23 iyul hərracında səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri özəlləşdirildi

Dövlət əmlaklarının özəlləşdirməsinə qoşulmaq üçün sifarişlərin elektron formada verilməsi, məkana getmədən onlayn iştirak investorların rahatlıqla hərrac xidmətlərindən istifadəsini təmin edir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq olunan sürətli və əlçatan prosedurlar, o cümlədən hərraca çıxarılan dövlət əmlaklarının müxtəlifliyi iştirakçı sayını artırır, prosesdə rəqabətli mühit yaradır. İştirakçı statusu olanlarla yanaşı, digər şəxslər də açıq özəlləşdirmə prosesini həm hərrac keçirilən məkanda, həm də onlayn formada qeydiyyatdan keçmədən izləyə bilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 iyul tarixində növbəti hərrac keçirilib. Hərracda 27 dövlət əmlakı özəlləşdirilib. Onlar arasında səhmdar cəmiyyəti, kiçik dövlət müəssisələri və nəqliyyat vasitələri var. Dövlət əmlakları paytaxtla yanaşı, Yevlax, Astara, İsmayıllı, Hacıqabul, Quba və Cəlilabad rayonlarında yerləşir. Hərracda yun tədarükü, emalı, yun sapların hazırlanması və əyrilməsi üzrə fəaliyyət göstərən “Yevlax Yun” Açıq Səhmdar Cəmiyyətinin səhm paketi özəlləşdirildi. 403.3 min kv.m torpaq sahəsi olan dövlət əmlakının ərazisində inzibati bina, baş istehsalat korpusu, keçə sexi və digər köməkçi bina və qurğular mövcuddur. Digər kiçik dövlət obyekti isə Cəlilabad rayonu, Əliqasımlı kəndində yerləşir. İnvestor bu dövlət əmlakını 22.3 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirdi.

Budəfəki hərracda nəqliyyat vasitələrinin əksəriyyəti rəqabətli mühitdə özəlləşdirildi. Fiat, Hyundai, Daewoo, UAZ və digər markalara aid bu avtomobillərin buraxılış illəri 1995-2008-dir. Buraxılış tarixi 2000-ci il olan Hyundai Sonata markalı avomobilin ilkin qiyməti 3 min manat olsa da, iştirakçılar arasında rəqabət son qiyməti 3 min 800 manata yüksəltdi.

Əmlak Məsələləri Dövlət Komitəsi 30 iyul tarixində növbəti hərrac keçirəcək. İştirak etmək istəyənlər komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə dövlət əmlakları üzrə seçim və sifariş edə bilər.

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?