Coğrafi İnformasiya Sistemlərində istifadə olunan terminlər

Aerofotoçəkiliş – Təyyarədən (uçan aparatdan) ərazinin şəklinin çəkilməsi. Aerofotoçəkiliş materiallarından geodeziya, geologiya, ekologiya, kənd təsərrüfatı və s. kimi sahələrdə istifadə olunur.

Aerofotoşəkillər (aerophoto) – təyyarədən çəkilmiş şəkillər. Bu şəkillər məsafədən alınmış verilənlər növünə aid olmaqla aşağıdakı təsnifata malikdirlər:

• adi aerofotoşəkillər;

• çoxzonalı aerofotoşəkillər;

• istilik infraqırmızı aerofotoşəkillər;

• radiolokasiya aerofotoşəkilləri.

Çəkiliş yüksəkliyindən asılı olaraq, A. iri, orta və kiçikmiqyaslı olurlar. Son dövrlərdə müasir rəqəmsal kameralardan istifadə edərək şəkillərin birbaşa rəqəmsal formatda əldə olunması mümkün olmuşdur.

Aerofototopoqrafiya – topoqrafiyanın bir bölməsidir, aerofotoçəkiliş materialları əsasında topoqrafiya xəritələrinin yaradılması metodlarını öyrənir.

Avtomatlaşdırılmış kartoqrafiya (automated cartography, computer aided mapping, CAM) – kartoqrafiyanın nisbətən müasir bölməsi olmaqla, kompyuter texnologiyasından və proqram vasitələrindən istifadə etməklə, qrafiki, rəqəmsal, elektron formatlarda, xəritə, atlas və s. kartoqrafik məhsulların yaradılması, yenilənməsi, istifadəsi üzrə nəzəri, metodoloji və praktiki cəhətləri əhatə edir. A.k. ağır əl əməyini aradan qaldırır, əmək məhsuldarlığını və keyfiyyəti yüksəldir. Bu prosesi aşağıdakı mərhələlərə ayırmaq olar: verilənlərin sistemə daxil edilməsi; müvafiq proqram vasitələrilə emal olunması; çıxış verilənlərin kartoqrafik formada vizualizasiyası).

Avtomatlaşdırılmış deşifrə (automated interpretation, image analysis, image processing, computer interpretation) – məsafədən alınmış rəqəmsal formatlı verilənlərin kompyuter vasitəsilə emalının bir mərhələsidir. A.d. -nin əsas mərhələlərindən biri təsnifatdır (classification). Təsnifat vasitəsilə təsvirin əvvəlcədən verilmiş əlamətinə və ya əlamətlərinə görə avtomatlaşdırılmış fərqləndirilməsinə imkan yaranır. Bu zaman obyektlər həndəsi göstəricilərinə və ya parlaqlıq göstəricilərinə görə qruplaşdırılır, emal olunur və interpretasiya edilir.

Avtomatlaşdırılmış iş yeri (workstation) – istifadəçinin, layihəçinin peşəkar əməyinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuş, aparat və proqram təminatından ibarət işçi stansiya. İşçi stansiyalar həm şəbəkə daxilində (networked workstation), həm də müstəqil şəkildə (stand – alone workstation ) istifadə oluna bilərlər.

Alqoritm (algorithm) – qaydaların diskret dəsti. İlkin verilənlər üzərində əməliyyatın aparılması və nəticənin əldə edilməsi əməliyyatının yerinə yetirilməsi qaydalarını müəyyən edən dəqiq ardıcıllıq. Hər hansı proqramlaşdırma dili ilə ifadə olunmuş A., proqram adlanır. Bu termin IX əsrdə yaşamış dahi alim Əbu Abdulla Məhəmməd ibn Musa əl-Məcus əl-Xorəzminin (783-855) adı ilə bağlıdır. Xivə şəhərində dünyaya gəlmiş bu alimin astronomiya və riyaziyyat sahələrində misilsiz xidmətləri olmuşdur. Onun hesab və cəbr barəsindəki traktatları XII əsrdə latın dilinə tərcümə olunmuş və Qərbi Avropada riyaziyyatın inkişafına böyük təsir göstərmişdir. Qısa olaraq bu alimi Əl-Xorəzmi çağırırdılar. Latın dilinə tərcümədə isə bu ad Alqoritmi kimi səslənirdi. Alqoritm və əlcəbr sözləri məhz bu adla bağlıdır.

Aparat təminatı (hardware) – sinonim kimi aparat vasitələri, texniki vasitələr də işlədilir. İnformasiyaların emalını təmin etmək üçün kompyuter, printer və digər periferiya qurğularından ibarət sistemdir.

Arxivləşdirmək (archiving) – xüsusi proqram vasitələrinin köməyi ilə (məs., ARJ, RAR) informasiyaları sıxlaşdıraraq (compression), kompyuterin yaddaşına və ya ayrıca yaddaş qurğularına yerləşdirilməsi (packing)

Atribut (attribute) – coğrafi obyekti səciyyələndirən (xarakterizə edən), lakin onun olduğu yerlə bağlanmayan keyfiyyət və ya kəmiyyət göstəricisi. Məkan obyektinin atributlar çoxluğu atributiv verilənlər adlanır. Ümumi şəkildə A. obyektin məkan (spatial attribute) və ya qeyri-məkan (aspatial attribute ) xassəsi kimi başa düşülür.

Bayt (byte) – verilənlərin və ya kompyuterin ən kiçik yaddaş vahidi. Yaddaş həcminin ölçü vahididir və 8 bitdən ibarətdir. 1 kilobayt (Kbayt,K) 1024 bayt; 1 meqabayt (Mbayt, M) 1024 Kbayt ; 1 qiqabayt (Qbayt, Q) 1024 Mbayt; 1 terabayt (Tbayt, T) 1024 Qbayt; 1 petabayt (Pbayt, P) 1024 Tbayt deməkdir.

Birləşdirmə (mapjoin, mosaicing) – iki ayrı rəqəmsal xəritənin vektorlu qeydlərinin (vərəqlərinin) avtomatlaşdırılmış şəkildə birləşdirilməsi, həmçinin rastr formatlı ayrı-ayrı rəqəmsal şəkillərin (təsvirlərin) montaj edilərək (mosaicing) vahid xəritə şəklinə salınması. Birləşdirmə əməliyyatına əks proses fraqmentləşdirmə adlanır.

Bit (bit) – bu ifadənin mənşəyi ingiliscə müxtəlif versiyalar üzrə izah olunur: 1. «binary digit» yəni «ikilik rəqəm»; 2. «basic indissoluble information unit» yəni, bölünməyən informasiya vahidi; 3. «binary unit» yəni binar vahid, ikilik sistemin ibarət olduğu 0 və 1 rəqəmlərindən biri. Kompyuterdə minimum informasiya vahidi 8 bit bayt adlanır.

BİL (Band İnterdeaved by Line) – məsafədən zondlama məlumatlarının ötürülməsi üçün istifadə olunan formatlardan biri.

Bufer zonası (buffer zone) – nöqtə, xətt və poliqonal məkan obyektlərinə nisbətdə eyni uzaqlığa malik poliqon qatı. Nöqtə və xətt formalı obyektlərdən fərqli olaraq, poliqon formalı obyektlərin bufer zonası məqsəddən asılı olaraq, poliqonun daxilində və xaricində ola bilər. Bufer əməliyyatına misal olaraq, magistral yolların hər tərəfi ilə müəyyən məsafədə qoruma zolağının çəkilməsini, dəniz sahili boyunca müəyyən zolaqların ayrılmasını, su anbarı ətrafında mühafizə zolağının ayrılmasını və s. göstərmək olar.

CPU (Central Processing Unit) – mərkəzi prosessor.

DEM (Digital Elevation Model) – relyefin rəqəmsal modeli. Rastr CİS-də məkan təhlilində istifadə olunur.

Deşifrələmək (interpretation, decoding) – Deşifrənin əsas məqsədi və vəzifəsi, məsafədən zondlaşdırma verilənlərindən və deşifrə əlamətlərindən istifadə etməklə obyektlər, proseslər, onların tərkibi, ölçüsü, strukturu və s. üzrə keyfiyyətli informasiyaların əldə edilməsindən ibarətdir. Deşifrə prosesi məzmununa görə ümumcoğrafi (topoqrafik), mövzulu (geoloji, geobotaniki, torpaq) və ixtisaslaşmış (meşəsalma, meliorativ və s.) ola bilər.

Deşifrə əlamətləri (indication, signs) – deşifrə prosesində obyektlərin tanınması, bir-birindən seçilməsi və fərqləndirilməsi üçün səciyyəvi xüsusiyyətlərdir. Deşifrə əlamətlərinə misal olaraq obyektlərin həndəsi quruluşunu, optik xassələrini, rənglərini, təsvirin rəng çalarını, kölgəsini və s. göstərmək olar.

Digitayzer (digitayzer) – Digitayzer (bu qurğunu bəzən qrafiki planşet də adlandırırlar), kağız üzərindəki, xəritə, sxem və hər cür qrafiki məlumatların rəqəmsal formata keçirilməsi üçün qurğudur.

Display (display) – sin. ekran təsviri əks etdirən qurğu. Displeyin köməyi ilə verilənlər vizual şəkildə müşahidə olunur.

Drayver (driver) – kompyuterin əməliyyat sistemi ilə fiziki qurğu arasında qarşılıqlı əlaqəni təmin edən proqram.

Fayl (file) – yaddaşın ad verilmiş hissəsi.

Format (format) – verilənlərin yaddaşda təqdim olunması üsulu. Formatlar bir neçə qrupa bölünürlər. Vektorlu təsvirlər üçün DXB, DXF, SGM, İGES; rastr təsvirlər üçün GİF, JPEG, TİFF, PSX; məsafədən ölçmə verilənlərinin ötürülməsi, yazılması və mübadiləsi üçün BIL, BIB, BIP, BSQ formatları yararlıdır.

Fotoqrammetriya (photogrammetry) – obyektlərin yerləşməsini, ölçüsünü, formasını, onların şəkillərinin ölçülməsi ilə təyin edən elmi-texniki fənn. Stereocütlük vasitəsilə obyektlərin ölçülməsistereofotoqrammetriya (stereophotogrammetry) adlanır və fotoqrammetriyanın bir bölümüdür.

Geokodlaşdırma (geocoding) – məkan obyektlərinin hər hansı koordinat sisteminə görə mövqeləndirilməsi və atributlarla əlaqələndirilməsi prosesidir. Bu prosesin köməyi ilə məkan və qeyri-məkan verilənlər bazaları arasında əlaqə yaradılır. Məsələn, binaların, mənzillərin nömrələri qeyri-məkan verilənlərinə aid olduğu halda, həmin bina və ya mənzilin yerləşdiyi küçənin xəritəsi məkan verilənlərinə aiddir. Bu mənzil və ya binanın ünvanının xəritə üzərində koordinat sisteminə bağlanması geokodlaşdırma prosesinə aiddir.

GeoTİFF (Tagged İmage File Format) – TİFF faylının genişlənmə formatıdır. Məkan bağlılığı olan təsvirlərin ötürülməsi üçün nəzərdə tutulmuşdur. Təsvirlərin mübadiləsi üçün istifadə olunan ən populyar formatlardan biridir.

Geoinformasiya təhlili (GİS based analysis) – CİS proqram vasitələrinin funksional imkanlarından istifadə etməklə obyektlərin yerləşməsini, strukturunu, qarşılıqlı əlaqəsini və s. kimi məsəllərin təhlilini nəzərdə tutur.

Görünmək/görünməmək təhlili (viewshed analysis, visibility/unvisibility analysis) – relyefin rəqəmsal modelini üzərində aparılan əməliyyat prosesi olmaqla, yer səthinin müəyyən hissələrinin (zonalarının) görünüb, görünməməsinə görə qiymətləndirilməsini nəzərdə tutur. Bu əməliyyat xüsusilə dağlıq ərazidə rabitə və radiokommunikasiya işlərininin planlaşdırılması zamanı lazım gəlir. Hər hansı iki nöqtədə yerləşən ötürücü və ya paylayıcı stansiyalar arasında maneə yaradan relyef elementlərini müəyyən etmək üçün istifadə olunur. Ətraf mühitin mühafizəsi prosesində müşahidə məntəqələrinin optimal seçilməsini təmin edir. Bu üsulla seçilmiş nöqtələrdən daha uzaq məsafələri müşahidə etmək mümkün olur və nəticə etibarı ilə məntəqələrin sayı azalmış olur.

Geoverilənlər (Geodata) – sin. coğrafi verilənlər, məkan verilənləri. Məkan obyektləri və onların yeri, xassəsi, atributları haqqında rəqəmsal verilənlər. Bir-biri ilə qarşılıqlı əlaqəyə malik iki hissədən ibarətdir: mövqe verilənləri və qeyri-mövqe verilənləri.

Generalizasiya (Generalization) – müəyyən olunmuş mövzuya və ya təyinata görə daha irimiqyaslı geotəsvirlərin kiçik miqyaslarda ümumiləşdirilməsi. Təsvir olunmuş obyektlərin kəmiyyət və keyfiyyət göstəriciləri sadələşdirilməklə ümumiləşdirilir, bu zaman xəritə üzərindəki bəzi konturlar birləşdirilir, daha kiçik konturlar isə yox olur. G. termini bəzən kartoqrafik generalizasiya da (cartographic generalization) adlanır. Təbii ki, CİS-də G. deyərkən əsasən «məkan verilənlərinin generalizasiyası» (spatial data generalization – ing.) nəzərdə tutulur. Bu məqsədlə CİS-də xüsusi operatorlar nəzərdə tutulmuşdur.

İnformasiya layı (layer, coverage, overlay) – müəyyən ərazi daxilində və koordinat sistemində, eyni tipə malik və eyni ölçü vahidinə malik məkan obyektlərinin məcmusundan ibarət informasiya qatı. Məkan obyektlərinin nöqtə, xətt, poliqon və üçölçülü tiplərinə görə də layları fərqləndirmək mümkündür. CİS məkan obyektlərinin çoxlaylı (multi-layered) təqdim olunması ən geniş yayılmış üsuldur.

JPG (Joint Photographic Experts Group) – JPG faylının genişlənmə formatıdır. Bu format 16 milyon rəngi 32 bitlik piksel göstəricisi ilə ötürməyə imkan verir. Internetdə geniş tətbiq olunur.

Kartometriya (cartometry) – xəritə üzərində uzunluq, sahə, bucaq və s. kimi göstəricilərin ölçülməsi bura aiddir.

Kosmik xəritələşdirmə (space mapping) – kosmosdan çəkilmiş şəkillər əsasında topoqrafik və mövzu xəritələrinin tərtibi. Bu üsul iqtsadi və elmi-praktiki baxımdan çox səmərəlidir. Müəyyən halların xəritələşdirilməsi üçün (məsələn, qlobal miqyaslı geoloji faktorlar) böyük yüksəklikdən müşahidə aparılmalıdır və bu zaman kosmik xəritələşdirmədən istifadə olunması zəruridir. Konkret vaxtlar üzrə xəritələrin tərtibi də bu üsulla yerinə yetirilir.

LANDSAT (Landsat) – Yer səthinin şəklini çəkmək üçün amerikalılar tərəfindən yaradılmış süni peyklər seriyasının ümumi adı. İlkin mərhələdə ERTS (Eartn Resourses Tehcnology Satellite). Bu qəbildən olan ilk peyk 1972-ci ildə buraxılmışdır. L. əsas etibarı ilə təbiəti mühafizə, təbii ehtiyatlar, monitorinq və xəritəçəkmə məqsədlərinə xidmət edir. L. – tam kadrda 185 x 170 km (31 450 km2) sahəni əhatə edir.

Mövzu xəritələri (Thematic maps) – bu xəritələrin əsas məzmunu hər hansı bir mövzuya həsr olunur. M.x.-nə misal olaraq aşağıdakıları göstərmək olar: relyef xəritəsi, iqlim xəritəsi, hidrologiya xəritəsi, torpaq xəritəsi, geokimya xəritəsi, geofizika xəritəsi, botanika xəritəsi, meşələrin xəritəsi, ekoloji xəritə, təbiəti mühafizə xəritəsi, zoologiya xəritəsi, iqtisadi xəritə, tarixi xəritə, əhali xəritəsi və s.

Menyu (menu) – monitorda komandaların, onların parametrlərinin və digər imkanlarının (opsiyalarının) təsviri. İstifadəçi sistemdən istifadə etmək üçün kursoru həmin komandalardan lazım olanın üstünə gətirərək düyməni basır və komanda yerinə yetirilir.

Metaverilənlər (metadata) – verilənlər haqqında məlumat. Rəqəmsal verilənlər dəstinin təsvir edən kataloqlar, sorğu materialları, bazalar. Burada verilənlərin tərkibi, məzmunu, statusu, mənşəyi, keyfiyyəti, yeri, təqdim olunma formatı, əldə olunma şərtləri və s. kimi xüsusiyyətlər nəzərdə tutulur.

Məsafədən zondlama verilənləri (remote sensing data) – Yerin səthi, təki, Yer üzərindəki obyektlər haqqında məsafədən əldə olunmuş verilənlər. Burada əsas etibarı ilə, təyyarə və peyklər vasitəsilə əldə olunmuş təsvirlər nəzərdə tutulur, hərçənd ki, yerüstü bazaya malik aparatlardan alınan təsvirləri də məsafədən zondlama üsulu ilə əldə edilmiş verilənlərə aid edirlər. Bu təsvirlərin xüsusiyyətləri bir çox texniki faktorlardan və təbii şəraitdən asılıdır. Təbii faktorlara aiddir: çəkilişin həyata keçirildiyi mövsüm, çəkiliş aparılan səthin işıqlanma səviyyəsi, atmosfer şəraiti və s. Əsas texniki faktorlar isə bunlardır: çəkiliş aparatını daşıyan platformanın və sensorun tipi, çəkilişi həyata keçirən aparatın optik oxunun oriyentiri, çəkiliş prosesinin idarə olunması metodu, təsvirin alınması metodu və s. Məsafədən zondlama verilənlərinin başlıca xüsusiyyətləri, spektral diapazonların sayı və qradasiyaları ilə, həmçinin əldə olunmuş təsvirin geometrik xassələri (proyeksiya, təhriflər, dəqiqlik imkanı və s.) ilə müəyyən edilir.

Məsafədən zondlama (remote sensing) – sin. məsafədən çəkiliş, kosmik çəkiliş və s. Yer səthi (həmçinin digər kosmik cismlər) və onun səthində, təkində yerləşən obyektlər haqqında məsafədən öyrənmə metodları ilə informasiya əldə edilməsi prosesi.

Məsafədən öyrənmə metodu (remote sensing

methods, distant methods) – Yer səthinin, hidrosferin, litosferin, atmosferin və kosmik cismlərin təmas olmadan öyrənilməsi metodu.

Overley (Overlay) – iki və daha artıq informasiya qatının bir-birinin üzərinə qoyulması.

RAM (Random Accecc Memory) – kompyuterin əməliyyat yaddaşı.

SQL (Structured Query Language) – verilənlər bazasına müraciət üçün proqram dili. Strukturlaşdırılmış sorğu dili.

Sərhəd (border) – fərqli adlara malik poliqonları ayıran xətt.

SPOT (SPOT) – Yer səthinin şəklini çəkmək üçün fransızlar tərəfindən yaradılmış süni peyk. 1986-cı ildən fəaliyyət göstərir.

Stereomdel (stereomodel) – məkan obyektinin məsafədən çəkiliş üsulu ilə stereocütlük (stereopair) əsasında (yəni bir-birini örtən 2 təsvir əsasında) alınmış modeli.

TİFF (Tagged İmage File Format) – Təsvirlərin yüksək keyfiyyətlə mübadiləsini təmin etmək üçün nəzərdə tutulmuşdur. TİFF faylının genişlənmə formatıdır. Bu format həm ağ-qara və həm də rəngli təsvirlərlə işləmək üçün yararlıdır.

Uzunluq dairəsi (longitude) – Yer üzərində nöqtənin vəziyyətini Qərb-Şərq istiqamətində müəyyən edən koordinat.

Vektor (vector) – rəqəmlə ifadə olunan və istiqamətə malik göstərici, istiqamətləndirilmiş seqment. Məkan verilənlərinin təqdim olunması formatlarından biridir.

Vektorlaşdırma (vectorization) – məkan verilənlərinin rastr – vektor çevrilməsini yerinə yetirən proqram vasitəsi.

Verilənlər bazası (Database) (VB) – müəyyən qaydalar üzrə sistemləşdirilmiş (təşkil olunmuş) verilənlər toplusu. Verilənlərin təsviri, saxlanması və istifadəsi üçün VB ümumi prinsiplərə malik olur. VB mərkəzləşdirilmiş idarəetməni, verilənlərin tam və dolğun olmasını, standartlara uyğunluğunu və təhlükəsizliyini təmin edir. VB-nin yaradılması və sorğuların təmin olunması Verilənlər Bazasının İdarəolunması Sistemi (VBİS) vasitəsilə həyata keçirilir. CİS-in VB məkan obyektləri üzrə verilənlər dəstindən ibarət olmaqla, məkan verilənləri bazasını (ing – spatial database) təşkil edir. Yalnız rəqəmsal kartoqrafiya informasiyalarından ibarət olan kartoqrafiya verilənləri bazası (map database) yaratmaq olar.

Verilənlərin kodlaşdırılması (format conversion) – verilənlərin bir formatdan digər formata çevrilməsi prosesi.

Vizuallaşdırma (visualization, viewing, displaying) – monitorda, displeydə və digər qurğularda təsvirlərin nümayiş olunması imkanının layihələndirilməsi, həyata keçirilməsi. CİS-də əsasən xəritələrin, modellərin, proseslərin görüntülərinin layihələndirilməsi kimi istifadə olunur. Bunun üçün CİS-də xüsusi alətlər dəsti və «zoom in» – kiçiltmək, «zoom out» – böyütmək kimi vizuallaşdırma əməliyyatlarını həyata keçirmək imkanları nəzərdə tutulmuşdur (bu cür əməliyyatların sayı çoxdur və hər bir CİS proqramında nəzərdə tutulmuşdur). V. prosesində ikiölçülü (2-D view), üçölçülü (3-D view) təsvirlərdən istifadə oluna bilər.

Yaxınlıq analizi (neighbourhood analysis, proximity analysis) – məkan verilənlərinin təhlilində, verilən çoxsaylı nöqtələr sırasından iki ən yaxın olanları axtarmağı nəzərdə tutan təhlil əməliyyatı.

Yeniləşdirmə (updating, update) – verilənlərin məzmununun mövcud olan aktual vəziyyətə gətirilməsi üçün dəyişdirilməsi (korreksiyası, modifikasiyası) və ya təzələnməsi.

Yer informasiya sistemi (Land information system) – yer ehtiyyatları, kadastrı və qeydiyyatı üzrə coğrafi informasiya sistemi