Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

      1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, №11, maddə 981; 2010, №7, maddə 610, №8, maddə 720) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
      1.1. 1.4-cü bənddə “kadastrının tərkib hissəsi olmaqla” sözləri “kadastrı ilə əlaqələndirilməklə” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
      "Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır .”;
      1.2. 2.1-ci bənddə “nəqliyyat infrastrukturu obyektlərinin” sözlərindən sonra “(prospekt, küçə və s.)” sözləri əlavə edilsin;
      1.3. 2.4-cü bəndin birinci yarımbəndində “onun adı dəyişdirildikdə” sözlərindən sonra “(bu halda ünvan nömrələri dəyişilmir)” sözləri əlavə edilsin;
      1.4. 3.7.1-ci yarımbənddə “adı” sözündən sonra “və kodlaşdırılmış nömrəsi” sözləri əlavə edilsin;
      1.5. 3.7.2-ci yarımbənddə “adı (adları)” sözlərindən sonra “və kodlaşdırılmış nömrəsi (nömrələri)” sözləri əlavə edilsin;
      1.6. 3.7.4-cü yarımbənddə "nömrə" sözü "ünvan nömrəsi” sözləri ilə əvəz edilsin;
      1.7. aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:
      "3.7-1. Ünvan nömrələri inzibati ərazi vahidlərinin və ya nəqliyyat infrastrukturu obyektlərinin adları dəyişdirildikdə dəyişilmir. Ünvan nömrələri ünvan reyestrində qeydə alınan istinad nöqtələrinə və rəqəmsal xəritələrə bağlanılır. ";
      1.8. 3.8-ci bənddə “(nömrəsinin)” sözü “(ünvan nömrəsinin)” sözləri ilə, “Qaydaların 3.9-3.21-ci bəndlərinə” sözləri “Qaydalara” sözü ilə əvəz edilsin;
      1.9. 3.9-cu, 3.10-cu, 3.11-ci, 3.12-ci, 3.13-cü, 3.14-cü və 3.15-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
      “3.9. Çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir.
     3.10. Dalanlarda yerləşən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin girişlərinə ünvan nömrələrinin verilməsi dalanın nəqliyyat infrastrukturu obyektinə çıxışı nəzərə alınmaqla, həmin çıxışdan başlayaraq həyata keçirilir.
      3.11. Çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir.
      3.12. Bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında, həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə uyğun olaraq vahid ünvan verilir.
      3.13. Nəqliyyat infrastrukturunun mərkəzi xətlərinin yerləşmə mövqeyi ünvan reyestrində qeydə alınır. Ünvan reyestrində nəqliyyat infrastrukturu obyektlərinin adları və nəqliyyat infrastrukturu obyektinin başlanğıc və son nöqtələrinin coğrafi koordinatları haqqında məlumat saxlanılmalıdır.
      3.14. Ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən istifadə etməklə bu Qaydaların 3.9 - 3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan nömrələrinin verilməsi zamanı Ə, Ö, Ü, I, İ, Ç, J, Ğ, O, Ş hərfləri istisna olmaqla, digər hərflərdən istifadə edilə bilər. Ünvan nömrəsi verilmiş obyektlər arasında inşa edilmiş yeni tikilinin giriş ünvanına ünvan nömrəsi hərflərdən istifadə olunmaqla verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər statusa malikdir.
      3.15. Ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat bazasına daxil edilir. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması zamanı inzibati ərazi vahidlərinə və nəqliyyat infrastrukturu obyektlərinə verilmiş nömrələr təkrarlanmır. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada həyata keçirilir. ”;
      1.10. 3.16-cı, 3-17-ci, 3-18-ci, 3.19-cu və 3.22-ci bəndlər ləğv edilsin;
      1.11. 4.2-ci bəndin üçüncü yarımbəndində:
      1.11.1. “Xidmət” sözü “Komitə” sözü ilə əvəz edilsin;
      1.11.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
      “Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. ”;
      1.12. aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin:
      “4.4. Yeni nəqliyyat infrastrukturu obyekti istifadəyə verildiyi və ya nəqliyyat infrastrukturu obyektinin adı dəyişdirildiyi halda, ad verən müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində Komitəni bu barədə məlumatlandırır. ”.
      2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
      2.1. üç ay müddətində ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
      2.2. ünvan reyestri ilə digər dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasını təmin etmək məqsədi ilə zəruri tədbirləri həyata keçirsin;
      2.3. iki ay müddətində nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması, nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
      2.4. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
      2.5. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
      2.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
      3. Mərkəzi və yerli icra hakimiyyəti orqanları nəqliyyat infrastrukturu obyektləri və onlarda baş vermiş dəyişikliklərə dair məlumatların nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması və ünvan reyestrinə daxil edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq təqdim olunmasını təmin etsinlər.
      4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
      5. Bu Fərman qüvvəyə mindiyi günədək verilmiş daşınmaz əmlak obyektlərinə dair sənədlərdə qeyd edilən ünvanlar dəyişdirildikdə, həmin sənədlərdən ünvan reyestrinə daxil edilmiş yeni ünvan göstərilməklə istifadə olunur.
      6. Bu Fərmanın 1-ci bəndi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

  

İlham Əliyev

 Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2012-ci il.