Əmlak Məsələləri Dövlət Komitəsi sədri Hacıqabul rayonunda vətəndaşların müraciətlərini dinləyib

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 9 mart tarixində Hacıqabul rayonunda vətəndaşların müraciətlərini dinləyib. Qeyd edilməlidir ki, komitə sədri tərəfindən qəbul zamanı daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində qaldırılan məsələlərin, müraciətlərin operativ həll edilməsi və yaranan sualların cavablandırılması istiqamətində tapşırıqlar verilib.

Qəbulda Hacıqabul rayonu ilə yanaşı, Abşeron sakinlərinin müraciətlərinə baxılıb. Səsləndirilən müraciətlər əsasən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı, əmlaklara dair mülkiyyət hüququnun əldə edilmə qaydası və proseduru, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi, bu sahədə tətbiq edilən elektron xidmətlər sahəsinə də aid olub.

Komitə sədri hər bir vətəndaşın müraciətini həssaslıqla dinləyərək onların qanunvericiliklə həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Bir sıra vətəndaş müraciətləri verilən tapşırıqlara əsasən həmin gün öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər qeydə alınaraq, qanunvericiliyə əsasən həlli istiqamətində göstərişlər verilib. Qeyd edilməlidir ki, vətəndaş müraciətlərinin həlli birbaşa olaraq komitənin tabeliyində olan qurumların direktorlarına, vəzifəli şəxslərinə həvalə olunub. Komitənin vəzifə və funksiyalarına aid olmayan məsələlər qeydiyyata alınaraq, aidiyyəti üzrə göndərilməsi üçün komitə sədri tərəfindən tapşırıqlar verilib. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilərək müraciətləri dinlənib, bir sıra müraciətlər isə yerindəcə həll edilib

Qəbulun gedişatı zamanı komitə sədri vurğulayıb ki, daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində xidmətlərə olan əlçatanlıq artırılır, bu sahədə şəffaflıq və vətəndaş məmnunluğunun təmin edilməsi ön planda saxlanılır. Belə ki, tətbiq edilən innovativ tədbirlər, xidmətlərin geniş şəkildə elektron müstəviyə keçməsi, o cümlədən qeydiyyat müddətinin azaldılması, prosedurların sadələşdirilməsi vətəndaş rahatlığının artırılmasına yönəlib.

Komitə sədri qəbulda diqqətə çatdırıb ki, daşınmaz əmlakın və torpaq sahələrinin, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqların dövlət qeydiyyatı daha rahat və çevik qaydada aparılır. Komitənin həyata keçirdiyi yeniliklərin tətbiqindən sonra bütün bu işlər daha da sadələşib və operativ olub. Qeyd olunub ki, dövlət başçısının tapşırığına uyğun olaraq əlçatanlığı və vətəndaş məmnunluğunu təmin etmək üçün qeydiyyat xidmətləri vətəndaşların ünvanına çatdırılır. Şəhər və rayonlarda, habelə ucqar bölgələrdə sosial kampaniyalar təşkil edilir. Bu kampaniyalar çərçivəsində vətəndaşların torpaq sahələri, o cümlədən pay torpaqlarına dair çıxarışlar təqdim olunur. Vətəndaşlar üçün geniş hüquqi məsləhət xidmətləri göstərilir.

Daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində vətəndaşların xidmətlərə olan əlçatanlığının təmin olunması üçün tətbiq edilən elektron xidmətlərin sayı artırılaraq 37-ə çatıb. Gələcəkdəki hədəf isə komitənin fəaliyyət istiqamətləri üzrə istifadəyə veriləcək elektron xidmətlərin sayını çoxaltmaqla insanların rahatlığını təmin etməkdir.

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı məsələlərə toxunan komitə sədri Kərəm Həsənov qeyd edib ki, bu istiqamətdə aparılan işlər öz müsbət nəticələrini verir. Belə ki, artıq kadastr uçot işləri yekunlaşmış rayonlarda görülən işlərin nəticələri ilə bağlı təqdimatların keçirilməsinə və bu məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsinə başlanılıb. Görülən işlərin nəticəsi olaraq rayonların bələdiyyə, relyef, eroziya xəritələri yaradılıb. Həmçinin torpaqların iqtisadi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası hazırlanır.

Qəbul zamanı bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların təyinatına uyğun səmərəli istifadəsi məsələlərinə mühüm önəm verilir. Belə ki, 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. Dəyişdirilən torpaqlar isə Aqroparkların yaradılmasına imkan verib.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qeydiyyatla bağlı işlər daha da təkmilləşdirilməli, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.

Komitə sədrinin regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?