rəy verilmiş və 642 torpaq sahələrinin hərrac və ya müsabiqəyə çıxarılması üçün “Mülkiyyət” qəzetində elanı dərc olunmuşdur.

Dövlət mülkiyyətində olan ehtiyat fondu torpaqları, yay və qış otlaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi ilə əlaqədar yerli icra hakimiyyətlərindən 273 müraciət daxil olmuş, həmin torpaq sahələrinin yerquruluşu planı və xəritəsinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin aidiyyəti idarələrinə göndərilmiş və MMC-dən daxil olmuş məlumatlar əsasında həmin sənədlər ekspertiza olunmuşdur.

Respublikanın ayrı-ayrı icra hakimiyyətləri, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə daxil olmuş 54 torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi, 61 torpaq sahəsinin isə ayrılmasına rəy bildirilməsi barədə müraciətlərə baxılmışdır.

2015-ci il ərzində 470 obyektin yerləşdiyi 2930944,7 kv.metr (293,09 ha) torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı 43 sərəncam verilmişdir.

2015-ci il ərzində torpaq sahələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə nəzərdə tutulmuş 17.000.000 manat plana qarşı 13.812.500 manat vəsait ödənilmişdir ki, bu da plan-proqnoz tapşırıqlarının 81,3 % yerinə yetirilməsi deməkdir.

Hesabat dövrü ərzində torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 56 sərəncam əsasında ümumi sahəsi 5410480,3 kv. m. (541,05 ha) olan 318 torpaq sahəsinə icarə müqaviləsi bağlanılmışdır.

Torpaq sahələrinin icarəsindən daxil olmalar üzrə proqnozlaşdırılmış 4.500.000 manat plana qarşı, faktiki daxilolma 4.733.700 manat olmuşdur ki, bu da plan-proqnoz tapşırıqlarının 105.2 % yerinə yetirilməsi deməkdir.

Agentliyin qarşısında duran prioritet vəzifələr ilk növbədə torpaqların dövlət idarəetməsinin təşkili, torpaq sahələrinin səmərəli istifadəsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, torpaqların  zəbt olunmasının və qanunsuz tikililərin qarşısının alınması, torpaq sahələrinin özəlləşdirilməyə və icarəyə cəlb olunması və 2016-cı ilin plan-proqnoz tapşırıqlarının yerinə yetirilməsi müəyyən edilmişdir.