Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

     Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi sahəsində qəbul olunmuş dövlət proqramlarının icrası ilə bağlı son illər həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iqtisadiyyatın bütün sahələrində sahibkarlığın inkişafı geniş vüsət almış və dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsində özəl bölmənin rolu xeyli artmışdır. Hazırda ümumi daxili məhsulun istehsalında bu bölmənin xüsusi çəkisi 80 faizə yaxınlaşsa da, hələlik dövlət mülkiyyətində milyardlarla manat dəyərində əmlakı olan çoxlu sayda müəssisə və obyekt fəaliyyət göstərir. Müşahidələr göstərir ki, bir sıra hallarda dövlət müəssisələrinin idarə edilməsində nöqsanlara yol verilir və onların sərəncamında olan dövlət əmlakından səmərəli istifadə təmin edilmir. Belə ki, bəzi müəssisələrdə dövlət əmlakının qeydiyyatdan yayındırılması, borcların yaranması və həmin borclara görə onların müflisləşmə təhlükəsi ilə üzləşməsi, müəssisələrin yerləşdiyi torpaq sahələrinin təyinatının əsassız dəyişdirilməsi kimi hallara rast gəlinir. Belə səbəblər üzündən ayrı-ayrı müəssisələr yararsız hala düşərək fəaliyyətlərini dayandırır, onların yüksək ixtisaslı fəhlə və mütəxəssisləri iş yerlərindən məhrum olurlar.
      Müasir şəraitdə dövlət müəssisələrinin idarə edilməsi və dövlət əmlakından istifadə mexanizmlərini təkmilləşdirmək, bu sahədə dövlət nəzarətini gücləndirmək və şəffaflığı artırmaq, dövlət müəssisə və təşkilatlarında restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin sürətləndirilməsini təmin etmək məqsədilə qərara alıram:

      1. «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı» təsdiq edilsin (əlavə olunur—Əlavə I).
      2. «Özəlləşdirilən və idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur—Əlavə II).
      3. «Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyası Qaydaları» təsdiq edilsin (əlavə olunur—Əlavə III).
      4. «Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur—Əlavə IV).
      5. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə» əlavə və dəyişikliklər edilməklə yeni redaksiyada təsdiq edilsin (əlavə olunur—Əlavə V).
      6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
      6.1. «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsinin, müəssisə və təşkilatların vəsaitlərinin, qrantların və digər maliyyə yardımlarının cəlb edilməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirsin;
      6.2. Dövlət Proqramının icrası ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
      6.3. özəlləşdirilən dövlət müəssisələrinin borclarının qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənməsi məqsədilə səmərəli tədbirlərin görülməsini təmin etsin;
      6.4. dövlət müəssisələri və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyinin qorunması üçün zəruri tədbirlər həyata keçirsin.
      7. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə tapşırılsın:
      7.1. sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanmasını təmin etsinlər;
      7.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verməsinlər və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbir görsünlər;
      7.3. balanslarında olan əmlak və onun barəsində bağlanılmış əqdlər barədə məlumatların Dövlət Əmlakının Registrinə daxil edilməsi üçün vaxtında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmasını təmin etsinlər;
      7.4. dövlət əmlakından səmərəli istifadənin təmin edilməsi, o cümlədən icarə müqaviləsi olmadan dövlət əmlakının üçüncü şəxslərin istifadəsinə verilməsinə və istifadəsi mümkün olan əmlakın balansdan silinməsinə yol verilməməsi üçün zəruri tədbirlər görsünlər;
      7.5. borclara görə dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin əmlakının siyahıya alınması, hərraclarda satışı və qiymətləndirilməsi hallarında dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadəsini, dövlətin mənafeyinin qorunmasını və sui-istifadə hallarının qarşısının alınmasını təmin etsinlər.
      8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində:
      8.1. özəlləşdirilən dövlət əmlakının və torpaq sahələrinin qiymətləndirilməsi, habelə daşınmaz dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi barədə mövcud normativ hüquqi aktlara müvafiq dəyişikliklər etsin;
      8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
      8.3. dövlət müəssisə və təşkilatlarının balansında olan əmlakın qorunub saxlanılması və səmərəli istifadəsinin təmin edilməsi ilə bağlı həmin müəssisə və təşkilatların vəzifəli şəxslərinin hüquqi məsuliyyətinin gücləndirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
     8.4. bu fərmanın 1-ci bəndi ilə təsdiq olunan «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı»nın 9.2-ci bəndində göstərilən xüsusi hesabatın formasını və orada göstərilməli olan məlumatların siyahısını təsdiq etsin;
      8.5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mərkəzi aparatının və onun ərazi bölmələrinin fəaliyyətinin səmərəli təşkili məqsədi ilə işçilərin say həddinin artırılması və maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı məsələləri həll etsin;
      8.6. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
      9. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli fərmanı ilə təsdiq edilmiş «Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə» (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844; 2001-ci il, № 7, maddə 470, № 10, maddə 640; 2002-ci il, № 12, maddə 725; 2003-cü il, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004-cü il, № 9, maddə 678; 2005-ci il, № 5, maddə 400; 2006-cı il, № 7, maddə 590) qüvvədən düşmüş hesab edilsin.
      10. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyun 2007-ci il
№ 586

Əlavə I

Azərbaycan Respublikası Prezidentinin 
2007-ci il 6 iyun tarixli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə

DÖVLƏT PROQRAMI

Giriş

      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində əldə edilmiş ictimai-siyasi sabitlik zəminində 1996-cı ildən etibarən Azərbaycan Respublikasında ardıcıl iqtisadi islahatlar həyata keçirilməyə başlanmış, iqtisadiyyatın dövlətsizləşdirilməsi və idarəetmə sistemində köklü dəyişikliklərin aparılması istiqamətində mühüm işlər görülmüşdür. Aparılan islahatlar iqtisadiyyatın idarə edilməsi sahəsində dövlətin inzibati müdaxiləsinin aradan qaldırılmasına, mülkiyyət üzərində inhisarçılığın və dövlətin təsərrüfatçılıq funksiyalarının məhdudlaşdırılmasına, sahibkarlığın və azad iqtisadi fəaliyyətin bərqərar olmasına, dövlətin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət etmişdir. Görülmüş işlər nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə dünya ölkələri arasında qabaqcıl yer tutur. Ölkədə azad bazar iqtisadiyyatı və sosial ədalət prinsiplərinə söykənən möhkəm təməlli iqtisadi sistem formalaşır.
      Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların gedişində dövlət əmlakının idarə edilməsinin yeni sisteminin formalaşdırılması sahəsində də müəyyən irəliləyişlərə nail olunmuşdur. Dövlət əmlakının idarə edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi funksiyalarını yerinə yetirən icra hakimiyyəti orqanlarının strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ötən dövrdə dövlət əmlakının idarə edilməsi üzrə dövlət siyasətinin mühüm struktur elementi kimi əmlakın istifadə edilməsi və ona sərəncam verilməsi ilə bağlı institusional dəyişikliklərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir.
      Eyni zamanda, ölkədə əldə edilmiş yüksək iqtisadi artım şəraitində dövlət əmlakının idarə edilməsinin daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Mövcud idarəetmə mexanizmləri bəzi hallarda dövlət əmlakından səmərəli istifadəni və onun idarə edilməsi ilə bağlı əsaslandırılmış çevik qərarların qəbulunu təmin etmir. Dövlət müəssisə və şirkətlərində institusional yeniləşmələrin sürətləndirilməsinə, bu sahəyə potensial investorların daha geniş cəlb edilməsinə, institusional dəyişikliklərin gedişində şəffaflığın təmin olunmasına ehtiyac yaranır.
      Qeyd edilənlərlə əlaqədar hazırkı şəraitdə dövlət əmlakının idarə edilməsi ilə bağlı məsələlərin həllinə yeni yanaşmaların tətbiq edilməsi, bu sahədə mövcud mexanizmlərin təkmilləşdirilməsi zərurəti yaranmışdır. Bu baxımdan, Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə dövlət əmlakının idarə edilməsi sahəsində əldə edilmiş təcrübəyə uyğun olaraq hazırlanmış «Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı» (bundan sonra—Dövlət Proqramı) dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

I. ÜMUMİ HİSSƏ

1. Dövlət Proqramının məqsədi və əsas vəzifələri

      Dövlət Proqramının məqsədi dövlət əmlakının idarə edilməsinin səmərəliliyinin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi yolu ilə dövlət müəssisələrinin rəqabət qabiliyyətini yüksəltməkdən və bütövlükdə iqtisadiyyatın daha dinamik inkişafına nail olmaqdan ibarətdir.
      Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
        dövlət əmlakının idarəedilməsi sahəsində mükəmməl tənzimləmə mexanizmi yaratmaq;
        dövlət müəsissə və təşkilatlarının istifadəsində olan əmlakın qorunub saxlanmasını və səmərəli istifadəsini təmin etmək;
        təsərrüfat cəmiyyətlərində dövlətə məxsus səhmlərin (payların) idarə edilməsinin səmərəliliyini artırmaq;
        dövlət əmlakının idarəetməyə verilməsi mexanizmini təkmilləşdirmək;
        investisiyaların cəlb edilməsi yolu ilə dövlət müəssisələrinin inkişafına nail olmaq, onların özəlləşdirməqabağı sağlamlaşdırılmasını təmin etmək.

 2. Dövlət Proqramının əsas istiqamətləri

      Müəyyən olunmuş əsas vəzifələrə uyğun olaraq Dövlət Proqramında dövlət əmlakının idarə edilməsinin aşağıdakı istiqamətlərdə təkmilləşdirilməsi nəzərdə tutulur:
        dövlət əmlakının idarə edilməsinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən uçot və qeydiyyat sisteminin yaradılması;
        təsərrüfat cəmiyyətlərində dövlətə məxsus payların və səhmlərin idarə edilməsinin təkmilləşdirilməsi;
        dövlət əmlakından istifadə edilməsinə nəzarət mexanizminin təkmilləşdirilməsi;
        dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin restrukturizasiyası, sağlamlaşdırılması və özəlləşdirməyə hazırlanması;
        dövlət müəssisələrinin özəlləşdirmədən sonra inkişafına nəzarət mexanizminin formalaşdırılması.

3. Dövlət Proqramının tətbiqindən gözlənilən nəticələr

      Dövlət Proqramının icrasından aşağıdakı nəticələr gözlənilir:
      dövlət əmlakının idarə edilməsinin səmərəli mexanizmlərinin formalaşdırılması;
      dövlət əmlakının istifadəsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artması;
      dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan səmərəli istifadə edilməsinə mükəmməl nəzarətin təmin edilməsi;
      özəlləşdirilən dövlət müəssisələrinə cəlb edilən investisiyaların həcminin artması.

4. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Tədbirlər Planı

      4.1. Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə həyata keçirilməli olan konkret tədbirlərin siyahısı, onların icra müddəti və icrası üçün məsul orqanlar Dövlət Proqramının ayrılmaz hissəsi olan Tədbirlər Planında göstərilir.
      4.2. Dövlət Proqramında, o cümlədən Tədbirlər Planında nəzərdə tutulan normativ hüquqi aktlar qəbul edilənədək və digər tədbirlər yerinə yetirilənədək dövlət əmlakının idarə edilməsi Dövlət Proqramında və hazırda qüvvədə olan qanunvericilik aktlarında müəyyən olunmuş qaydada həyata keçirilir.

5. Dövlət əmlakı və onun idarə edilməsinin əsasları

      5.1. Dövlət Proqramının məqsədləri üçün dövlət əmlakı dedikdə, Azərbaycan Respublikasının mülkiyyətində olan daşınmaz və daşınar əşyalar, qiymətli kağızlar, habelə onlar üzərində əmlak və əşya hüquqları nəzərdə tutulur.
      5.2. Dövlət əmlakının idarə edilməsi dövlət mülkiyyətində olan əmlak və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlətin adından həyata keçirilməsi, dövlət müəssisə və obyektlərinin, dövlət əmlakı əsasında fəaliyyət göstərən təsərrüfat cəmiyyətlərinin fəaliyyətinin dövlət siyasətinə uyğun olaraq tənzimlənməsi deməkdir.
      5.3. Dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər.
      5.4. Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən qeyri-kommersiya təşkilatlarına onların vəzifə və funksiyalarının icrası, habelə dövlət müəssisələrinə onların təsərrüfat fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən edilmiş qaydada istifadəyə verilir.
      Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət büdcəsindən maliyyələşən təşkilatlara təhkim edilmiş dövlət əmlakı onlar tərəfindən kommersiya məqsədləri üçün istifadə edilmir.
      5.5. Kommersiya fəaliyyəti göstərən dövlət müəssisələrinə verilmiş əmlak onlar tərəfindən yalnız müəssisələrin nizamnamə məqsədlərinə uyğun olaraq istifadə edilir.
      5.6. Dövlət əmlakı üzərində mülkiyyət hüquqlarının dəyişdirilməsi dövlət əmlakının özəlləşdirilməsini və bələdiyyə mülkiyyətinə verilməsini tənzimləyən qanunvericilik aktlarına uyğun həyata keçirilir, dövlət əmlakına sahiblik və istifadə hüquqlarının verilməsi, dövlət əmlakının balansdan silinməsi Dövlət Proqramına və müvafiq qanunvericiliyə uyğun aparılır.
     5.7. Dövlət əmlakının idarə edilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
        dövlət əmlakının idarə edilməsində səmərəliliyin təmin edilməsi, dövlət mənafelərinin qorunması;
        dövlət əmlakının idarə edilməsi prosesində müntəzəm hesabat və nəzarət sisteminin tətbiq edilməsi;
        dövlət əmlakı haqqında vahid məlumat bazasının yaradılması;
        idarəetmənin aşkarlıq və şəffaflıq şəraitində həyata keçirilməsi, onun üzərində dövlət və ictimai nəzarətin təmin edilməsi;
        dövlət əmlakının idarə edilməsində qanunçuluğa riayət edilməsi;
        idarəetmə prosesinə peşəkar kadrların cəlb olunması;
        dövlət əmlakının idarə edilməsi prosesində müasir idarəçilik üsullarından və mütərəqqi maliyyə mexanizmlərindən istifadə edilməsi.
      5.8. Dövlət əmlakının idarə edilməsi aşağıdakı yollarla və üsullarla həyata keçirilir:
        dövlət müəssisələrinin yaradılması, idarəetmə orqanlarının formalaşdırılması;
        dövlət müəssisələrinin və digər hüquqi şəxslərin nizamnamə kapitalına daxil olan dövlət əmlakından səmərəli istifadəyə nəzarət edilməsi;
        dövlət əmlakına dair bağlanılmış əqdlərin qeydiyyata alınması və qanunvericiliklə müəyyən edilmiş hallarda onların bağlanılmasına razılıq verilməsi;
        dövlət müəssisələrinə qanunvericiliklə müəyyən edilmiş hallarda onların fəaliyyətinin tənzimlənməsi üçün icrası məcburi olan göstərişlərin verilməsi;
        təsərrüfat cəmiyyətlərində və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə dövlətə məxsus səhmlərin (payların) üzərində sərəncam verilməsi;
        təsərrüfat cəmiyyətlərində və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin idarə edilməsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada iştirak edilməsi;
        dövlət müəssisələrinin, onların əmlakının, habelə dövlətə məxsus səhmlərin (payların) idarəetməyə verilməsi.
      5.9. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin qeyri-dövlət hüquqi şəxslərə və fiziki şəxslərə verilməsi Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

 II. XÜSUSİ HİSSƏ

6. Dövlət hakimiyyəti orqanlarının və büdcədən maliyyələşən dövlət təşkilatlarının istifadəsində olan dövlət əmlakının idarə edilməsi

      6.1. Dövlət əmlakı Azərbaycan Respublikasının dövlət orqanlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlara onların hüquq, vəzifə və funksiyalarının icrası məqsədi ilə verilir.
      6.2. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcədən maliyyələşən digər dövlət təşkilatlarının rəhbərləri istifadədə olan dövlət əmlakının qorunub saxlanılmasına, həmin əmlakdan yalnız qanunvericiliklə müəyyən edilmiş vəzifə, funksiya və hüquqların həyata keçirilməsi məqsədi ilə istifadə edilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.
      6.3. Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların qanunvericiliklə nəzərdə tutulmuş fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan qeyri-yaşayış sahələri ilə təmin olunması zamanı inzibati və yardımçı vəzifə tutan dövlət qulluqçuları, habelə digər əsas və texniki işçi heyətinin ştat vahidi üçün normalar əsas götürülür və müvafiq texniki, köməkçi və digər əlavə qeyri-yaşayış sahələrinin ölçülərinin müəyyən edilməsi həmin təşkilatların profili və fəaliyyət istiqamətləri nəzərə alınmaqla həyata keçirilir.
      6.4. Dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşən təşkilatların, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakın onların müraciətləri əsasında sərəncama götürülməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş normativlər əsasında daşınmaz dövlət əmlakı obyektlərinin dövlət orqanlarına, müəssisə və təşkilatlarına verilməsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
      6.5. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin, o cümlədən binaların və qeyri-yaşayış sahələrinin büdcədən maliyyələşən dövlət orqanları arasında bir-birinə verilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir.
      6.6. Dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin digər dövlət orqanlarına və təşkilatlarına verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları əsasında aparılır.
      Dövlət mülkiyyətində olan xüsusi əhəmiyyətli əsas vəsaitlərin meyar göstəriciləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
      6.7. Dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin dövlət ehtiyacları üçün verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir.
      6.8. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən məsələnin zəruriliyi və məqsədəuyğunluğu göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciətə baxıldıqdan və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yazılı rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edir.
      6.9. Eyni mərkəzi və ya yerli icra hakimiyyəti orqanı, habelə dövlət təşkilatları daxilində əsas vəsaitlərin bir struktur bölməsindən digərinə verilməsi Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin yazılı razılığı alındıqdan sonra həmin mərkəzi və ya yerli icra hakimiyyəti orqanının, dövlət təşkilatının qərarı əsasında həyata keçirilir.
      6.10. Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərinin, ləğv olunmuş dövlət orqanlarının istifadəsində olmuş əmlakın digər dövlət orqanına verilməsi qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir.
      6.11. Tikintisi başa çatdırılmamış obyektlərin verilməsi layihə-smeta və texniki-normativ sənədlərinin, habelə dövlət tərəfindən tikinti üçün ayrılmış fondlara dair sənədlərin obyektləri təhvil verən tərəfindən obyektləri qəbul edən tərəfə təqdim edilməsi ilə həyata keçirilir.
      6.12. Dövlət əmlakının Registrindən çıxarış olmadan müəssisə və təşkilatların tabeliyindən asılı olmayaraq dövlət mülkiyyətində olan daşınmaz əmlakın verilməsinə yol verilmir.
      6.13. Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi müvafiq qaydada təhvil-təslim aktlarının tərtib edilməsi, bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə məlumat verilməsi və dövlət əmlakının Registrində müvafiq qeydiyyatın aparılması ilə başa çatmış hesab olunur.

7. Dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların) idarə edilməsi

      7.1. Dövlət Proqramının məqsədləri üçün dövlət müəssisəsi dedikdə, tamamilə dövlət mülkiyyətində olan, səhmlərinin (paylarının) və ya əmlakının 2/3 hissəsindən çoxu birbaşa və dolayısı dövlətə məxsus olan hüquqi şəxslər başa düşülür.
      7.2. Dövlət müəssisələri, bir qayda olaraq, açıq və qapalı səhmdar cəmiyyətləri, habelə məhdud məsuliyyətli cəmiyyətlər formasında təsis olunur.
      7.3. Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. Digər icra hakimiyyəti orqanları dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin idarə olunmasında Dövlət Proqramında nəzərdə tutulmuş şərtlərlə və qaydada iştirak edirlər.
      7.4. Dövlət Proqramı qüvvəyə minənədək fəaliyyət göstərən dövlət müəssisələrinin təşkilati-hüquqi formasının qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təkliflər irəli sürülür.
      7.5. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə əsasən özəlləşdirilməsi qadağan olunmuş əmlak, müəssisə və obyektlər dövlət mülkiyyətində saxlanılır. Bununla yanaşı aşağıda göstərilən istiqamətlər üzrə dövlət müəssisələri yaradıla bilər:
        özəlləşdirilməsi qadağan olunan sahələr, dövlət təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə məhsulların (işlərin, xidmətlərin) istehsalı;
        hərbi, müdafiə sənayesi, təhlükəsizlik, fövqəladə hallar və bu qəbildən olan sahələrə xidmət göstərilməsi;
        dövlət təhlükəsizliyi ilə bağlı olan sahələrdə elmi və elmi-texniki fəaliyyətin həyata keçirilməsi;
        mülki dövriyyəsi qadağan olunan, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılan) əşyaların istehsalı;
        zəruri hallarda dövlət sirri haqqında qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsi;
        sosial əhəmiyyət kəsb edən, dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin əhaliyə güzəştli qiymətlərlə təqdim edilməsi sahəsində fəaliyyət göstərilməsi;
        qanunvericiliklə nəzərdə tutulduğu hallarda və qaydada ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dövlət ehtiyatlarının yaradılması;
        qanunvericiliklə dövlət mülkiyyətində saxlanması məqsədəuyğun sayılan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər;
        təbii inhisar sahələrində fəaliyyət göstərilməsi;
        dövlətin sosial-iqtisadi proqramlarından irəli gələn məsələlərin həyata keçirilməsi;
        qanunvericiliklə nəzərdə tutulmuş digər hallar.
      7.6. Dövlət əmlakının özəlləşdirilməsinin aparıldığı sahələrdə fəaliyyət göstərəcək yeni dövlət müəssisələrinin yaradılmasına Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan müstəsna hallar istisna olmaqla, yol verilmir.
      7.7. Dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin yaradılması, yenidən təşkili, təşkilati-hüquqi formasının və adının dəyişdirilməsi, nizamnaməsində hər hansı dəyişikliklərin edilməsi, hüquqi şəxsin nizamnamə kapitalında dövlətə məxsus payın həcminin dəyişdirilməsi zamanı, qanunvericiliyin bu barədə qərar qəbul etməyə imkan verdiyi halda dövlət qeydiyyatı və digər dövlət qurumlarına müraciətlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
      7.8. Öz vəzifə və funksiyalarına müvafiq olaraq yeni dövlət müəssisəsi və ya nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxs təsis edilməsi və ya Dövlət Proqramının 7.7-ci bəndində göstərilən digər tədbirlərin həyata keçirilməsi təşəbbüsü ilə çıxış edən icra hakimiyyəti orqanları bu barədə əsaslandırılmış təkliflə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməlidirlər.
      Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bu bənddə göstərilən təklifi aldıqdan sonra 15 gün ərzində 7.7-ci bənddə göstərilən müraciətləri etməli, bu müraciətləri məqsədəuyğun hesab etmədiyi halda isə bunun səbəbləri və əsasları göstərilməklə təşəbbüslə çıxış etmiş icra hakimiyyəti orqanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti məsələ ilə bağlı qərar qəbul etməklə aşağı icra hakimiyyəti orqanlarına icrası məcburi olan göstərişlər verə bilər.
      7.9. Dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (payçısı, səhmdarı) kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi aşağıdakı məsələləri həll edir:
     7.9.1. öz idarəçiliyində olan dövlət müəssisələri və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslər barədə:
     7.9.1.1. dövlət müəssisəsi olan hüquqi şəxsin səhmdarlarının (payçılarının) ümumi yığıncağının səlahiyyətlərinə aid olan bütün məsələlər üzrə qərarlar qəbul edir;
     7.9.1.2. hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərin idarə edilməsi üzrə qərarlar qəbul edir;
7.9.2. digər icra hakimiyyəti orqanlarının idarəçiliyində olan dövlət müəssisələri barəsində həmin orqanların təklifləri əsasında:
      7.9.2.1. hüquqi şəxsin nizamnaməsini, nizamnamə kapitalının həcmini və onlara edilən dəyişiklikləri təsdiq edir;
      7.9.2.2. hüquqi şəxsin filial və nümayəndəliklərinin açılması, yenidən təşkili və ləğvi barədə qərarlar qəbul edir;
      7.9.3. digər icra hakimiyyəti orqanlarının idarəçiliyində olan hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə və idarəçiliyi həyata keçirən orqanın təklifləri əsasında Dövlət Proqramının 7.9.2-ci bəndində göstərilən məsələlər barəsində qanunvericiliyə uyğun olaraq qərarlar qəbul edir.
     7.10. Dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçiliyini həyata keçirən icra hakimiyyəti orqanları aşağıdakı məsələləri həll edir:
      7.10.1. Dövlət Proqramının 7.9.2-ci və 7.9.3-cü bəndlərində nəzərdə tutulmuş məsələlər üzrə təkliflər verir;
      7.10.2. dövlət müəssisələrinin idarə edilməsi barədə:
      7.10.2.1. idarəetmə orqanlarının üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir, müvafiq hallarda onlarla əmək müqavilələri bağlayır, onların səlahiyyətlərini müəyyən edir;
      7.10.2.2. illik hesabatlarını, mənfəətin (zərərin) bölgüsünü təsdiq edir;
      7.10.2.3. inkişaf istiqamətlərini və əməkhaqqı sistemini müəyyən edir, strukturunu təsdiq edir;
      7.10.3. hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzrə həmin payların (səhmlərin) imkan verdiyi dərəcədə qanunvericiliyə uyğun olaraq Dövlət Proqramının 7.10.2-ci bəndində göstərilən məsələlər barəsində qərarlar qəbul edir.
     7.11. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərar əsasında həyata keçirilir.
      7.12. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən məsələnin zəruriliyi və məqsədəuyğunluğu göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciətə baxıldıqdan və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yazılı rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edir.
      7.13. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi, işçilərin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafeləri qorunmaqla, hüquqi şəxslərin bütün digər hüquq və öhdəlikləri tam həcmdə saxlanılmaqla həyata keçirilir.
      7.14. Dövlət müəssisələrinin tabeliyinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) idarəçilik funksiyalarının dəyişdirilməsi müvafiq qaydada təhvil-təslim aktlarının tərtib edilməsi, bu barədə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə məlumat verilməsi və dövlət əmlakının Registrində müvafiq qeydiyyatın aparılması ilə başa çatmış hesab olunur.
      7.15. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı olmadan dövlət müəssisəsinin əmlakı (naturada və ya pul şəklində) üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilən yüklülüklər müəyyən edilə bilməz.
      7.16. Fəaliyyət məqsədlərinə nail olmağa təminat verən dərəcədə istifadəsində olan daşınmaz və daşınar əmlak üzərində dövlət müəssisəsinin sərəncam hüququ onun nizamnaməsində müəyyən edilmiş həddən artıq olmamalıdır.
      7.17. Dövlət mülkiyyətində olan hüquqi şəxslərin əsas vəsaitlərinin bir-birinə verilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı alınmaqla, Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

8. Daşınmaz dövlət əmlakının idarə edilməsinin xüsusiyyətləri

      8.1. Daşınmaz dövlət əmlakı obyektlərinin mülki dövriyyəyə cəlb edilməsinə və öz təyinatına uyğun olaraq səmərəli istifadəsinə nail olmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:
        daşınmaz dövlət əmlakının müntəzəm inventarlaşdırılmasını təşkil edir, qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət əmlakının Registrini aparır;
        qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz dövlət əmlakı obyektlərini fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verir;
        ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsinə yönəldilmiş kreditlərin təminatı kimi daşınmaz dövlət əmlakından istifadə olunması məsələlərinə baxır;
        müəyyən edilmiş normativlər əsasında daşınmaz dövlət əmlakı obyektlərinin dövlət orqanlarının, müəssisə və təşkilatlarının balansına verilməsi, istifadə hüququ ilə təhkim olunması (icarəyə verilməsi) barədə təkliflər verir;
        dövlət mülkiyyətində olan hüquqi şəxslərə məxsus əsas vəsaitlərin dövlət ehtiyacları üçün verilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdimat verir;
        mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanlarının, dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyəti üçün lazım olmayan və yararsız olan əmlakın onların müraciətləri əsasında sərəncama götürülməsi və səmərəli istifadə olunması istiqamətində tədbirlər görür;
        daşınmaz dövlət əmlakının texniki pasportlarını tərtib edir.

 9. Dövlət müəssisələrinin fəaliyyətinə və dövlət əmlakından səmərəli istifadə edilməsinə nəzarət

      9.1. Dövlət müəssisələrinin fəaliyyətinə birbaşa nəzarət onların idarəçiliyini həyata keçirən icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
      9.2. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi məqsədi ilə dövlət müəssisələri və dövlət orqanları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə hər il aprelin 1-dək əvvəlki il üçün xüsusi hesabat təqdim edir.
      Xüsusi hesabatın forması və orada göstərilməli olan məlumatların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunur.
      9.3. Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanmasına və ondan səmərəli istifadə olunmasına nəzarət məqsədi ilə hesabatlarda göstərilən məlumatların araşdırılması üçün ehtiyac olduqda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həmin müəssisələrdə monitorinqlər keçirir və onların nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, habelə zəruri hallarda müvafiq dövlət orqanlarına məlumat verir.

 10. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması, dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi və özəlləşdirməyə hazırlanması

      10.1. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması
      10.1.1. Dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması onların fəaliyyətinin bərpası, yenidən qurulması, özəlləşdirməyə hazırlanması, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, müasir texnologiyaların və investisiyaların cəlb edilməsi məqsədi ilə istehsal, texnoloji, təşkilati, idarəetmə və maliyyə sahələrində aparılan dəstəklənmə tədbirlərini nəzərdə tutur.
      10.1.2. Dövlət müəssisələrinin iqtisadiyyatda rolu nəzərə alınmaqla, onların restrukturizasiyası və sağlamlaşdırılması barədə qərarlar müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilir və dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması müəssisə və təsərrüfat cəmiyyətləri, habelə idarəetmə orqanları tərəfindən hazırlanmış planlar əsasında həyata keçirilir.
      10.1.3. Müəssisənin restrukturizasiyası və sağlamlaşdırılması planında müəssisənin bazardakı mövcud vəziyyəti, bazarın təhlili, yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin məqsəd və vəzifələri, iş yerlərinin dinamikası, dövlətin, müəssisənin və işçilərin mənafeyi baxımından iqtisadi və sosial nəticələrin proqnozu, investisiya qoyuluşları, planın maliyyələşdirilməsi, müddətlər və digər məsələlər əks etdirilməlidir.
      10.1.4. Dövlət müəssisələrinin və təsərrüfat cəmiyyətlərinin restrukturizasiyası və sağlamlaşdırılması ilə bağlı tədbirlər dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitdən qanunvericiliklə müəyyən edilmiş ayırmalar, müəssisələrin vəsaiti, beynəlxalq qurumların və xarici donor təşkilatların qrantı hesabına həyata keçirilir.
      10.2. Dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi
      10.2.1. Dövlət əmlakının səmərəli istifadəsinin təmin edilməsi, dövlət büdcəsinin gəlirlərinin artırılması və ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədi ilə dövlət
müəssisələri və dövlət əmlakı müqavilə əsasında idarəetməyə verilə bilər.
      10.2.2. Dövlət müəssisələri və dövlət əmlakı, habelə hüquqi şəxslərin nizamnamə kapitalında olan dövlətin payı (səhmləri) müsabiqə yolu ilə idaretməyə verilir.
      10.2.3 Dövlət əmlakının müqavilə əsasında idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
      10.3. Dövlət əmlakının özəlləşdirməyə hazırlanması
      10.3.1. Dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirməyə hazırlanması aşağıdakı qaydada həyata keçirilir:
        müəssisələrin ölkə iqtisadiyyatındakı rolu və əhəmiyyəti nəzərə alınmaqla təsnifatlaşdırılır və özəlləşdirilməsi perspektivləri araşdırılır;
        inventarlaşdırma və monitorinq aparılması yolu ilə müəssisələrin aktivləri və öhdəlikləri müəyyən edilir;
        müəssisələrin maliyyə və təsərrüfat göstəricilərindən asılı olaraq idarəetmə üsulları seçilir;
        dövlətin mənafeləri üçün əhəmiyyət kəsb etməyən, ziyanla işləyən və özəlləşdirmə perspektivləri olmayan müəssisələr zəruri hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada ləğv edilir;
        zəruri hallarda özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin restrukturizasiyası, sağlamlaşdırılması proqramları hazırlanır və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilərək həyata keçirilir.
      10.3.2. Dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsinin üsulları qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilir.