Əmlak Məsələləri Dövlət Komitəsi ölkə universitetlərinin tələbə, magistr və məzunları ilə olan görüşlərini davam etdirir

Azərbaycan Memarlıq və İnşaat Universitetində məzun, tələbə və magistrlər ilə Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” mövzusunda görüş keçirib.

Görüşün məqsədi komitənin fəaliyyət sahələri, strukturuna daxil olan və tabeliyindəki qurumlarda işə qəbul qaydaları, o cümlədən bununla bağlı həyata keçirilən könüllük proqramı haqqında məlumatlandırmaqdır. Eyni zamanda müvafiq ixtisaslar üzrə tələbələrin, gənc məzunların komitədə istehsalat təcrübələri keçmələri üçün universitetlərlə əlaqələrin genişləndirilməsi də əsas vəzifələrdəndir.

Tədbirdə komitənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi proqramlar, layihələr barədə geniş məlumat verilib. Həmçinin tədbir iştirakçıları komitənin strukturuna daxil olan və tabeliyindəki qurumlara işə qəbul yolları barədə  də geniş informasiya əldə ediblər. Bildirilib ki, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində əlverişli imkanlar yaradılıb.

Bununla yanaşı qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsində könüllülük proqramının həyata keçirilməsi davam edir. Proqram “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşdırılır. Fəaliyyət müddətinin sonunda könüllülərin nəzəri biliklərini və biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədi ilə test imtahanları keçirilir. Topladıqları ballara uyğun olaraq isə onlara müvafiq sertifikatlar verilir. Həmçinin, fəaliyyətləri müddətində öhdəliklərini layiqincə yerinə yetirən və intizamlı könüllülərin bir qismi komitənin tabeliyinə daxil olan qurumlarda müvafiq vəzifələrə təyin edilir.

Vurğulanıb ki, komitənin fəaliyyət istiqamətləri üzrə müvafiq xidmət sahələrinə könüllülərin cəlb edilməsi 2017-ci ilin iyul ayından başlanılıb. İndiyə qədər 105 nəfər könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə cəlb olunub. Onlar fəaliyyət göstərdikləri dövrdə müəyyən bilik və bacarıqlara yiyələnib və iş mühitinə adaptasiya olunublar. Bu müddətdə fərqlənən 36 nəfər könüllü komitədə olan müvafiq vakant vəzifələrə təyin edilib.

Sonda mövzu ilə bağlı tələbə və məzunların sualları cavablandırılıb. Qeyd edilməlidir ki, gələcəkdə digər universitetlərdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.

 

   

 

 

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?