2015-ci il

     Hesabat dövründə komitəyə ayrılmış dövlət büdcə vəsaiti hesabına  və ayrı-ayrı təşkilatların sifarişləri əsasında müxtəlif kadastr, yerquruluşu, torpaqların dövlət ehtiyacları üçün geri alınması və sair işlər yerinə yetirilmişdir.

     Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaq sahələri üçün 24 rayon üzrə 22262 mülkiyyətçinin məlumatları vahid torpaq fonduna və daşınmaz əmlaka dair elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin hazırlanması məqsədilə Avtomatlaşdırılmış Kadastr İnformasiya Sisteminə yığılmışdır.

       Azərbaycan Respublikasının Milli Məclisində dövlət reyestri aparılaraq müvafiq şəhadətnamənin verilməsi məqsədilə respublikanın 30 rayonunda 76 inzibati ərazi dairəsinin, 23 rayonunda  99 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə və xəritələşdirmə işləri, 2 rayonunda 6 inzibati ərazi dairəsi üzrə rayon elektron kadastr xəritələrinin tərtib edilməsi üçün planalma işləri, 1 rayonunda 2 min 639 hektar sahədə təbii yem sahələrinin yaxşılaşdırılması məqsədilə layihə-axtarış işləri, 6 rayonunda 360 min 424 hektar ərazidə irimiqyaslı torpaq tədqiqatı işləri, 5 rayonunda 100 min 96 hektar ərazidə geobotaniki tədqiqat işləri, 1 rayonunda 3 obyekt üzrə torpaqların iqtisadi qiymətləndirilməsi işləri, 2 rayonunda 19 obyekt üzrə torpaqların bonitirovkası işləri və 14 rayonunda torpaqların iqtisadi qiymətləndirilməsi məqsədilə yeni mərhələnin başlanılması üçün 2007-2012-ci illəri əhatə edəcək statistik məlumatların toplanılması işləri davam etdirilmişdir.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində Xızı, Siyəzən və Şabran rayonlarının ərazisində əkin dövriyyəsinə cəlb ediləcək yeni suvarılan torpaq sahələrindən səmərəli istifadə edilməsi və bu sahələrdə kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin yaradılması ilə bağlı 14 oktyabr 2015-ci il tarixli, 300s nömrəli sərəncamının 2-ci bəndinə əsasən, çöl tədqiqatı və layihə axtarış işləri aparılmış və həmin işlərin nəticələrinə dair Siyəzən, Xızı və Şabran rayonlarının ərazisində yerləşən yeni suvarılan və su təminatı yaxşılaşdırılan torpaqların mülkiyyət növləri üzrə 1:25000 miqyasında olan yerquruluşu və torpaq tədqiqatı xəritələri hazırlanmışdır. Yeni suvarılan torpaq sahələri Siyəzən rayonunda 6971,9 hektar (bundan: dövlət mülkiyyətində 1395,59 hektar, bələdiyyə mülkiyyətində 4238,28 hektar və xüsusi mülkiyyətdə 1338,03 hektar), Şabran rayonunda 13861,39 hektar (bundan: dövlət mülkiyyətində 1731,38 hektar, bələdiyyə mülkiyyətində 7541,55 hektar və xüsusi mülkiyyətdə 4588,46 hektar), Xızı rayonunda isə 9609.32 hektar (bundan:dövlət mülkiyyətində 2981338 hektar, bələdiyyə mülkiyyətində 5351.45 hektar, xüsusi mülkiyyətdə 1276.49 hektar təşkil edir.

       Hüquqların dövlət qediyyatı məqsədilə dövlət və bələdiyyə torpaqlarından mülkiyyətə və icarəyə  veriləcək ərazilərin Müayinə Aktlarının tərtib edilməsi istiqamətində işlər icra edilmiş, daxil olan 2046 müraciətdən 1744-ü üzrə müayinə aktları tərtib edilərək sifarişçiyə təqdim edilmişdir.

"Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27.07.2010-cu il tarixli, 308 nömrəli Fərmanı əsasında daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin icrası davam etdirilmişdir.

     "Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" Layihəsi üzrə işlər yekunlaşdırılmışdır. Bununla da, bütün Bakı şəhəri üzrə daşınmaz əmlaklar barəsində mükəmməl kadastrın tərtibi işləri artıq başa çatmışdır.

     Azərbaycan Respublikasının sadə modelli kadastrı tərtib edilmiş 53 rayon mərkəzi, şəhər, qəsəbə və kəndi üzrə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Şəki rayonu istisna olmaqla)  daşınmaz əmlakların mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və  rəqəmsal kadastr xəritələrinin tərtibi işlərinin  icrasına başlanılmışdır.

      Azərbaycan Respublikasının 3 500 000 hektar ərazisinin ortofotomateriallarının stereomodellər üzərindən rəqəmsallaşdırılması, dövlət mülkiyyətində olan daşınmaz əmlakların parsellərlə bağlantısının yaradılması, hüquqları qeydiyyata alınmış xüsusi mülkiyyətdə olan daşınmaz əmlak obyektlərinin xəritələrlə uzlaşdırılması, sərhəd təsvirlərinin bazaya yerləşdirilməsi işlərinin icrası davam etdirilmişdir.

      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.12.2012-ci il tarixli, 360s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası adından borcalan qismində çıxış edən Maliyyə Nazirliyi və KfW, Frankfurt am Main ("KfW") arasında Kredit Sazişi (Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi)", "Azərbaycan Respublikası adından qrantalan qismində çıxış edən Maliyyə Nazirliyi və KfW, Frankfurt am Main ("KfW") arasında Maliyyələşdirmə Sazişi (Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi)" və həmin sazişlər üzrə Xüsusi Razılaşma Sənədi əsasında Gəncə şəhəri və Şəki rayonu üzrə kadastr işlərinin icrası davam etdirilmişdir.

     Dövlət müəssisə və təşkilatlarında daşınmaz əmlakla bağlı inventarlaşdırma işlərinin aparılması və müvafiq texniki sənədlərin tərtib edilməsi üzrə dövlət büdcəsindən ayrılmış məqsədli maliyyə vəsaiti hesabına dövlət mülkiyyətində olan 675 ədəd daşınmaz əmlak obyekti barədə kadastr planları tərtib edilmiş və onlardan çıxarışlar hazırlanmışdır.

    Müxtəlif təşkilatların sifarişləri əsasında dövlət ehtiyacları üçün geri alınan daşınmaz əmlaklar barədə müxtəlif layihələr həyata keçirmişdir. Belə ki, Azəryolservis ASC-nin sifarişləri əsasında Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsinin yenidən qurulması layihəsi çərçivəsində həmin ərazinin kadastr planının hazırlanması işləri, “Ələt-Astara avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Səmədxanlı və Yeddioymaq kəsişməsinə düşən ərazinin kadastr planının hazırlanması işləri, “Kürdəmir rayonunun Şöhranlı kəndində tikintisi planlaşdırılan yeni qalxma-enmə zolağının ərazisində müdafiə əhəmiyyətli obyektin inşası” layihəsi çərçivəsində ərazinin kadastr planının hazırlanması işləri, “Gənclik meydanından Əzizbəyov dairəsinədək, Z.Bünyadov prospektinə paralel olaraq 7 km uzunluğunda 6 zolaqlı yolun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən ərazinin kadastr planının tərtib edilməsi işləri, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi idarəsinin sifarişi əsasında “Dövlət Bayraq Meydanı Kompleksinə bitişik ərazidə olan obyektlərin inventarlaşdırılması və ərazinin kadastr planının hazırlanması işləri, Azərsu ASC-nin sifarişləri əsasında “Xızı şəhərinin və Altıağac qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi üzrə tikinti altına düşən ərazinin kadastr planının hazırlanması işləri, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi” zamanı tikinti altına düşən ərazinin kadastr planının hazırlanması işlərini, ”Gədəbəy şəhərinin su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi üzrə tikinti altına düşən ərazilərin kadastr planlarının hazırlanması işləri, “Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi üzrə tullantı su təmizləyici qurğunun və onun atma xəttinin yerləşəcəyi ərazidə tikinti altına düşən ərazilərin kadastr planının hazırlanması işləri “Bakı şəhəri və qəsəbələrin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı hazırlanmış işçi layihələrində inşa olunacaq su anbarlarının və Müşfiqabad tullantı suların təmizlənməsi” layihəsi üzrə tikinti altına düşən ərazinin kadastr planının hazırlanması işləri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişləri əsasında “Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların və suvarma şəbəkələrinin tikintisi” və s “Şəmkir maşın kanalının II növbəsinin tikintisi” layihəsi işlərində tikinti altına düşən ərazinin kadastr planının hazırlanması işləri, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsi işlərində tikinti altına düşən ərazinin kadastr planının tərtib edilməsi işləri, “Milli Su Təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində İsmayıllı, Ağsu, Siyəzən, Şabran rayonlarında, AGRO DAİRY MMC-nin sifarişləri əsasında Samux rayonu Ceyrançöl və Tovuz rayonu Ceyrançöl massivlərində iri taxılçılıq təsərrüfatlarının yaradılması məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahələrinin kadastr planlarının hazırlanması işləri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Şahdağ Turizm Mərkəzi” QSC-nin yaradılması ilə bağlı ərazinin topoqrafik xəritəsinin hazırlanması və Qusar bələdiyyəsinin ərazisində su təmizləyici qurğuların və nasos stansiyalarının tikintisi ilə əlaqədar göstərilən ərazinin kadastr planının hazırlanması işləri yerinə yetirilmişdir.

    "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli, 590 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada ölkə üzrə nəqliyyat infrastrukturu obyektlərinə ünvanların təyin edilməsi işlərinin icrası davam etdirilmişdir.

      Respublika üzrə Ünvan Reyestri İnformasiya Sisteminə 7752 nəqliyyat infrastrukturu obyektləri çəkilmiş, 5579 NİO üzrə ünvan məlumatları ÜRİS-ə daxil edilmişdir.

     Bakı şəhəri ərazisində adları məlum olan 1176 nəqliyyat infrastrukturu obyektləri mövcuddur. Onlardan 1054 Ünvan Reyestri İnformasiya Sisteminə  çəkilmiş, 758-də ünvantəyinetmə işi yekunlaşmış, 677 NİO üzrə ünvan məlumatları ÜRİS-ə daxil edilmişdir. 340 ədəd NİO-da lövhə ünvan lövhələri quraşdırılmış, 128 NİO üzrə ünvan lövhələri sifariş verilmişdir.

      Sumqayıt şəhəri üzrə Ünvan Reyestri İnformasiya Sisteminə 197 NİO çəkilmiş və ünvan lövhələrinin sifarişi verilmişdir.

      Mingəçevir şəhəri üzrə 6 küçə və prospektin ünvan lövhələri quraşdırılmışdır. Gəncə şəhərinə aid 843 NİO üzrə ünvan lövhələri sifariş verilmişdir.

      Respublikanın 53  rayonunun küçə və prospektlərinin başlanğıc, sonu, onların koordinatları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş və  müvafiq icra hakimiyyətləri tərəfindən təsdiq edilmişdir.

      Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli, 516 nömrəli Fərmanının 9.8-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.06.2015-ci il tarixli, 153s nömrəli Sərəncamının 1-ci bəndinin tələblərinə uyğun olaraq,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.08.2007-ci il tarixli, 234s nömrəli Sərəncamı ilə təsdiq edilmiş 27.07.2007-ci il tarixli, 7435 AZ nömrəli Kredit Sazişi əsasında Dünya Bankının maliyyə vəsaiti hesabına həyata keçirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi çərçivəsində Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsi (AzPOS) Əmlak Məsələləri Dövlət Komitəsinin balansına götürülmüşdür. Ölkə ərazisində mövcud olan 37 AzPOS stansiyasının xidmətlərindən istifadə edilməkdədir.

      Ayrı-ayrı məhkəmələrdən daxil olan sorğular əsasında 432 mütəxəssis rəyi tərtib edilmiş, 35 ədəd arxiv sənədi məhkəmələrə göndərilmişdir.

     Ötən ilin son 6 ayı ərzində Komitənin fəaliyyət istiqamətlərinə yenicə daxil edilmiş ərazi vahidlərinin və inzibati ərazi dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı da müvafiq  işlər görülmüşdür. Azərbaycan Respublikasının Milli Məclisində dövlət reyestri aparılaraq müvafiq şəhadətnamənin verilməsi məqsədilə respublikanın 30 rayonunda 76 inzibati ərazi dairəsinin, 34 rayonunda 129 bələdiyyənin ərazi sərhədlərinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, mərzçəkmə və xəritələşdirmə işləri, 2 rayonunda 6 inzibati ərazi dairəsi üzrə rayon elektron kadastr xəritələrinin tərtib edilməsi üçün planalma işləri aparılmışdır.