Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 28 sentyabr tarixində Lənkəran şəhərində vətəndaş qəbulu keçirib. Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəranla yanaşı Astara, Lerik rayonlarından olan vətəndaşların da fərdi qaydada müraciətlərinə baxılıb.

Qəbulda mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin dövlət qeydiyyatı, bələdiyyə torpaqlarının sərhədlərinin müəyyən edilməsi, torpaqların təyinatı üzrə istifadəsi ilə bağlı müraciətlər səsləndirilib. Eyni zamanda dövlət əmlakının özəlləşməsi ilə də bağlı müraciətlər ünvanlanıb. Vətəndaşlar onlara məxsus fərdi həyət evləri və mənzillər, torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması ilə bağlı komitə sədrinə müraciət ediblər.

Komitə sədri qəbulda səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin aidiyyəti üzrə baxılacağı vətəndaşlara bildirilib.

Qeyd edilib ki, özəlləşmənin yeni mərhələsi olan Elektron hərracın tətbiqi ilə proses məsafəsiz yerinə yetirilir. Belə ki, invetsorların internetə çıxışının olması kifayətdir ki, sifariş verdiyi əmlakı virtual şəkildə əldə etsin. Bundan başqa vətəndaşın sifarişçi qismində qatılmadan da hərracın gedişatını real vaxt rejimində, onlayn izləmək imkanı var. Hərraclarda qeydiyyatdan keçmək, əmlaka dair sifariş vermək elektron şəkildə aparılır. Bu günə qədər dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 68 elektron sifariş qəbul olunub. Ümumilikdə isə cari il ərzində 150-dən çox hərrac keçirilib.

Vətəndaşın marağına səbəb olan elektron çıxarış barədə ünvanlanan müraciətlər də cavablanıb. Bildirilib ki, bu xidmət sayəsində vətəndaş öz arzusuna görə çıxarışı elektron və ya kağız formada əldə edə bilir. Artıq sənədlərin itməsi və korlanması halında yaranan problemlər aradan qalxır, vətəndaş-məmur ünsiyyəti minimuma enir.

İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər. Belə ki, Komitə tərəfindən “Kadastr kalkulyatoru” yaradılıb. Bu xidmət sayəsində “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu əvvəlcədən öyrənmək mümkündür.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.

Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək. 

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?