Cenevrədə keçirilən beynəlxalq konfransda Azərbaycanın daşınmaz əmlak idarəçiliyi sahəsində uğurlarından danışılıb

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin 78-ci sessiyası keçirilib. Sessiyada ölkəmizi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sessiyada Dayanıqlı Mənzil Təsərrüfatı Xartiyası, 2030-cu ilə qədər dayanıqlı inkişaf hədəflərinin qlobal göstəricilər sistemi, BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsi tərəfindən son bir il ərzində həyata keçirilən tədbirlər, Avropa İqtisadi Komissiyası regionu üçün 2014-2020-ci illər üzrə Mənzil Təsərrüfatı və Daşınmaz Əmlak İdarəçiliyi Strategiyası və Tədbirlər Planının icra vəziyyəti nəzərdən keçirilib, habelə aidiyyəti mövzularda ölkələrin təqdimatları dinlənilib. Bununla yanaşı, sessiya çərçivəsində daşınmaz əmlak idarəçiliyi məsələləri də müzakirə edilərək, bu sahədə həyata keçirilmiş tədbirlərin icra vəziyyəti və daşınmaz əmlak idarəçiliyinin müxtəlif aktual mövzuları barədə fikir mübadiləsi aparılıb.

Tədbirin ikinci günündə Avropa İqtisadi Komissiyası regionunun mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyi nazirlərini bir araya gətirən nazirlər seqmenti ilə başlayıb. Nazirlər seqmentində Nazirlərin Cenevrə Bəyannaməsinin layihəsi geniş müzakirə edilib. Sonra üzv dövlətlərin nazirləri və komitə rəhbərləri çıxış ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov çıxışında son 20 il ərzində Azərbaycanın bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak idarəçiliyi sahəsində də əldə etdiyi nailiyyətləri sessiya iştirakçılarının nəzərinə çatdırıb. Komitə sədri bildirib ki, ölkə rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi daşınmaz əmlak idarəçiliyi sahəsində də islahatlar həyata keçirilir. Fəaliyyətində hər zaman səmərəliliyin artırılmasını, şəffaflığın təmin edilməsini, ölkə vətəndaşlarına və sahibkarlara yüksək səviyyədə xidmət göstərilməsini, habelə dövlət əmlakının səmərəli idarə olunmasını əsas götürən Əmlak Məsələləri Dövlət Komitəsi bu işlərdə qabaqcıl dünya təcrübəsindən və müasir yanaşmalardan geniş şəkildə yararlanır. Ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi və müasir standartlara çatdırılması üzrə görülən işlər genişləndirilir. Komitə tərəfindən bu sahədə elektron xidmətlərin tətbiqi prosesi daha da sürətləndirilib. Əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə fəaliyyətinin təmin edilməsi üçün, əlçatanlığının artırılması üçün vətəndaşlara 40-a yaxın elektron xidmət göstərilir.  Komitənin onlayn xidmətləri də daşınmaz əmlakın qeydiyyatı sahəsində rahatlığı və operativliyi kifayət dərəcədə artırıb.

Görülən tədbirlər nəticəsində dövlət əmlakının idarə edilməsinin səmərəli mexanizmləri formalaşır, bu sahədə idarəetmə avtomatlaşdırılır, dövlət əmlakının istifadəsindən dövlət büdcəsinə daxil olan vəsaitin həcmi artır, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan səmərəli istifadə edilməsinə mükəmməl nəzarət təmin edilir.

Bütün bu tədbirlər Azərbaycanın son illər ərzində beynəlxalq reytinq agentliklərinin hesabatlarında sözügedən sahədə aparıcı mövqe tutmasına səbəb olub. Belə ki, əmlakın qeydiyyatının sadəliyinə görə Azərbaycan ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.

Tədbirin əhəmiyyəti və nəticələri barədə danışan Kərəm Həsənov bildirib ki, bu sessiya mənzil təsərrüfatı və daşınmaz əmlakın idarəçiliyi sistemində müasir yanaşmalar və beynəlxalq təcrübənin iştirakçı dövlətlər arasında yayılması və bu sahədə fikir mübadiləsinin aparılması üçün uğurlu platformadır.

Sessiya çərçivəsində region üçün mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar da qəbul edilib.

BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin iki gün davam edən 78-ci sessiyası işini noyabrın 10-da yekunlaşdıracaq.

Qeyd edilməlidir ki, BMT-nin Avropa İqtisadi Komissiyası özündə bütün Avropa dövlətlərini, keçmiş SSRİ ölkələrini, ABŞ və Kanadanı, eləcə də İsrail və qardaş Türkiyə də daxil olmaqla 56 üzv dövləti birləşdirir.