Nəqliyyat vasitələri üzrə hərrac rəqabətli olub

Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində müasir çağırışları nəzərə alaraq yeni yanaşmaların tətbiqini genişləndirir. Komitə özəlləşdirmə prosesində maksimum operativliyi təmin etmək və böyük investor kütləsini bu prosesə cəlb etmək üçün mühüm işlərə imza atır. Innovativ idarəetmə üsulunun tətbiq edildiyi vacib sahələrdən biri də Komitə tərəfindən təşkil olunan açıq və şəffaf hərraclardır. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər. Hərraclarda şəffaflığı artırmaq məqsədilə ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunur.

Qeyd edilməlidir ki, Komitənin innovativ addımlarından biri nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi üzrə tətbiq olunan elektron hərraclardır. Elektron hərracın tətbiqi də özəlləşdirmənin daha da sürətlənməsinə imkan verir. Belə ki, elektron hərracın istifadəyə verilməsi yerli və xarici investorların işini rahatlaşdırmaqla prosesə olan marağı artırır. Bununla ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn  qatılıb  dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Qeyd edilməlidir ki, yaxın vaxtlarda bütün növ dövlət əmlakının özəlləşdirilməsi elektron hərrac vasitəsilə mümkün olacaq.

Ümumilikdə hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqi, prosedurların sadələşdirilməsi, şəffaflığın təmin olunması investorların cəlb edilməsinə istiqamətlənib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 5 sentyabrda keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-ı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir.

Özəlləşdirmə və hərraclarla bağlı aparılan geniş təbliğat işləri prosesə olan marağı daha da artırıb. Əhali arasında aparılan maarifləndirmə işləri artıq öz nəticəsini verməkdədir. Belə ki, hərraclar rəqabətli şəkildə keçir. İnvestorlar üçün yaradılan rahat, şəffaf şərait rəqabəti daha da artırır. 

Bu dəfə də nəqliyyat vasitələri üzrə hərracın rəqabətli olması buna əyani sübutdur. Belə ki, ilkin start qiyməti 6 min manata olan Volkswagen Passat markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib. Həmçinin ilkin start qiyməti 1705 manat olan Chevrolet Niva markalı avtomobilə ən son 3 min 500 manat təklif edilib. Qeyd edilməlidir ki, hər iki avtomobilin buraxılış tarixi 2007-ci ildir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 128 saylı mağaza olub. Həmin əmlakın torpaq ümumi faydalı sahəsi isə 100  kv.m-ə yaxındır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən 3 kiçik dövlət müəssisəsindən 2-si paytaxtın Xəzər rayonunda digəri isə Səbaildə yerləşir. Özəlləşdirilən əmlaklar sahibləri üçün yaxşı gəlir gətirə bilər. Bakının Xəzər rayonunda yerləşən 102 saylı mağazanın faəliyyətini yenidən bərpa etməklə mənfəətliliyi təmin etmək mümkündür. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 86 kv.m təşkil edir.

Hərracda özəlləşdirilən istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtın Sabunçu rayonunda yerləşir. Həmin əmlakın ümumi faydalı sahəsi 28 kv.m-dən çoxdur.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Regionlarda da hərraclar keçirilir. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir.  Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Qeyd edilməlidir ki, portaldan istifadə edənlərin sayı 700  mindən artıqdır.

Hərracların keçirilməsinin bir sıra iqtisadi üstünlükləri mövcuddur. Belə ki, proses ölkədə özəlləşdirməni sürətləndirir, iri və orta portfelli sahibkarlığın inkişafına dəstək verir. Eləcə də, müxtəlif iqtisadi sahələrdə, o cümlədən pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat, xidmət və sair sahələrin canlanmasına və inkişafına təkan olur. Belə müəssisələr və obyektlərdə fəaliyyət yenidən daha müasir şərtlərlə bərpa edilir. Bu isə paytaxtla yanaşı regionlarda yeni iş yerlərinin açılmasına səbəb olur. 

Əmlak Məsələləri Dövlət Komitəsi qeyri yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində də fəaliyyətini davam etdirir. Məqsəd dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasıdır.