Azərbaycan Respublikasının Mülki Məcəlləsindən Çıxarış

 

Üçüncü bölmə. Əmlak və Əşya hüququ (12)

5-ci fəsil. Ümumi müddəalar

§ 1. Əşya hüququnun əsas anlayışları

 

Maddə 135. Əşya hüququnun obyektləri
      135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır.

      135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur.
      135.3. Bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir.
      135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.
      135.5. Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.
      135.6. Əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.
      135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi—müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar əvəzedilən əşyalar sayılır.
      135.8. Təyinatı istehlak olunmaqdan və ya özgəninkiləşdirilməkdən ibarət olan daşınar əşyalar istehlak edilən əşyalardır.
      135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir.
      135.10. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
      135.11. Ümumi anlamda və ya əsas əşya mülkiyyətçisinin aydın iradəsinə əsasən təsərrüfatın daimi aparılması, əsas əşyanın istifadəsi və ya saxlanması üçün nəzərdə tutulan və ona uyğunlaşdırılan daşınar əşyalar əşyanın ləvazimatıdır. Əgər əşya ləvazimatdırsa, onun bu keyfiyyəti əsas əşyadan müvəqqəti ayrıldığı halda da saxlanılır. Əgər ayrı razılaşma yoxdursa, əşyaya sahiblik onun ləvazimatına da şamil edilir.
      135.12. Əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir.

Maddə 136. Əşyaların mülki dövriyyəsi
      136.1. Əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

      136.2. Mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.
      136.3. Yalnız dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və ya dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyalar (mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar) qanunla müəyyənləşdirilmiş qaydada təyin edilir.

Maddə 137 çıxarılıb.

Maddə 138. Əşyaların və hüquqların yüklülüyü
      138.1. Əşyanın yüklülüyü—qanun və ya əqd əsasında əşyaya mülkiyyət hüququnun hər hansı formada məhdudlaşdırılmasıdır.

      138.2. Hüququn yüklülüyü—qanun və ya əqd əsasında mülki hüquqların və ya tələblərin hər hansı formada məhdudlaşdırılmasıdır.

 

§ 2. Əmlak hüquqlarının dövlət qeydiyyatı

 

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı
      139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

      139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
       139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası
      Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

Maddə 141. Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması
      141.1.Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.
      141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.
      141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

Maddə 142 çıxarılıb.

Maddə 143 çıxarılıb.

Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi
      144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
      144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.
      144.3. Notariat qaydasında təsdiqlədikdən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə bu məcəllə ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərir.
      144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur.
      144.5. Əgər daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi üçün təsdiqləyici sənədlər təqdim edilməzsə, ərizə rədd edilmiş sayılır. Əgər söhbət yalnız sərəncam hüququnu təsdiq edən sənədə əlavədən gedirsə, onda ilkin qeydiyyat mülkiyyətçinin razılığı ilə aparılır.

Maddə 145 çıxarılıb.

Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi
      146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
      146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
      146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
      Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir.
      146.4. Daşınmaz əmlaka dair müqavilənin notariat qaydasında təsdiqlənməsindən sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun istəyi ilə 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanına daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydiyyata alınması haqqında müraciət etmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərir. Ərizəyə müqavilənin bir nüsxəsi, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilir. Həmin ərizənin surəti müqavilənin notariat qaydasında təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir.
      146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur.
      146.6. Daşınmaz əmlakın və ya ona dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün sənədlər natamam olduqda, mülkiyyətçinin razılığı ilə və ya məhkəmə qərarı əsasında dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər.
      146.7. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır.
      146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir.

Maddə 147. Qabaqcadan qeydiyyat
      147.1. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də qabaqcadan qeydiyyatın aparılmasına yol verilir.
      147.2. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında verildiyi halda da tətbiq edilir.
      147.3. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat üçün tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir.

Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı
      148.1. Daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir.
      148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması
      149.1. çıxarılıb.
      149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi
      150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.
      150.2. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər.

Maddə 151 çıxarılıb.

 

6-cı fəsil. Mülkiyyət hüququnun ümumi müddəaları

 

Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu
      152.1. Mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
      152.2. Sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
      152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
      152.4. Sərəncam hüququ—əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
      152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
      152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
      152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
      152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
      152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.
      152.10. Əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçisinin üzərinə düşür.
      152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.

Maddə 153. Mülkiyyət hüququnun subyektləri
      153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
      153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.
      153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
      153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ
      154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər.
      154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
      154.3. Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin (iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir.

Maddə 155. Dövlət mülkiyyəti hüququ
      155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.
      155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
      155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.
      155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.

Maddə 156. Bələdiyyələrin mülkiyyət hüququ
      156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.
      156.2. Yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir.

Maddə 157. Mülkiyyətin müdafiəsi
      157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
      157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
      157.3. çıxarılıb.
      157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
      157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməliolduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
      157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
      157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
      157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
      157.9. Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.

Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları
      158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:
      158.1.1. girov hüququ;
      158.1.2. əmlakdan istifadə hüququ;
      158.1.3. servitutlar.
      158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
      158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun..
      158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

 

7-ci fəsil. Sahiblik hüququ

 

Maddə 159. Əşyaya sahiblik
      Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

Maddə 160. Vasitəsiz və vasitəli sahiblik
      Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir.

Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi
      Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.

Maddə 162. Sahibliyin müvəqqəti kəsilməsi
      Əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir.

Maddə 163. Sahibliyin verilməsi
      163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.
      163.2. Əgər üçüncü şəxs və ya özgəninkiləşdirən özü xüsusi hüquq münasibətləri əsasında əşyaya sahibliyi davam etdirirsə, əşyaya sahiblik əşya verilmədən də əldə edilə bilər. Sahibliyin bu cür verilməsi üçüncü şəxs üçün yalnız özgəninkiləşdirən ona bu barədə bildiriş verdikdə etibarlı olur. Üçüncü şəxs əşyanı özgəninkiləşdirənə verməkdən imtina etmək üçün istinad etdiyi əsaslarla əldə edənə verməkdən də imtina edə bilər.
      163.3. Fraxtverənə və ya anbara verilmiş mallar üçün onları təmsil edən order sənədi verildikdə bu sənədin verilməsi malın özünün verilməsi sayılır. Əgər həm order sənədini vicdanlı əldə edən, həm də malı vicdanlı əldə edən varsa, sonuncuya üstünlük verilir.

Maddə 164. Sahibliyin müdafiəsi
      164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
      164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

Maddə 165. Sahibliyin pozulması
      165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
      165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi
      166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur.
      166.2. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz.
      166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

Maddə 167 çıxarılıb.

Maddə 168 çıxarılıb.

 

8-ci fəsil. Mülkiyyət hüququnun məhdudlaşdırılması

 

Maddə 169. Mülkiyyət hüququnun məhdudlaşdırılmasının ümumi müddəaları
      169.1. Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
      169.2. Hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir.
      169.3. Yüklü torpaq sahəsinin mülkiyyətçisi öz mənafelərinin ədalətlə nəzərə alınması hüququna malikdir. Yerüstü xətlərin çəkildiyi hallarda, əgər fövqəladə hallar əsas verirsə, o, tələb edə bilər ki, həmin xəttin keçdiyi ağlabatan həcmdə torpaq sahəsi tam əvəzi ödənilməklə ondan ayrılsın.
      169.4. Əgər şərait dəyişərsə, mülkiyyətçi xəttin onun mənafeyinə uyğun çəkilməsini tələb edə bilər. Çəkilmənin dəyərini ixtiyarlı şəxs ödəməlidir, lakin xüsusi halların əsas verdiyi yerlərdə dəyərin ağlabatan hissəsi mülkiyyətçinin hesabına aid edilə bilər.

Maddə 170. Qonşuluq hüququ
      170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
      170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
      170.3. Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
      170.4. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.

Maddə 171. Qonşu təsirinə dözmək vəzifəsi
      171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
      171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
      171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

Maddə 172. Mülkiyyətçinin qazıntılar və tikinti işləri ilə vurduğu ziyan
      172.1. Qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin.
      172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər.
      172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.
      172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir.

Maddə 173. Çıxıntılı binalar
      173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər.
      173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər.
      173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.
      173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər.

Maddə 174. Çıxıntılı bitkilər
      174.1. Əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər.
      174.2. Ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır.
      174.3. Əgər mülkiyyətçi tikililər və üst tikililər olan torpaq sahələrində çıxıntılı budaqların olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə onun hüququ çatır. Bu göstərişlər meşə torpaq sahələrinə şamil edilmir.

Maddə 175. Özgənin sahibliyində olan sahədən zəruri yol və keçid
      175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır.
      175.2. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər.
      175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir.

Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi
      176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsi ilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.
      176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.
      176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.

Maddə 177. İtmiş heyvanlar və əşyalar
      Əgər təbii fəlakət və ya təsadüfi hadisələr nəticəsində əşyalar özgə torpaq sahəsinə düşərsə və ya vəhşi heyvanlar istisna olmaqla, heyvanlar özgə ərazisinə keçərsə, həmin torpaq sahəsinin mülkiyyətçisi ixtiyarlı şəxsin onların arxasınca gəlib onları götürməsinə icazə verməlidir. Bu zaman dəyən zərər üçün o, əvəz ödənilməsini tələb edə bilər və bununla əlaqədar həmin əşyaları saxlamaq hüququna malikdir.

 

9-cu fəsil. Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi

§ 1. Daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsi

 

Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi
      178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
      178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
      178.3. Əgər daşqın, torpağın səpələnməsi və ya yerdəyişməsi, çayın yatağının və ya səviyyəsinin dəyişməsi nəticəsində, yaxud başqa şəkildə yeni ərazi meydana gəlmişsə, o, bitişik torpaq sahəsində birləşdirilir.
      178.4. Torpağın bir torpaq sahəsindən digərinə yerdəyişməsi sahələrin hüdudlarının dəyişməsinə səbəb olmur.
      178.5. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır.
      178.6. Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır.
      178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur.
      178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

Maddə 179. Əldə etmə müddəti
      179.1. çıxarılıb.
      179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər.
      179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.
      179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

Maddə 180. Özbaşına tikinti və onun nəticələri
      180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
      180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
      180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
      180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

 

§ 4. Mülkiyyət hüququnun itirilməsi

 

Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri
      203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
      203.2. Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.
      203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:
      203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
      203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;
      203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;
      203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;
      203.3.5. rekvizisiya;
      203.3.6. müsadirə.
      203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.
      203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir.

Maddə 204. Mülkiyyət hüququndan imtina
      204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır.
      204.2. Daşınar əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina üçün mülkiyyətçi bu barədə yazılı elan verməli və ya həmin əmlaka hər hansı hüququnu saxlamaq niyyəti olmadan əmlaka sahiblik etməkdən, ondan istifadə etməkdən və ona dair sərəncam verməkdən kənarlaşmasını aşkar göstərən başqa hərəkətləri yerinə yetirməlidir.

Maddə 205. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi
      205.1. Mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir.
      205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.

Maddə 206. Şəxsin ona mənsub ola bilməyən əmlaka mülkiyyət hüququna xitam verilməsi
      206.1. Əgər qanunun yol verdiyi əsaslara görə şəxsin mülkiyyətinə qanunla ona mənsub ola bilməyən əmlak düşmüşsə, həmin əmlakı mülkiyyətçi, qanunla ayrı müddət müəyyənləşdirilməyibsə, əmlaka mülkiyyət hüququnun əmələ gəldiyi andan bir il ərzində özgəninkiləşdirməlidir.
      206.2. Mülkiyyətçi əmlakı bu Məcəllənin 206.1-ci maddəsində göstərilən müddətlərdə özgəninkiləşdirmədikdə, belə əmlak, onun xarakterini və təyinatını nəzərə almaqla, dövlət orqanının ərizəsi üzrə məhkəmənin çıxardığı qərara əsasən məcburi satılaraq satış pulu keçmiş mülkiyyətçiyə verilməli və ya
dövlət mülkiyyətinə verilərək dəyəri keçmiş mülkiyyətçiyə ödənilməlidir. Bu zaman əmlakın özgəninkiləşdirilməsinə çəkilən xərclər çıxılır.
      206.3. Əgər qanunun yol verdiyi əsaslara görə fiziki və ya hüquqi şəxsin mülkiyyətinə əldə edilməsinə xüsusi icazə tələb olunan və mülkiyyətçiyə belə icazənin verilməsindən imtina edilən əmlak düşərsə, bu əmlak həmin mülkiyyətçiyə mənsub ola bilməyən əmlak üçün müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirilməlidir.

Maddə 207. Torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi
      207.1. Torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər.
      207.2. çıxarılıb.

Maddə 208. Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması
      208.1. Qanuna uyğun olaraq xüsusilə qiymətli və dövlət tərəfindən qorunan sərvətlər sırasına daxil edilmiş mədəni sərvətlərin mülkiyyətçisi həmin sərvətləri təsərrüfatsızcasına saxlayırsa, bu isə onların öz əhəmiyyətini itirəcəyi qorxusunu törədirsə, belə sərvətlər məhkəmənin qərarına əsasən dövlət tərəfindən satınalma yolu ilə mülkiyyətçidən alına bilər.
      208.2. Mədəni sərvətlər satın alınarkən onların dəyəri mülkiyyətçiyə tərəflərin razılaşması ilə, mübahisə olduqda isə məhkəmə tərəfindən müəyyənləşdirilmiş miqdarda ödənilir.

Maddə 209. Rekvizisiya
      209.1. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alına bilər (rekvizisiya).
      209.2. Əmlakı rekvizisiya edilmiş şəxs rekvizisiya üçün əsas götürülmüş halların təsiri qurtardıqda, əmlakından qalanın qaytarılmasını məhkəmə yolu ilə tələb edə bilər.

Maddə 210. Mülkiyyət hüququna qanun üzrə xitam verilməsinin nəticələri
      Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə, bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir.

Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlakın qiymətləndirilməsi
      Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.

Maddə 212. Müsadirə
      Qanunda nəzərdə tutulmuş hallarda mülkiyyətçidən əmlak, törədilmiş cinayətə görə sanksiya kimi məhkəmənin hökmü ilə əvəzsiz alına bilər (müsadirə).

 

10-cu fəsil. Mülkiyyət hüququnun xüsusi növləri

§ 1. Ümumi mülkiyyət

 

Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları
      213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
      213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
      213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
      213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır.
      213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
      213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
      213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər.
      213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.

Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi
      214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
      214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
      214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.
      214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr, onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.

Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi
      215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
      215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
      215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər:
      215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti;
      215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.
      215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
      215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir.
      215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

Maddə 216. Paylı mülkiyyətdə olan əşyanın istifadəsindən bəhər, məhsul və gəlir
      Mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür.

Maddə 217. Paylı mülkiyyətdə olan əmlakın saxlanması xərcləri
      217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.
      217.2. Mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.
      217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər.
      217.4. Əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yararlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər.
      217.5. Əşyanın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar onun istifadə və sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın və qalan iştirakçılar yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən hissəsini öz üzərlərinə götürsünlər.

Maddə 218. Satın almaqda üstünlük hüququ
      218.1. Ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər.
      218.2. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
      218.3. Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, satıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.
      218.4. Payı satın almaqda üstünlük hüququnun güzəşt edilməsinə yol verilmir.
      218.5. Bu maddənin qaydaları pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildikdə də tətbiq edilir.

Maddə 219. Ümumi paylı mülkiyyət hüququndakı payın müqavilə üzrə əldə edənə keçməsi anı
      219.1. Ümumi mülkiyyət hüququndakı pay, əgər tərəflərin razılaşmasında ayrı vaxt nəzərdə tutulmayıbsa, müqavilənin bağlandığı andan müqavilə üzrə əldə edənə keçir.
      219.2. Doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir.

Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması
      220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
      220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
      220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
      220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
      220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
      220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi
      Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi
      222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
      222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
      222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
      222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz.

Maddə 223. Birgə mülkiyyət hüququna xitam verilməsi, birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması
      223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.
      223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.
      223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
      223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

Maddə 224. Ümumi mülkiyyətdəki paya tutmanın yönəldilməsi
      224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər.
      224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin.

Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti
      225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
      225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
      225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
      225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
      225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.
      225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

 

§ 2. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ

 

Maddə 226. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ anlayışı
      226.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır.
      226.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir.
      226.3. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi müqavilə əsasında onu icarəyə verə bilər.
      226.4. Yaşayış binalarında sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.

Maddə 227. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti
      227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
      227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.

Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ
      228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
      228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
      228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
      228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
      228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Maddə 229. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı
      229.1. Yaşayış binasının tərkib hissələrinin fərdi mülkiyyətçilərinin toplusu yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin hüquqi şəxs olmayan yığıncağını təşkil edir.
      229.2. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının ləğvini tələb etmək yolverilməzdir.

Maddə 230. Yaşayış binasının tərkib hissələrinin vahidləri
      Yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda «yaşayış binasının tərkib hissələrinin vahidləri» adlandırılır.

Maddə 231. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdə hüquqları
      231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir:
      231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ;
      231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri;
      231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular.
      231.2. Binanın digər tikinti konstruksiyaları yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin sonrakı razılaşması ilə əsaslandırma aktında birgə konstruksiyalar elan edilə bilər. Belə edilmədikdə ehtimal olunur ki, onlar xüsusi hüquqlara aid edilmişdir.

Maddə 232. Yaşayış binasının tərkib hissəsini əldə etməkdə üstünlük hüququnun məhdudlaşdırılması
      Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi yaşayış binasının tərkib hissəsinin digər mülkiyyətçisindən onun payını əldə etmiş və ya sonrakı razılaşma yolu ilə bu cür üstünlük hüququnu başqasına vermiş və qabaqcadan onu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış üçüncü şəxs barəsində əldə etmədə üstünlük hüququna malik deyildir. Eynilə bu şəkildə müəyyənləşdirilə bilər ki, yaşayış binasının tərkib hissəsinin özgəninkiləşdirilməsi, onun istifadə hüququ və ya mənzil hüququ ilə yüklü edilməsi, habelə kirayəyə verilməsi yalnız o halda hüquqi qüvvəyə malikdir ki, yaşayış binasının tərkib hissəsinin qalan mülkiyyətçiləri müvafiq qərar qəbul edərək, onlara məlumat verildiyi andan 14 gün ərzində buna etiraz etməsinlər. Əgər etiraz tutarlı əsas olmadan verilmişdirsə, etibarlı deyildir. Belə etiraza baxarkən məhkəmə etirazın əleyhdarının xahişi ilə onun iddiasının təmin edilməsi barədə sərəncam verir.

Maddə 233. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun qeydə alınması
      233.1. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir. Qeydiyyat aşağıdakılar əsasında tələb edilə bilər:
      233.1.1. mülkiyyətçilərin yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndakı paylarının rəsmiləşdirilməsinə dair müqavilə;
      233.1.2. daşınmaz əmlak mülkiyyətçisinin və ya müstəqil və sürəkli tikinti hüququ sahibinin belə mülkiyyətin paylarının yaradılması və onların yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna rəsmiləşdirilməsi barədə ərizəsi.
      233.2. Əqdin etibarlı olması üçün onun notariat qaydasında təsdiqlənməsi və ya əgər vəsiyyətnamə və ya miras bölgüsü haqqında müqavilə varsa, müvafiq forma zəruridir.
      233.3. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququnun əsaslandırılması aktında ərazi bölgüsündən başqa, yaşayış binasının hər bir tərkib hissəsinin payı daşınmaz əmlakın və ya tikinti hüququnun yüzdə bir və ya mində bir misli ilə göstərilməlidir. Payların dəyərinin dəyişdirilməsi üçün yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının razılığı və icazəsi tələb olunur; lakin əgər mülkiyyətçinin payı yanlış müəyyənləşdirilmişsə və ya binada və ya onun həndəvərində tikinti dəyişiklikləri nəticəsində yanlış olmuşdursa, mülkiyyətçilərdən hər birinin düzəliş hüququ vardır.

Maddə 234. Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna xitam verilməsi
      Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququna daşınmaz əmlakın və ya tikinti hüququnun məhvi ilə və daşınmaz əmlakın dövlət reyestrində qeydlə xitam verilir. Əgər bina onun dəyərinin yarısından çox ölçüdə dağılmışdırsa və mülkiyyətçi özü üçün, demək olar, dözülməz yüklülüklər olmadan binanın bərpasına qadir deyildirsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisindən mülkiyyət hüququna xitam verilməsi tələb edilə bilər, lakin yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri ümumi mülkiyyətə sahibliyi davam etdirmək niyyətindədirlərsə, qalan mülkiyyətçilərə peşiman haqqı ödəmək yolu ilə hüquqa xitam verilməsinin qarşısını ala bilərlər.

Maddə 235. Birgə idarəetmə xərcləri
      235.1. Yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə o cümlədən aşağıdakılar aiddir:
      235.1.1. torpaq sahəsinin və yaşayış binasının birgə hissələrinin, habelə birgə konstruksiyalarının və qurğularının saxlanmasına, cari təmirinə və yeniləşdirilməsinə çəkilən xərclər;
      235.1.2. idarəçiyə haqq ödənilməsi də daxil olmaqla, idarəetmə fəaliyyətinə çəkilən xərclər;
      235.1.3. bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergilər.
      235.2. Əgər birgə istifadə edilən müəyyən tikinti konstruksiyaları, qurğular mülkiyyətin ayrı-ayrı tərkib hissələrinə xidmət etmirsə və ya əhəmiyyətsiz dərəcədə xidmət edirsə, bunu xərclərin bölgüsündə nəzərə almaq lazımdır.
      235.3. Yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi xərclər üçün haqları üç il ərzində ödəmədikdə yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı:
      235.3.1. yaşayış binasının tərkib hissələrinə mülkiyyətdə onun payı üçün ipotekanı qeydə aldırmaq hüququna malikdir. İpotekanın qeydə alınmasını idarəçi və ya əgər o, təyin edilməyibsə, əksəriyyətin qərarı ilə və ya məhkəmə tərəfindən vəkil edilmiş yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən hər hansı biri və ödənilməmiş haqların girov kimi verildiyi kreditor tələb edə bilər;
      235.3.2. yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin otaqlarında olan və onların avadanlıqla təchiz edilməsi və istifadəsi üçün nəzərdə tutulan daşınar əşyaları girov qoymaq hüququna malikdir.

Maddə 236. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının səlahiyyətləri
      236.1. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı öz idarəetmə fəaliyyətindən, o cümlədən haqq ödənilməsi tələbindən irəli gələn əmlakı və haqlardan əmələ gələn nağd vəsaiti, məsələn, yeniləşdirmə fondunu öz adından əldə edir. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı öz adından iddia qaldıra və icranı tələb edə bilər, əşyanın olduğu yer üzrə cavabdeh ola bilər.
      236.2. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının bu Məcəllədə göstərilən səlahiyyətlərindən savayı, aşağıdakı səlahiyyətləri də vardır:
      236.2.1. yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı tərəfindən idarəçinin səlahiyyətinə aid edilməmiş bütün idarəetmə məsələlərini həll etmək;
      236.2.2. idarəçini təyin etmək və onun fəaliyyətinə nəzarət etmək;
      236.2.3. idarəetmə məsələlərinin həllini, o cümlədən idarəçiyə məsləhət verilməsini, onun idarəetmə fəaliyyətinin yoxlanılmasını, bu barədə yığıncağa hesabat verilməsini və ərizələr təqdim edilməsini tapşıra biləcəyi komissiyanı və ya nümayəndəni seçmək;
      236.2.4. hər il xərclər smetasına, mülkiyyətçilər arasında xərclərin hesablanmasına və bölgüsünə icazə vermək;
      236.2.5. səliqə-sahmanın qorunması və yeniləşdirmə işlərinin aparılması üçün yeniləşdirmə fondunun yaradılması haqqında qərar qəbul etmək;
      236.2.6. binanı yanğından və digər təhlükələrdən, habelə məsuliyyəti sığorta etdirmək.
      236.3. Əgər idarəçi təyin edilirsə və ayrı qərar qəbul olunmursa, yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağını idarəçi çağırır və aparır. Əgər idarəçi təyin olunmursa, yaxud o, təyinatdan imtina edirsə, yığıncağı yaşayış binasının ümumi dəyərinin azı 10 fazini təmsil edən hər hansı mülkiyyətçi (və ya mülkiyyətçilərin hər hansı çoxluğu) çağıra bilər. Yığıncaqda sadə çoxluqla ona sədrlik edən seçilir. Qərarlar barəsində protokol tərtib edilir. Protokolu idarəçi və ya yaşayış binasının tərkib hissəsinin sədrlik edən mülkiyyətçisi saxlamalıdır.
      236.4. Yaşayış binasının tərkib hissəsi bir neçə şəxsə birlikdə mənsubdursa, onların yalnız bir səsi vardır. Bu səsi onlar özlərinin təmsilçisi vasitəsi ilə verirlər. Səsvermə hüququnun həyata keçirilməsi barədə yaşayış binasının tərkib hissələri vahidinin mülkiyyətçisi və uzufruktuarı da razılığa gəlməlidirlər; əks halda uzufruktuar, sadəcə, faydalı olan və ya bəzəklər və ya rahatlıqlar yaradılmasına yönəldilən tikinti tədbirlərindən başqa, bütün idarəetmə məsələlərində səsvermə hüququ olan şəxs sayılır.
      236.5. Yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağının qərarlar çıxarmağa o halda ixtiyarı vardır ki, eyni zamanda payların yarısına sahib olan mülkiyyətçilərin yarısı, lakin onların azı ikisi yığıncaqda iştirak etsin və ya təmsil olunsun. Yetərsay olmadıqda yığıncaq ikinci dəfə çağırılır, həm də o, birinci yığıncaqdan azı on gün keçəndən sonra keçirilməlidir. İkinci yığıncağın qərarlar çıxarmağa o halda ixtiyarı vardır ki, yaşayış binasının tərkib hissələrinin bütün mülkiyyətçilərinin üçdə bir hissəsi, lakin onların azı ikisi yığıncaqda iştirak etsin və ya təmsil olunsun.
      236.6. Əgər yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin yığıncağı idarəçini təyin edə bilməzsə, yaşayış binasının tərkib hissəsinin hər hansı mülkiyyətçisi idarəçinin məhkəmə tərəfindən təyin olunmasını tələb edə bilər. Bunda əsaslı marağı olan şəxs, məsələn, girov saxlayan və sığortaçı da həmin hüquqa malikdir.
      236.7. Yığıncağın qərarı ilə idarəçi onun əvəz ödənilmək barədə irəli sürə biləcəyi iddiaları saxlanılmaqla istənilən vaxt geri çağırıla bilər. Əgər mülkiyyətçilərin yığıncağı mühüm səbəblərə etinasızlıq göstərərək idarəçinin geri çağırılmasını rədd edərsə, yaşayış binasının tərkib hissəsinin istənilən mülkiyyətçisi bir ay ərzində onun məhkəmə qaydasında geri çağırılmasını tələb edə bilər. Məhkəmənin təyin etdiyi idarəçi təyin edildiyi müddət qurtaranadək məhkəmənin razılığı olmadan geri çağırıla bilməz.

Maddə 237. Yaşayış binasının tərkib hissələrinə birgə mülkiyyətin idarəçisi
      237.1. İdarəçi qanunun göstərişlərinə və mülkiyyətçilər yığıncağının qərarlarına uyğun olaraq birgə mülkiyyətin idarə edilməsi üzrə bütün hərəkətləri yerinə yetirir, mümkün zərərin qarşısının alınması və ya aradan qaldırılması üçün özü tədbirlər görür. O, birgə xərcləri və yaşayış binasının tərkib hissələrinin ayrı-ayrı mülkiyyətçilərinin yüklülüklərini bölüşdürür, onlara hesab təqdim edir, haqlar alır, nağd pul vəsaitini idarə edir və ondan təyinatı üzrə istifadə edir. O, xüsusi hüquqların həyata keçirilməsi, torpaq sahəsinin və yaşayış binasının birgə hissələrindən, habelə birgə qurğulardan istifadə zamanı qanunun göstərişlərinin və evdə yaşayış qaydalarının gözlənilməsinə nəzarət edir.
      237.2. İdarəçi birgə mülkiyyətin idarə edilməsi sahəsində onun qanuni vəzifələri dairəsinə daxil olan bütün işlərdə yaşayış binasının tərkib hissələrinin həm bütün mülkiyyətçilərini, həm də ayrı-ayrı mülkiyyətçilərini kənarda təmsil edir. Özünün və ya qarşı tərəfin başladığı məhkəmə proseslərini aparmaq üçün ona iddianın təmin edilməsi barədə sərəncamdan başqa, mülkiyyətçilər yığıncağının qabaqcadan verdiyi səlahiyyət də lazımdır. Bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərinə ünvanlanmış ərizələr, tələblər, məhkəmə qərarları və sərəncamlar idarəçiyə onun yaşayış yeri üzrə və ya əşyanın olduğu yer üzrə çatdırıla bilər və həmin andan qüvvəyə minir.

 

§ 3. Torpağa mülkiyyət hüququnun xüsusiyyətləri

 

Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi
      238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
      238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir.
      238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
      238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir.

Maddə 239. Torpaq sahəsinə buraxılma
      239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.
      239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Maddə 240. Torpaq sahəsində tikinti
      240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
      240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
      240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.

Maddə 241. Torpaq sahəsindən istifadə hüququnun əldə edilməsi əsasları
      241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər.
      241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
      241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər.
      241.4. Hüquqi şəxs yenidən təşkil edilərkən ona mənsub torpaq sahəsindən istifadə hüququ onun hüquq varisinə keçir.

Maddə 242. Torpaq sahəsinə sahiblik və ondan istifadə
      242.1. çıxarılıb.
      242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər.

Maddə 243. Daşınmaz əmlak mülkiyyətçisinin torpaq sahəsindən istifadə hüququ
      243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.
      243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.
      243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.

Maddə 244. Torpaq sahəsindən istifadə hüququna xitam verilməsinin nəticələri
      Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir.

Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi
      Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

Maddə 246. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması
      246.1. çıxarılıb.
      246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir.
      246.2. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.
      246.3. Torpaq sahəsinin alınması haqqında qərar qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.
      246.4. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər.
      246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir.

Maddə 247. Dövlət ehtiyacları üçün satın alınan torpaq sahəsinin satınalma qiyməti
      247.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir.
      247.2. Satınalma qiyməti müəyyənləşdirilərkən həmin qiymətə torpaq sahəsinin və orada olan daşınmaz əmlakın bazar dəyəri, habelə torpaq sahəsinin alınması nəticəsində mülkiyyətçiyə dəyən bütün zərər, o cümlədən əldən çıxmış fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü zərər daxil edilir.
      247.3. Mülkiyyətçi ilə razılaşmaya əsasən ona dövlət ehtiyacları üçün alınan sahənin əvəzinə dəyəri satınalma qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə bilər.

Maddə 248. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərardan iddianın verilməsi
      248.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarı ilə və ya satınalma qiyməti ilə razı olmadıqda bu barədə məhkəməyə müraciət edə bilər. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının bu Məcəllənin 246.1-ci maddəsində göstərilən qərarından məhkəməyə şikayət verildikdə, bu Məcəllənin 246.4-cü maddəsində nəzərdə tutulan müddətlərin axımı dayandırılır.
      248.2. Torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında qərardan iddia bu Məcəllənin 246.3-cü maddəsində göstərilmiş bildirişin sahənin mülkiyyətçisinə göndərildiyi gündən, satınalma qiymətindən iddia isə bu Məcəllənin 247.1-ci maddəsində göstərilən ödəmənin həyata keçirildiyi gündən bir il ərzində verilə bilər.

Maddə 249. Dövlət ehtiyacları üçün alınmalı torpaq sahəsi mülkiyyətçisinin hüquqları
      249.1. Dövlət ehtiyacları üçün alınan torpaq sahəsinin mülkiyyətçisi sahənin alınması haqqında bu Məcəllənin 246.1-ci maddəsinə müvafiq qərar qəbul edildiyi andan bu Məcəllənin 246.4-cü maddəsinə əsasən sahəni azad edənə qədər sahəyə sahibliyi və ondan təyinatına uyğun istifadəni həyata keçirə bilər.
      249.2. Torpaq sahəsinin satınalma qiymətinin müəyyənləşdirildiyi dövrdə sahədə yeni binaların və qurğuların tikintisi, köhnələrinin genişləndirilməsi və yenidən qurulması ilə bağlı məsrəflərin və zərərin mülkiyyətçiyə aid edilməsi riski onun üzərinə düşür.

 

11-ci fəsil. Əşya istifadə hüquqları

§ 1. Tikintiyə vərəsəlik hüququ

 

Maddə 250. Tikintiyə vərəsəlik hüququ anlayışı
      250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ—özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.
      250.2. Tikintiyə vərəsəlik hüququ tikinti üçün zəruri olmayan, lakin binadan daha yaxşı istifadə etməyə imkan verən torpaq sahəsi hissəsinə şamil edilə bilər.
      250.3. Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin doxsan doqquz ildən çox ola bilməz.

Maddə 251. Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə
      251.1. Tikintiyə vərəsəlik hüququ haqqında müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.
      251.2. Tikintiyə hüququn məzmunu və həcmi haqqında, məsələn, binaların mövqeyi, forması, genişləndirilməsi və təyinatı haqqında, habelə tikinti aparılmamış və həmin hüququn həyata keçirilməsi üçün istifadə edilə bilən sahələrdən istifadə haqqında müqavilə müddəaları tikintiyə vərəsəlik hüququnu əldə edən hər bir şəxs üçün məcburidir. Eyni qayda tikintiyə vərəsəlik hüququ subyektinin müəyyən şərtlər yarandıqda bu hüququ daşınmaz əmlakın mülkiyyətçisinə vermək öhdəliyi üçün də etibarlıdır.

Maddə 252. Tikintiyə vərəsəlik hüququ haqqında müqaviləyə xitam verilməsi
      252.1. Əgər tikintiyə vərəsəlik hüququ haqqında müqavilənin qüvvəsinə xitam verilirsə, mövcud binalar torpaq sahəsinin mülkiyyətçisinə keçir (mülkiyyətçiyə qayıtma) və onun torpaq sahəsinin tərkib hissələrinə çevrilir.
      252.2. Tikintiyə vərəsəlik hüququ onun verildiyi müddət qurtardıqda və ya tərəflər qarşılıqlı razılaşmaya gəldikdə ləğv edilir.
      252.3. Əgər tikintiyə vərəsəlik hüququnu əldə etmiş şəxs öz əşya hüququnu kobudcasına aşırsa və ya müqavilə öhdəliklərini pozursa, torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnun ondan irəli gələn bütün hüquq və yüklülüklərlə birlikdə ona keçməsini tələb edərək həmin hüquqa vaxtından əvvəl xitam verilməsinə nail ola bilər.
      252.4. Torpaq sahəsinin mülkiyyətçisi müqaviləyə xitam verildikdən sonra ona keçən binalar üçün tikintiyə vərəsəlik hüququ olmuş şəxsə ağlabatan kompensasiya ödəməlidir. Hüquq vaxtından əvvəl qayıtdıqda kompensasiya tikintiyə vərəsəlik hüququ subyektinin təqsirli davranışı kompensasiyanın azaldılması üçün əsas kimi nəzərə alınmaqla hesablanır. Tikintiyə vərəsəlik hüququ yalnız o halda torpaq sahəsinin mülkiyyətçisinə keçir və ya ona xitam verilir ki, kompensasiya ödənilmiş olsun və ya girov qoyulsun. Bu kompensasiya tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi kreditorlar üçün qarantiya sayılır, onların razılığı olmadan tikintiyə vərəsəlik hüququnun əvvəlki subyektinə kompensasiya ödəmək olmaz.
      252.5. Əgər kompensasiya ödənilmirsə və ya girov qoyulmursa, tikintiyə vərəsəlik hüququnun əvvəlki subyekti və ya tikintiyə vərəsəlik hüququnun girov kimi verildiyi kreditor tələb edə bilər ki, tikintiyə vərəsəlik hüququnun ləğv edilməsi əvəzinə kompensasiya barədə tələbin təmin edilməsi üçün eyni dərəcəli ipoteka qeydə alınsın. Qeydiyyat tikintiyə vərəsəlik hüququna xitam verilməsindən ən geci üç ay keçənədək aparılmalıdır.
      252.6. Kompensasiyanın miqdarı və müəyyənləşdirilməsi proseduru haqqında, habelə kompensasiya vermək vəzifəsinin ləğvi və torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpası haqqında tikintiyə vərəsəlik hüququnun əsaslandırılması üçün zəruri olan formada razılaşmalar qəbul edilə və daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər.
      252.7. Binanın məhvi tikintiyə vərəsəlik hüququna xitam verilməsinə səbəb olmur, tikintiyə vərəsəlik hüququ olan şəxs ondan imtina edə bilər ki, bunun da nəticəsində ona xitam verilir.

Maddə 253. Tikintiyə vərəsəlik hüququ üçün haqq
      253.1. Daşınmaz əmlakın mülkiyyətçisi tikintiyə vərəsəlik hüququ üçün haqq almaq hüququna malikdir.
      253.2. Tikintiyə vərəsəlik hüququna birtərəfli qaydada mülkiyyətçi yalnız iki il ərzində ödənişlərin verilməməsi ilə əlaqədar xitam verə bilər.
      253.3. Tikintiyə vərəsəlik hüququ üçün haqq ödənilməsinin təmin edilməsi məqsədi ilə torpaq sahəsi mülkiyyətçisinin tikintiyə vərəsəlik hüququnun həmin subyekti barəsində ixtiyarı var ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış tikintiyə vərəsəlik hüququ üçün girov hüququnu ən çoxu üç illik haqq həcmində qeydə aldırsın. Əgər qarşılıqlı öhdəlik bərabər illik haqlar şəklində müəyyənləşdirilməyibsə, bərabər bölgü zamanı üç ilə düşən məbləğin girovu üçün qanuni hüquq tələb edilə bilər.
      253.4. Girov hüququ tikintiyə vərəsəlik hüququnun mövcud olduğu dövrdə istənilən vaxt qeydə alına bilər və hərracdan açıq satış vasitəsi ilə onun ləğvinə yol verilmir.

Maddə 254. Tikintiyə vərəsəlik hüququ olan şəxsin torpaq sahəsini satın almaqda üstünlük hüququ
      Tikintiyə vərəsəlik hüququ olan şəxs torpaq sahəsini satın almaqda üstünlük hüququna malikdir. Torpaq sahəsinin mülkiyyətçisi tikintiyə vərəsəlik hüququnu satın almaqda üstünlük hüququna malikdir.

 

§ 2. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ

I. Servitut

 

Maddə 255. Servitut anlayışı
      255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir.
      255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir.
      255.3. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.
      255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər.
      255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir.
      255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın.
      255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır.
      255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.

Maddə 256. Servitutun qeydə alınması
      256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir.
      256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

Maddə 257. Servitut tərəflərinin vəzifələri
      257.1. Servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın.
      257.2. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir.

Maddə 258. Servitutun məzmunu
      258.1. Servitutun məzmununa servitutun qüvvədə olma müddəti və şərtləri daxildir. Servitutla yüklü olan daşınmaz əmlakın planı servitutun yeri göstərilməklə müqaviləyə qoşulur.
      258.2. Servitutun məzmunu daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat yazısında qeyd olunmalıdır.
      258.3. Qeydiyyat yazısında servitutla yüklü olan daşınmaz əşyanın planı servitutun yeri ilə birlikdə göstərilməlidir.

Maddə 259. İxtiyarlı şəxsin və yüklü olan mülkiyyətçinin hüquqlarının müdafiəsi
      259.1. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxs hüquqlarının həyata keçirilməsində maneələrlə qarşılaşarsa, bunların aradan qaldırılması üçün o, vicdanlı sahib ilə eyni hüquqlara malikdir.
      259.2. Əgər servitutun həyata keçirilməsi zamanı ixtiyarlı şəxsin və onun daşınmaz əşyasının tələbatı dəyişərsə, yüklü olan mülkiyyətçini əlavə yüklü etmək imkanına yol verilmir.
      259.3. Əgər servitutun həyata keçirilməsi üçün qurğu varsa, ixtiyarlı şəxs onun saxlanması xərclərini çəkməlidir. Qurğu həm də yüklü olan mülkiyyətçinin mənafelərinə xidmət üçün nəzərdə tutulduqda onların hər ikisi qurğunun saxlanması xərclərini öz mənafelərinə mütənasib surətdə çəkirlər.
      259.4. Yüklü olan mülkiyyətçi ixtiyarlı şəxsin tələbatını nəzərə alaraq servitutun bir yerdən başqa yerə keçirilməsini bu şərtlə tələb edə bilər ki, özünün yerdəyişmədə maraqlı olduğunu sübuta yetirsin və yerdəyişmə xərclərini öz öhdəsinə götürsün.

Maddə 260. İxtiyarlı şəxsin daşınmaz əşyasının bölünməsinin nəticələri
      260.1. Əgər ixtiyarlı şəxsin servitut qoyulmuş daşınmaz əşyası bölünərsə, hər bir bölünmüş hissə üçün ayrılıqda servitut müəyyənləşdirilməlidir. Lakin bu qaydaya yalnız yüklü olan mülkiyyətçinin vəziyyətini pisləşdirməmək şərti ilə yol verilə bilər.
      260.2. Əgər yüklü olan daşınmaz əşyanın bölünməsi nəticəsində servitut hissələrdən yalnız birinə şamil edilirsə, onda servitutun şamil edilmədiyi hissəyə bölgüdən sonra servitut təsir göstərmir.
      260.3. Servitutda edilən bütün dəyişikliklər daşınmaz əmlakın dövlət reyestrində qeyd edilir.
      260.4. Daşınmaz əmlakın dövlət reyestrinin əməkdaşları ixtiyarlı şəxsə həmin servitutun ləğv edilməsi xahişi barəsində məlumat verməli və əgər o buna bir ay ərzində etiraz etməzsə, ləğvetməni həyata keçirməlidirlər.

Maddə 261. Servitut üçün haqq
      261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər.
      261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir.

Maddə 262. Servituta xitam verilməsi
      262.1. Yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür servituta xitam verilir.
      262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
      262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər.
      262.4. Servituta xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməlidir.
      262.5. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisi yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi olursa, o, servituta xitam verə bilər. Xitam
verilənədək servitut əşya hüququ kimi saxlanılır.
      262.6. Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya tamamilə əvəz edilə bilər.

 

II. Uzufrukt

 

Maddə 263. Uzufrukt anlayışı
      263.1. Uzufrukt əşyanın və ya hüquqların elə yüklülüyüdür ki, bu zaman xeyrinə yüklülük müəyyənləşdirilən şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda götürmək hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq bu əşyanı və hüquqları girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə məhdudlaşdırıla bilər.
      263.2. Uzufrukt pullu və pulsuz ola bilər.
      263.3. Uzufrukt müvəqqəti və ya uzufruktuarın bütün ömrü boyu mövcud ola bilər.

Maddə 264. Uzufruktun verilməsi şərtləri
      Uzufruktun verilməsi üçün daşınar əşyalar və ya hüquqlar ilə bağlı halda onların uzufruktuara keçməsi, daşınmaz əşyalarla bağlı halda isə onların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Uzufrukt verilərkən mülkiyyət hüququ haqqında müddəalar qüvvədə olur. Uzufruktun verilməsi bunu nəzərdə tutur ki, onun tərkib hissələri müəyyənləşdirilə biləndir.

Maddə 265. Uzufruktuarın hüquq və vəzifələri
      265.1. Uzufruktdan əvvəl mülkiyyətçi və uzufruktuar uzufrukt üzrə verilən obyektlərin vəziyyətini təsvir edə bilərlər.
      265.2. Mülkiyyətçinin razılığı olmadan uzufruktuar istifadə məqsədini dəyişdirə bilməz.
      265.3. Uzufruktuarın ixtiyarı var ki, əşyadan onun adi təsərrüfat tətbiqi nəticəsində əldə edilməmiş bəhəri və faydanı da əldə etsin. Bu halda o, belə tətbiq nəticəsində əşyaya dəymiş ziyanın əvəzini mülkiyyətçiyə ödəməyə borcludur.
      265.4. Əgər uzufruktuar etməyə borclu olmadığı xərclər çəkmişsə və ya yeniliklər tətbiq etmişsə, qaytarma zamanı tapşırıqsız idarəçi kimi onlar üçün kompensasiya tələb edə bilər. Əgər onun yaratdığı qurğular üçün mülkiyyətçi kompensasiya vermək niyyətində deyildirsə, o həmin qurğuları geri götürə bilər, lakin əşyanın əvvəlki vəziyyətini bərpa etməyə borcludur.
      265.5. Uzufruktuar əşyaya sahiblik, ondan istifadə və əşyadan fayda götürmək hüququna malikdir. O, əşyanın idarə olunmasını təmin edir. Öz hüququnu həyata keçirərkən o, vicdanlı təsərrüfatçılıq qaydalarına uyğun hərəkət etməlidir. Uzufruktuar əşyanın normal aşınması üçün məsuliyyət daşımır. O, cari xərcləri ödəməyə, əşyanı təmir etməyə, habelə ona normal təsərrüfat qulluğunun qayğısına qalmağa borcludur.
      265.6. Mülkiyyətçinin əşyanın dəyişdirilməsi və ya dəyərinin azaldılması nəticəsində kompensasiya iddiaları, habelə uzufruktuarın xərclər üçün kompensasiya və ya qurğuların geri götürülməsi iddiaları əşyanın qaytarılmasından bir il sonra müddətin keçməsinə görə qüvvədən düşür.
      265.7. Bəhərlər uzufruktuarın ixtiyarlı olduğu dövrdə təsərrüfatın lazımınca aparılması çərçivəsində yetişdirilmişsə, uzufruktuara mənsubdur.
      265.8. Uzufrukt obyektləri üzrə haqq və digər vaxtaşırı xidmətlər, hətta onların icra müddəti istifadə hüququna xitam verildikdən sonra çatdıqda belə, uzufruktuarın hüququnun başlandığı gündən hüququna xitam verildiyi anadək ona mənsubdur.
      265.9. Əgər uzufrukt yalnız müəyyən şəxsə verilməyibsə, uzufruktuar onu həyata keçirilmək üçün başqa şəxsə verə bilər. Bu şəxs barəsində mülkiyyətçi öz hüquqlarını bilavasitə həyata keçirir.
      265.10. Uzufruktuar uzufruktun mövcud olduğu bütün dövr üçün əşyanı müvafiq surətdə sığorta etdirməyə borcludur. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir.
      265.11. Əgər əşya və ya onun bir hissəsi məhv olarsa, zədələnərsə və ya onun saxlanması üçün gözlənilməz xərclər lazım gələrsə, uzufruktuar bunu ləngimədən mülkiyyətçiyə bildirməlidir. O, mənfi nəticələri aradan qaldırmaq üçün mülkiyyətçinin həyata keçirdiyi tədbirlərə və hərəkətlərə dözməlidir. Mülkiyyətçi müvafiq tədbirləri görməyə borclu deyildir. Əgər bu tədbirləri uzufruktuar özü həyata keçirirsə, uzufrukt qurtardıqda o həmin tədbirlər və hərəkətlər nəticəsində əşyaya əlavə etdiyi predmetləri ayıra bilər və ya bunun üçün mülkiyyətçidən müvafiq kompensasiya tələb edə bilər.
      265.12. Əgər uzufruktuar normal təsərrüfat fəaliyyəti daxilində ayrı-ayrı predmetləri özgəninkiləşdirərsə, özgəninkiləşdirilən predmetlərin yerini onun əldə etdiyi predmetlər tutmalıdır.
      265.13. Uzufruktuar əşyanın məhv olması və dəyərinin azalması üçün, əgər zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirməzsə, məsuliyyət daşıyır. O, istifadəyə daxil olmamış və işlədilmiş predmetlərin əvəzini verməlidir. O, əşyadan düzgün istifadə ilə əlaqədar predmetlərin dəyərinin azalmasının əvəzini ödəməyə borclu deyildir.
      265.14. Daşınmaz əşyanın uzufruktuarı göz qoymalıdır ki, daşınmaz əşyadan həddən artıq istifadə edilməsin. Bu həddən artıq əldə edilmiş bəhərlər mülkiyyətçiyə mənsubdur.
      265.15. Uzufruktuara torpaq sahəsinin təsərrüfat təyinatında mülkiyyətçi üçün mühüm zərərə səbəb ola biləcək hər hansı dəyişikliklər etməyə icazə verilmir. O, torpaq sahəsini əhəmiyyətli dərəcədə dəyişdirə bilməz.
      265.16. Əgər ayrı qayda müəyyənləşdirilməyibsə, uzufruktuar işlətdiyi əşyalara mülkiyyət hüququ əldə edir, lakin istifadə hüququ qüvvəyə minənədək onların mövcud olmuş dəyərinin əvəzini ödəməyə borcludur.

Maddə 266. Uzufruktla yüklü edilmiş əşyanın mülkiyyətçisinin hüquq və vəzifələri
      266.1. Mülkiyyətçi əşyadan hər bir qanunsuz istifadəyə və ya təyinatından kənar istifadəyə etiraz edə bilər. Əgər uzufruktuar etiraza məhəl qoymursa, mülkiyyətçi vurulmuş ziyanın əvəzinin ödənilməsini və ya uzufrukta xitam verilməsini məhkəmə qaydasında tələb edə bilər.
      266.2. Mülkiyyətçi əşyasının və ya hüquqlarının təhlükədə olduğunu sübuta yetirərsə, uzufruktuardan girov tələb edə bilər. Əgər uzufruktun predmeti istehlak edilən əşyalardan və ya qiymətli kağızlardan ibarətdirsə, o, qarantiyanı sübut gətirmədən və əşya verilənədək tələb edə bilər. Qiymətli kağızlarla bağlı halda onların depozitə qoyulması yetərli qarantiyadır. Qarantiya alınması üçün iddia istifadə hüququnu saxlamaqla predmeti mülkiyyətçiyə bağışlamış şəxs barəsində irəli sürülə bilməz.
      266.3. Əgər uzufruktuar onun üçün təyin edilmiş ağlabatan müddət ərzində girov verməzsə və ya mülkiyyətçinin etirazına baxmayaraq əşyadan qanunsuz istifadəyə son qoymazsa, məhkəmə qərar qəbul edənədək onu əşyaya sahiblikdən məhrum etməlidir.
      266.4. Mülkiyyətçi və uzufruktuar istənilən vaxt əşyanın onların hesabına qiymətləndirilməsini tələb edə bilərlər.
      266.5. Uzufruktuar özü əşyanı saz saxlamalı və əşyanın adi qaydada saz saxlanmasına aid yaxşılaşdırmaları və yeniləşdirmələri müstəqil həyata keçirməlidir. Əgər əşyanın qorunması üçün daha mürəkkəb işlərin və ya tədbirlərin görülməsi zəruridirsə, uzufruktuar bu barədə mülkiyyətçiyə məlumat verməli və lazım gəldikdə bunların mülkiyyətçinin qüvvəsi ilə həyata keçirilməsinə icazə verməlidir. Əgər mülkiyyətçi bunu etməzsə, uzufruktuar həmin işləri və tədbirləri mülkiyyətçinin hesabına özü görə bilər.
      266.6. Adi saxlama və təsərrüfat istifadəsi xərclərini, bununla bağlı müvafiq borclar üzrə faizləri, habelə vergiləri və rüsumları uzufruktuar ixtiyarlı olduğu müddətə uyğun ödəyir. Əgər vergilər və ayırmalar mülkiyyətçidən tutulursa, uzufruktuar onların əvəzini eyni həcmdə ödəməlidir. Bütün başqa xərcləri mülkiyyətçi çəkir.

Maddə 267. Mənzilə uzufruktun xüsusiyyətləri
      267.1. Mənzilə uzufrukt binada və ya onun bir hissəsində mənzilə malik olmaq ixtiyarından ibarətdir. O, üçüncü şəxslərə verilə bilməz və vərəsəlik üzrə keçmir. Ona istifadə hüququ haqqında müddəalar şamil edilir.
      267.2. Mənzilə uzufrukt adətən uzufruktuarın şəxsi tələbatı ilə müəyyənləşdirilir. Lakin o, əgər mülkiyyətçi birbaşa şərt qoymayıbsa, öz ailəsinin üzvlərini və ya binada onunla birgə yaşayanları öz mənzilinə götürə bilər. Əgər mənzil hüququ binanın bir hissəsi ilə məhdudlaşıbsa, uzufruktuar birgə istifadə üçün nəzərdə tutulan predmetlərdən istifadə edə bilər.
      267.3. Əgər uzufruktuarın müstəsna mənzil hüququ varsa, o, mənzilin adi saxlanması xərclərini çəkir. Əgər onun birgə istifadəyə hüququ varsa, mənzilin saxlanması xərclərini mülkiyyətçi çəkir.

Maddə 268. Uzufrukta xitam verilməsi
      268.1. Uzufrukta əşya tamamilə məhv olduqda, uzufruktun müddəti bitdikdə, uzufruktuar uzufruktdan imtina etdikdə, habelə uzufruktuarın ölümü ilə əlaqədar olaraq, hüquqi şəxslər üçün isə onların buraxılması ilə əlaqədar olaraq xitam verilir.
      268.2. Uzufrukt qurtardıqda uzufruktuar əşyanı mülkiyyətçiyə qaytarmağa borcludur.
      268.3. Əgər uzufrukt mülkiyyətlə birlikdə bir şəxsin əlinə düşərsə, uzufrukta xitam verilir.
      268.4. Mülkiyyətçi məhv olmuş əşyanı bərpa etməyə borclu deyildir. Əgər o, əşyanı bərpa edərsə, əşyaya uzufrukt da bərpa olunur. Əgər məhv olmuş əşyanın əvəzi verilirsə, uzufrukt əvəz kimi verilmiş əşyaya keçir.