Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilən binalarda mobil qeydiyyat kampaniyasını davam etdirir: 4 minə yaxın mənzillərin çıxarışı hazırdır

Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilən binalarda yerləşən mənzillərin çıxarışla təmin olunması işlərini intensiv şəkildə davam etdirir. Növbəti ünvan Bakının Yasamal və Səbail rayonlarında yerləşən istismarına icazə verilən binalar olub. Qeyd edilməlidir ki, 9 iyuldan başlanan kampaniya Bakının Nizami, Sabunçu, Suraxanı, Binəqədi və Xətai rayonlarında yerləşən istismarına icazə verilən binalarda vətəndaşların ünvanlarında xidmət göstərib.

Mobil qeydiyyat ofisləri vasitəsilə 19 iyul tarixində Yasamal rayonu, B.Bağırova küçəsi, 592-ci məhəllədə yerləşən, 3 girişli 210 mənzilli istismarına icazə verilən binanın sakinlərindən ilkin sənədlər toplanıb. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışı təqdim ediblər. Qeyd edilməlidir ki, Yasamal və Səbail rayonlarında da keçirilən kampaniya iyulun 26-na qədər davam edəcək.

Bu işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası çərçivəsində həyata keçirilir.

Fərmanla bağlı qeydiyyat xidmətlərinin ünvanlarda göstərilməsi vətəndaş məmnunluğunu yüksəldir, bu sahədəki prosedurları sadələşdirir, vətəndaşın gündəlik fəaliyyətindən ayrılmadan əmlaklarını rəsmi qeydiyyata almasına imkan yaradır, o cümlədən leqal əmlakların sayını artırır. Bu fərmanla vətəndaşların mənzil şəraiti yaxşılaşdırılır, sosiallıq prinsipi təmin edilir, insan amili gücləndirilir.

Bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirildi. Maarifləndirmə çərçivəsində bildirildi ki, sakinlərin telefon nömrələrinə çıxarışın alınması üçün tələb olunan xidmət haqqı və dövlət rüsumu, eləcə də prosesin icra müddəti barədə məlumat gəlir. Həmçinin vətəndaşın özü də 9193 nömrəsinə müraciətin nömrəsini göndərməklə onlayn rejimdə bu haqda məlumat əldə edir. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləği onlayn qaydada öyrənilə bilər. 

Bildirildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi vətəndaşın Elektron hökumət portalındakı şəxsi kabinetində yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib. O da vurğulandı ki, vətəndaşların çıxarışları onların istəyinə uyğun olaraq 1,3,7,10 iş günü ərzində hazırlanır.   

Qeyd edilməlidir ki, ölkə üzrə istismarına icazə verilən 88 binanın istismarına icazə aktları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Bu binalarda 26 minə yaxın mənzil mövcuddur. Artıq həmin binalarda yerləşən 4 minə yaxın mənzilin çıxarışı hazırlanıb. Həmçinin 7 minə yaxın sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir.

Məlumat üçün bildirilməlidir ki, digər istismarına icazə verilən binalarda yerləşən mənzillərə dair çıxarışların verilmə prosesi davam etdiriləcək.

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?