Bakıda RecExpo Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin açılışı olub

Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin “ElanExpo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 28 noyabr 2017-cı il tarixində «Baku Expo Mərkəzi»ndə RecExpo – “Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi”nin açılış mərasimi keçirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu yerli və xarici investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib. Sərgi 30 noyabr tarixinədək davam edəcək.

Sərginin açılışında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov giriş nitqi söyləyib. Bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu iqtisadi islahatlar aparılır. Bu iqtisadi islahatlar bir sıra sahələrlə yanaşı daşınmaz əmlak bazarının da dinamik inkişafına səbəb olub. Həyata keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi də bu islahatların tərkib hissəsi olaraq daşınmaz əmlak bazarında aktivliyin artmasına imkan yaradır. Qeyd edilib ki, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi RecExpo sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Sərgi daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır. Özəlləşdirilmiş müəssisələrə kapital axını isə ölkənin makroiqtisadi göstəricilərinin, məşğulluğun səviyyəsinin artımına, yeni iş yerlərinin yaradılmasına, ixrac potensialının yüksəlməsinə səbəb olacaqdır. Həmçinin bu, ölkəmizin beynəlxalq nüfuzunun artımına, dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə və daşınmaz əmlak bazarında iqtisadi yüksəlişə gətirib çıxaracaq. Sərgi ilə yanaşı 29 noyabr tarixində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda Konfrans keçiriləcək.

Qeyd edilməlidir ki, Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin sahəsi  5600 kv.m, konfrans salonu isə 1000 kv.m olmaqla ümumilikdə 6500 kv.m təşkil edir. Sərgidə dünyanın 14 ölkəsindən olan 70-ə yaxın daşınmaz əmlak şirkətləri, investisiya qurumları və digər təşkilatlar iştirak edir. Sərgiyə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra, Gürcüstan kimi ölkələrin şirkətləri qatılıb. Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb. Sərgidə 150-dən çox tikinti və inşaat layihəsi nümayiş olunur.

Sərgidə nümayiş edilən layihələrə misal olaraq İspire Group şirkətinin BƏƏ-in nüfuzlu DAMAC şirkəti ilə birgə sərgiləyəcəyi Dubayda inşa edilən layihələri göstərmək olar. Bununla yanaşı Dubayın ən böyük inşaat firmalarından biri olan EMAAR şirkəti həm Türkiyə, həm də Dubayda həyata keçirilən layihələri barədə təqdimatlar edib. Sərgidə iştirak edən Avropa ölkələrindən – İspaniya, Portuqaliya, Fransa, Birləşmiş Krallıq – olan şirkətlər həmin regionun ən gözəl yerlərində icra edilən layihələri sərgiləyirlər. Qeyd edilən təqdimatlarla yanaşı bu şirkətlər investorlara Avropada yatırım imkanlarını yaratmaq üçün uzunmüddətli Şengen vizasının da alınmasında yardım göstərəcəklər.

Sərgidə maraq doğuran pavilyonlarda biri də Türkiyə Respublikasının Emlak Konut şirkətinin digər türk şirkətləri ilə birlikdə hazırladıqları pavilyondur. 1953-cü ildən Türkiyədə fəaliyyət göstərən və “Avrupa Konutları”, “Emlak Konut İspartakule evleri”, “Valide bağ konaklar” kimi iri layihələrin icraçısı olan dövlət paylı “Emlak Konut” şirkəti bu il də sərgi iştirakçıları üçün maraqlı olacaq layihələrin nümayişini həyata keçirəcəkdir.

Xarici ölkələrin yuxarıda qeyd edilən layihələri ilə yanaşı sərginin iştirakçısı olan yerli şirkətlər və dövlət qurumları tərəfindən də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra tikinti layihələri ziyarətçilərə təqdim olunub. Bu baxımdan ölkə əhalisinin mənzil təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan sosial siyasətə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonu və Hövsan qəsəbəsində inşa edilən sosial evlərin nümayişi də geniş alıcı kütləsinin marağına səbəb olub. Eyni zamanda Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilən pilot layihələr (Nəsimi rayonu – 12, Nərimanov rayonu – 11 layihə, Nizami  rayonu – 8 layihə, Suraxanı rayonu – 3) barədə də ictimaiyyətə təqdimatlar edilib. Belə layihələrin bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və sərfəli variantları seçmək imkanı da qazandırır.

Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirim kampaniyaları nəzərdə tutulub. Eyni zamanda ziyarətçilər Bakı şəhərində, o cümlədən Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələrindən əlverişli qiymətlərlə mənzil, ev və digər daşınmaz əmlak obyektlərini əldə etmək imkanlarından yararlana bilərlər.

Qeyd edilməlidir ki, sərgidə “DREAMLAND” şirkəti nağd ödənişlərdə 25% endirimlə, “EMS”- 20% endirim və 55 min ABŞ dollarından başlayan qiymətlərlə, “TEYMUROGLU” Yeni İlə qədər 20% endirim və bütün mənzil alanlara ilk ödəmədən sonra faizsiz 36 ay kreditlə mənzil təklif edir. Bundan başqa həmçinin “WORD ERSAN GAYRIMENKU” tərəfindən bütün layihələrə 5% endirim, “ALANYA PROPERTIES”-3% endirim, “Cahan inşaat” 1 illik kredit yolu ilə ev alanlara, sərgiyə özəl olaraq 15% endirim təklif olunur. Endirimlər bununla bitmir. AS Grup-RENESSANS PLACE-dan sərgi dövründə 4 otaqlı mənzil alana qaraj hədiyyə olunacaq. “BEST CONSTRUCTION-Boulvard Residence” 24 ay faizsiz kredit  və 25 il 8%-li ipoteka ilə “ERBATU” şirkəti isə - Şimali Kiprdə Erbatu-dan bütün layihələrə 10% endirimlə mənzil satışa çıxarır. Qeyd edilməlidir ki, yerli şirkətin Bakıda inşa etdiyi binalarda da bir mənzil 20% endirimlə ziyarətçilər arasında keçiriləcək uduşlu lotereyaya təqdim edilib.

Sərgidə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən pavilyon da yaradılıb. Pavilyon 90 kv.m-lik ərazini əhatə edir. Burada Komitənin fəaliyyət istiqamətləri üzrə o cümlədən, daşınmaz əmlak və torpaq idarəçiliyində tətbiq edilən innovativ layihələr, elektron və onlayn xidmətlər, modern idarəetmə mexanizmləri barədə məlumatlar nümayiş olunur. Pavilyonda Komitənin daşınmaz əmlak idarəçiliyi sahəsində tətbiq etdiyi elektron xidmətlərə, daşınmaz əmlakın qeydiyyatına, özəlləşdirmə prosesinə və torpaqların elektron kadastr uçotu işlərinə dair bölmələr  yer alıb. Həmçinin burada torpaqların elektron kadastr uçotu informasiya sistemin məlumatları əsasında hazırlanmış ölkənin 3D formatlı relyef xəritəsinin maketi quraşdırılıb. Qeyd edilməlidir ki, Azərbaycan dünyada bu ölçüdə maket xəritəsi olan yeganə ölkədir.

Sərgidə quraşdırılmış elektron monitorlar vasitəsilə Komitənin 36 elektron xidməti nümayişi edilib. Belə monitorlarda elektron xidmətlərdən istifadə etməklə bağlı prosedurlar əksini tapıb.

Eyni zamanda monitorda innovativ yenilik olan Elektron hərrac, onun istifadə qaydaları əks olunub. Hərracda iştirak etmək üçün sifarişlərin elektron qaydada verilməsi, internet vasitəsilə onlayn olaraq sifariş verdiyi əmlakın hərracına qoşulma imkanlarının olması barədə məlumatlar nümayiş edilib. Həmçinin monitorda vətəndaşın sifarişçi qismində qatılmadan da hərracın gedişatını real vaxt rejimində izləmək imkanın olması ilə bağlı məlumatlar yer alıb.

Bununla yanaşı pavilyonda Komitənin faydalı xidməti olan 3 SMS xidməti barədə də bütün informasiyalar əksini tapır. Burada vətəndaşların mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi imkanın olduğu haqqında məlumat yerləşdirilib.

Pavilyonda həmçinin Komitə tərəfindən qeydiyyat sahəsində tətbiq olunan xidmətlərə dair təqdimat da yer alıb. Digər monitorda qeydiyyat prosesindəki yeniliklər, müasir çağırışlara əsaslanan mexanizmlərlə bağlı məlumatlar əksini tapıb. Sadələşən qeydiyyat prosedurları, tələb olunan sənədlərin siyahısı, həmin sənədlərin hansı qurumlardan əldə edilməsi ilə əlaqədar informasiyalar yerləşdirilib. Eyni zamanda elektron çıxarış, əmlakın qeydiyyatı kalkulyatoru, qabaqcadan qeydiyyat, çoxmərtəbəli binada mənzillərə çıxarışın verilib-verilməməsi barədə məlumatın alınması, evlərin təqribi bazar qiymətinin öyrənilməsi xidməti barədə də ətraflı məlumatlar əks olunub. Burada elektron çıxarışın mahiyyəti, əmlakın qeydiyyatı kalkulyatorunun üstünlükləri, evlərin təqribi bazar qiymətinin öyrənilməsinin faydaları və bu kimi başqa xidmətlərdən istifadə prosedurları yerləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin pavilyonda qurulmuş “Özəlləşdirmə guşəsi”ndə Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi barədə ətraflı məlumatlar təqdim edilir. Sərginin ziyarətçiləri üçün  adı çəkilən  guşədə özəlləşdirilməsi nəzərdə tutulan və müxtəlif sektorları əhatə edən dövlət müəssisələri barədə məlumatları əks etdirən video-çarx nümayiş etdirildi. Həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar bu video-çarxda əks edilib. Belə müəssisələr sənaye, tikinti, ağır metallurgiya, nəqliyyat, xidmət, səhiyyə, turizm və digər sahələrə aiddir. Həmçinin investisiya layihələrinə dair kataloq və broşurlar da paylanılıb.

Pavilyonda Azərbaycan Respublikasının maket relyef xəritəsi də nümayiş edilib. Maket xəritə üfüqi olaraq 1:100 000, şaquli olaraq isə 1:33 000 miqyasındadır. Xəritənin uzunluğu 6 metr, eni isə 4,5 metrdir. Sözügedən xəritə torpaqların elektron uçotu sisteminin məlumatları əsasında dəqiq  koordinatlara istinad edilməklə hazırlanmışdır. Xəritədə həmsərhəd ölkələrin adları, rayon və şəhərlərin inzibati sərhədləri, relyef yüksəkliyi, meşələr, dağlar əks olunub. Eyni zamanda çaylar, kanal və kollektorlar, su anbarları, içməli su kəmərləri, neft və qaz kəmərləri, magistral avtomobil yolları yer alıb. Həmçinin  dəmir yolları, beynəlxalq hava limanları, dəniz limanları, Cocuq Mərcanlı kəndi, qoruqlar və milli parklar, iri kənd və qəsəbələr kimi yerquruluşları təsvir edilib.

Bundan əlavə ölkədə aparılan torpalqların elektron kadastr uçotu haqqında məlumatlar da sərgidə nümayiş edilib. 11 rayon üzrə torpaqların elektron kadastr uçot işlərinin yekunlaşdığı, həmin bölgələr üzrə torpaq məlumatlarının, bələdiyyə xəritələrinin hazır olduğu, torpaq kadastrı fondunun müəyyənləşdiyi, torpaqların bonitrovkası və iqtisadi qiymətləndirilməsi haqqında lazımi məlumatlar əksini tapıb.

Monitorda Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Şəki rayonunda 470 min hektar ərazini əhatə edən torpaqların elektron kadastr uçotu işinin tamamlandığı, 26 rayonda geodeziya ölçmə və təsbitetmə işinin yekunlaşdığı, 20 rayonda kameral uçot işlərinin bitdiyi, 940 min hektardan çox ərazidə torpaqların geobotaniki tədqiqat işləri aparıldığı yer alıb. Eyni zamanda 1 milyon hektardan artıq ərazidə bələdiyyə xəritələrinin tərtibi və rayonların inzibati sərhədləri daxilindəki digər ərazilərin uçotu işinin icrası ilə bağlı məlumat yerləşdirilib. Habelə 850 min hektara yaxın ərazidə laboratoriya tədqiqatı işlərinin yekunlaşdığı əksini tapıb.

Qeyd edilməlidir ki, sərgi görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə, ekspert və təmsilçilərə əlverişli imkanlar yaradır. Beynəlxalq prestijli satış agentlərinin yer aldığı RecExpo sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələri ilə son istehlakçılar və dövlət nümayəndələrini bir araya gətirən professional məkandır. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir.

Sərginin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Sərgi beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir araya toplayıb. Belə layihələrin eyni zamanda və bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək, dəyərləndirmək və sərfəli variantları seçmək imkanı verir.