Daha bir rayonda torpaqların elektron kadastr uçotu işlərinə start verilib

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı işlər davam etdirilir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha bir rayonda-Şamaxıda bu istiqamətdə işlərə start verilib. Bununla əlaqədar Şamaxıda mayın 16-da keçirilən tədbirdə görüləcək işlərin mahiyyəti və nəticələri izah olunub. Tədbirdə Komitənin, rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri təqdimatla çıxış ediblər. Bildirilib ki, bu işlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli  müvafiq Fərmanına əsasən həyata keçirilir. Şamaxıda torpaqların elektron kadastr uçotu informasiya sisteminin qurulması ilə bağlı həyata keçiriləcək işlərin mahiyyəti, müddəti, vətəndaşlara izah olunub. Eyni zamanda rayonun əlaqədar qurumları ilə birgə qarşılıqlı əməkdaşlığın iş prinsipi müəyyən edilib.

Bildirilib ki, rayonda torpaqların təyinatı, istifadə növü üzrə dəqiq kadastr uçotunun aparılması nəticəsində reallığı əks etdirən xəritələrə və aktual elektron kadastr məlumat bazasına nail olunacaqdır, Bu da mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, bələdiyyələrə “Harada, nə qədər, hansı  keyfiyyətdə  torpaq var?” sualına dəqiq cavab tapmaq imkanını verəcəkdir.

Həmçinin qeyd edilmişdir ki, Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə  torpaqların islahat sənədlərindəki məkan göstəriciləri və faktiki yerləşmə vəziyyətinə dair göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qaldırılacaq, torpaqla bağlı sənədləşmə işlərindəki problemlər öz müsbət həllini tapacaqdır.

Torpaq üzərində dövlət nəzarətinin həyata keçirilməsi bu sistem əsasında aparılacaqdır. Görülən işlər zamanı rayon üzrə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri müəyyənləşəcək. Bununla da torpaqların elmi əsaslarla idarə edilməsi  imkanları genişlənəcək.

Tədbirdə rayonda aparılacaq kadastr uçotu işinin təşkilati məsələləri müzakirə edilmişdir.

 

 
 
 

Sorğu

Əmlak Kalkulyatorunun funksiyaları barədə məlumatınız varmı?