Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Statens Kartverk-Norveç Xəritəçəkmə Təşkilatı arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" Layihəsi

 

     Azərbaycan Respublikası ərazisndə ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinin ünvanları barədə sistemləşdirilmiş məlumat bazasının yaradılması üçün qabaqcıl dünya ölkələrinin təcrübəsi və müasir informasiya-kommunikasiya texnologiyaları əsasında avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq edilməsi zəruridir.
      Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyun 2010-cu il tarixli 157s nömrəli Sərəncamına uyğun olaraq, Statens Kartverk-Norveç Xəritəçəkmə Təşkilatı ilə "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" layihəsinin həyata keçirilməsi üzrə Qrant Sazişi"ni imzalamaq barədə razılıq əldə olunmuş və  "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Statens Kartverk-Norveç Xəritəçəkmə Təşkilatı arasında "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" layihəsinin həyata keçirilməsi üzrə Qrant Sazişi" 01 iyul 2010-cu il tarixində Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2010-cu il tarixli 224s nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
      Layihənin ümumi məqsədi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 27 noyabr 2008-ci il tarixli 27 nömrəli  Fərmanına müvafiq olaraq ünvan məlumatlarının daxil edilməsi, saxlanılması və istifadəçilərə yayılması üçün istifadə ediləcək Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılmasıdır.
      Ünvan Reyestrinin İnformasiya Sistemi beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndiriləcəkdir. Bununla əlaqədar olaraq Avropa Birliyinin EURADIN (European Addresses Infrastructure – Ünvanların Avropa İnfrastrukturu) layihəsi və INSPIRE (Infrastructure for Spatial Information in the European Community – Avropa Birliyində Fəza İnformasiyası üzrə İnfrastruktur) tapşırıqlarından istifadə edilməsi nəzərdə tutulur.
      Layihə 2 mərhələdə həyata keçiriləcəkdir.
    Layihənin birinci mərhələsinin nəticəsi Ünvan Reyestrinin İnformasiya Sisteminin hazırlanması üçün tələb olunan Texniki Spesifikasiyanın işlənib hazırlanmasından ibarətdir.
      Layihənin ikinci mərhələsinin məqsədi birinci mərhələdə hazırlanacaq Texniki Spesifikasiya əsasında Ünvan Reyestrinin yaradılmasından ibarətdir.
    Layihənin birinci mərhələsi çərçivəsində ünvan Reyestrinin İnformasiya Sisteminin hazırlanması üçün tələb olunan Texniki Spesifikasiyanın işlənib hazırlanması məqsədi ilə məsləhətçi cəlb etmək üçün Statens Kartverk-Norveç Xəritəçəkmə Təşkilatı tərəfindən tender keçirilmişdir. Tenderdə Danimarkadan olan müstəqil beynəlxalq məsləhətçi Piter Lindbo Larsen qalib gəlmişdir.  
   Məsləhətçi tərəfindən yerli mütəxəssislərə Bakı şəhərində təlimlərlə yanaşı, çoxsaylı seminarlar keçirilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin aidiyyəti qurumlarınin işçiləri, Daxili İşlər Nazirliyinin, Nəqliyyat Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin mütəxəssisləri ilə müzakirələr aparılmış  və layihənin hədəfləri ilə bağlı zəruri işlər görülmüşdür.