Hərraca 151 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 dekabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub. Hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 70-i kiçik dövlət müəssisə və obyekti, 62-i istifadəsiz qeyri-yaşayış sahəsidir.  

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2903

Qeyd edək ki, hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və facebook səhifəsində yerləşdirilib. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir.  Birinci Komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sabirabad, Yevlax, Salyan, Mingəçevir, Ucar və digər şəhər və rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Balakəndə yerləşən Əmlak kompleksi, Mingəçevirdə olan Quşçuluq yardımçı təsərrüfatı, İmişli rayonundakı Avtoqaraj kimi iri dövlət əmlakları var.

Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin 10-a yaxını sənaye, 20-dən çoxu xidmət, 10-a yaxını təmir-tikinti, qalanları isə digər sahələrə aiddir.

Prosesdə fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Şəki istirahət zonasını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Belə müəssisələrin fəaliyyətinin yenidən bərpası xidmət sahəsinin genişlənməsinə imkan yaradır.

Bundan başqa Tikiş fabrikinin Ucar filialı da sənaye sahəsində investorlar üçün gəlirli obyektdir. Adı çəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir.   

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 48-i paytaxtda, qalanları isə Sumqayıt şəhərində, Siyəzən, Zərdab rayonlarında yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 14 kv.m ilə 547 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azinterservis”, “Bərdə Kərpic”, “Oğuz Kəndkimya”, “Çatal Broyler”, “Azərmetalinvest”, “Kürdəmir Kəndkimya Təchizat”, “Kürdəmir Quşçuluq” kimi səhmdar cəmiyyətlər var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.