Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, digər dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək məqsədi ilə, "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

      1. “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
      2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
      2.1. iki ay müddətində Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi barədə texniki reqlamenti təsdiq etsin;
      2.2. iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
      2.3. iki ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
      2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
      2.5. Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin təşkili və saxlanılması ilə bağlı maliyyə məsələlərini həll etsin;
      2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
      3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
      4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2013-cü il.



Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 1 noyabr tarixli Fərmanı ilə   
təsdiq edilmişdir                                 


1. Ümumi müddəalar


      1.1. Bu Əsasnamə "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ünvan Reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Ünvan Reyestri İnformasiya Sisteminin (bundan sonra – ÜRİS) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
      1.2. ÜRİS Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, həmçinin ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edən informasiya sistemidir.
      1.3. ÜRİS-in operatoru Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsidir.
      1.4. ÜRİS-lə inteqrasiya olunacaq digər dövlət orqanlarının (bundan sonra- istifadəçilər) informasiya sistemlərinin dairəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
      1.5. ÜRİS-in saxlanılma, fəaliyyət və inkişaf xərcləri dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
      1.6. Bu Əsasnamə dövlət sirri təşkil edən məlumatların inteqrasiyasına şamil edilmir.


2. ÜRİS-in strukturu və prinsipləri


      2.1. ÜRİS mərkəzləşdirilmiş informasiya sistemidir. İstifadəçilər ünvan məlumatlarını ÜRİS-in mərkəzi paylayıcı serverindən dövlət informasiya-kommunikasiya xətləri və ya internet xidmətləri vasitəsilə əldə edirlər.
      2.2. ÜRİS-in tərkib hissələri onun yaradılmasında istifadə olunan proqram təminatları, lisenziyalar və bütün texniki vasitələrdən ibarətdir.
      2.3. ÜRİS-in texniki vasitələrinə serverlər, kommunikasiya avadanlığı, informasiyanın mühafizə vasitələri aiddir.
      2.4. ÜRİS-də yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.
      2.5. Daşınmaz əmlak obyektinin ünvanı sistemə daxil edilərkən aşağıdakı prinsiplərə cavab verməlidir:
      2.5.1. Birqiymətlilik - daşınmaz əmlak obyektinin ancaq bir rəsmi ünvanının və onun bir yazılış formasının olması;
      2.5.2. Unikallıq - eyni bir inzibati ərazi vahidində iki müxtəlif daşınmaz əmlak obyektinin eyni ünvana malik olmaması;
      2.5.3. Səhihlik - daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, dəyişdirilməsi, qorunub saxlanılması və ləğv edilməsi ilə bağlı rəsmi qaydalara əməl edilməsi.
      2.6. ÜRİS-ə məlumatların daxil edilməsi və həmin məlumatlardan istifadə mexanizmi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən texniki reqlamentə uyğun olaraq yerinə yetirilir.
      2.7. Ünvanlar təyin edildikdən sonra ÜRİS-in operatoru tərəfindən yoxlanılır, doğru olduğu halda təsdiqlənir və mətn məlumat bazasında saxlanılır, əks halda müvafiq düzəlişin edilməsi üçün ünvanı təyin edən istifadəçiyə qaytarılır. Təsdiqlənmiş ünvanlar ÜRİS-də açıq elan olunur.
      2.8. Hər bir giriş ünvanı malik olduğu koordinatlarla birlikdə ÜRİS-in mətn məlumat bazasında saxlanılır. 
      2.9. ÜRİS ilə istifadəçilər arasında informasiya mübadiləsi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında Azərbaycan Respublikasının qanunu əsasında aparılır.


3. ÜRİS-in funksiyaları


      3.1. ÜRİS-in funksiyaları aşağıdakılardır:
      3.1.1. eyniləşdirmə – ünvan daşınmaz əmlak obyektini təkrarlamadan (unikal olaraq) eyniləşdirilməlidir (identifikasiya edilməlidir);
      3.1.2. nömrələmə (işarələmə)–daşınmaz əmlak obyektini nömrələyir (işarələyir);
      3.1.3. məkan bağlantısı - daşınmaz əmlak obyektinin ünvanı onun coğrafi olaraq konkret nəqliyyat infrastrukturu obyektinə aid olduğunu və həmin nəqliyyat infrastrukturu obyektinə bağlı daşınmaz əmlak obyektlərinin nömrələnməsi sistemindəki mövqeyini təyin edir;
      3.1.4. nəqliyyat infrastrukturu obyektini yerləşdiyi inzibati ərazi vahidinə bağlayır.
      3.2. ÜRİS-də toplanan məlumatlardan istifadə aşağıdakı hallarda həyata keçirilir:
      3.2.1. daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatın əldə edilməsi;
      3.2.2. nəqliyyat infrastrukturu obyekti, daşınmaz əmlak obyektinin ünvanı barədə xəritə məlumatlarının əldə edilməsi;
      3.2.3. daşınmaz əmlak obyektinin əvvəlki ünvan məlumatlarını daxil etməklə yeni ünvan məlumatlarının əldə edilməsi.
      3.3. ÜRİS ünvan reyestri və qrafik komponentlər əsasında aşağıdakı qaydada təşkil edilmişdir:
      3.3.1. ÜRİS-in ünvan reyestri komponenti mətn məlumatlarının məlumat bazasına daxil edilməsini, ünvan məlumatının funksionallığının yenilənməsini və ünvan məlumatının paylanmasını təmin edir;
      3.3.2. Qrafik komponent ünvan reyestrini dəstəkləyir, coğrafi informasiyalardan və ortofoto xəritələrdən istifadə funksionallığını təmin edir, ünvan reyestrinin mətn məlumat bazasından seçilən məlumatları xəritə üzərində təyin edir.


4. ÜRİS-in fəaliyyətinin təşkili


      4.1. ÜRİS-in istismarının, inkişafının və təhlükəsizliyinin təşkili, göstərilən sahələrdə nəzarət və idarələrarası qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi ÜRİS-in operatoru tərəfindən həyata keçirilir.
      4.2. Dövlət orqanlarının informasiya sistemlərinin ÜRİS-lə inteqrasiyası üçün həmin informasiya sistemləri aidiyyəti dövlət orqanları tərəfindən Operatorun müəyyən etdiyi texniki tələblərə uyğunlaşdırılır.
      4.3. ÜRİS-in operatoru:
      4.3.1. ÜRİS-in məlumat bazalarında olan bütün informasiyaların qorunmasına, icazəsiz daxilolmaların və təhrifetmələrin aparılmamasına görə cavabdehlik daşıyır;
      4.3.2. ÜRİS-in texniki-texnoloji infrastrukturunun istismarını təmin edir;
      4.3.3. ÜRİS-dən istifadə vərdişlərinin formalaşdırılmasını və daim təkmilləşdirilməsini təmin edir;
      4.3.4. Proqram təminatı və texniki vasitələrin işlək vəziyyətdə olmasını və istismar zamanı aşkar edilən səhvlərin və nasazlıqların təhlil edilməsini və aradan qaldırılmasını təmin edir;
      4.3.5. ÜRİS-in malik olduğu məlumat bazasının saxlanılmasını, bərpa edilməsini, ehtiyat surətlərinin yaradılmasını və təhlükəsizliyini təmin edir;
      4.3.6. Məlumatların ÜRİS-ə müəyyən olunmuş qaydada, vaxtında və düzgün daxil edilməsini təmin edir.
      4.3.7. ÜRİS-də informasiya təhlükəsizliyini təmin edir;
      4.3.8. ÜRİS üçün internet portalın yaradılmasını, portal vasitəsilə dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə elektron xidmətlərin göstərilməsini və bu portalda ünvanlaşdırma sahəsində yeniliklər haqqında məlumatların yerləşdirilməsini təmin edir.
      4.4. Toplanmış təcrübə, perspektiv istiqamətlər, prioritetlər, müasir standartlar, yeni texnologiyalar nəzərə alınaraq ÜRİS-in fəaliyyətinə və inkişafına dair perspektiv və illik tədbirlər planları Operator tərəfindən hazırlanır və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.