Özəlləşmədə elektron hərrac, onlayn sifariş investor marağını artırır: 6 ayın nəticələri nələrdir?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşmə sahəsində tətbiq edilən yeniliklər biznes mühitinə qoşulan investorların sayını artırır. Ölkəmizdə özəlləşmə sahəsində prosedurların sadələşdirilməsi, hərracların elektron müstəviyə keçməsi, o cümlədən bu sahədə onlayn xidmətlərin təşkil edilməsi, perspektivli müəssisələrin özəlləşməyə çıxarılması xarici investorların cəlb edilməsinə geniş imkanlar yaradır.

Özəlləşmə xidmətlərinə olan əlçatanlıq da artırılır. Komitənin 41 elektron xidmətindən 10-u özəlləşmə sahəsinə aiddir. Qeyd edilməlidir ki, vətəndaşlar tərəfindən daha çox istifadə edilən xidmətlərin elektronlaşmasına üstünlük verilib.

Onlayn qatılmaqla yanaşı, hərraclarda elektron qaydada qeydiyyatdan keçmək, iştirakçı statusu qazanmaq üçün sifariş vermək, qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Bununla da hərrac prosesi tam elektronlaşır. Qeyd edilməlidir ki, prosesə həm elektron, həm də canlı olaraq da qatılmaq mümkündür.

Ümumilikdə hərraclar vasitəsilə dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 310-a yaxını elektron şəkildə həyata keçirilib. Cari ilin 6 ayı ərzində bu rəqəm 75-ə yaxındır. Ümumilikdə olduğu məkanı dəyişmədən, real vaxt rejimində 40-a yaxın vətəndaş hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə hərracların 190-a yaxını rəqabətli şəkildə baş tutub. Bunun 62-si isə cari ilin 6 ayı ərzində reallaşıb.

Hərraclara çıxarılan dövlət əmlakları barədə ictimai məlumatlandırma komitənin elektron resursları vasitəsilə də aparılır. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatın əldə olunması və hərracda iştirak müraciəti üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı  (privatization.az) mövcuddur. Hərrac gününə ən azı 30 (otuz) gün qalmış özəlləşdirmə haqqında məlumat komitənin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetində dərc edilir. Özəlləşdirməni sürətləndirməyə, şəffaflığı və rahatlığı artırmağa yönələn Özəlləşdirmə portalına ilin 6 ayı ərzində 400 minə yaxın baxış olub. Ümumilikdə isə bu rəqəm 2,4 milyonu ötüb. 

Qeyd olunmalıdır ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda bu ilin yanvar-iyun ayları ərzində ümumilikdə Bakı və regionlarda 83 hərrac keçirilib.

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?