Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının icarəyə verilməsi ilə bağlı növbəti müsabiqə elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi ilə bağlı tədbirlər görülür. Dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində işlərini təkmilləşdirir.

Bu məqsədlə komitə qeyri-yaşayış sahələrinin müsabiqə vasitəsi ilə icarəyə verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən elan edilən  növbəti belə müsabiqəyə 5 qeyri-yaşayış sahəsi çıxarılıb. Həmin əmlaklar Bakının Nərimanov rayonunda, regionlarda isə müvafiq olaraq Ağsuda, Zərdabda, İmişlidə və Beyləqanda yerləşir. İcarəyə verilən əmlakların sahələri 6 kv.m ilə 59 kv.m arasında dəyişir. Obyektlərin vəziyyəti istifadəyə tam yararlıdır. Əmlaklar ictimai iaşə, xidmət və digər iqtisadi sahədə fəaliyyət göstərilməsi üçün əlverişlidir. Müsabiqəyə çıxarılan obyektlər arasında ən aşağı icarə haqqı 7 manat təşkil edir. Belə  obyektlər bir neçə mərtəbəli binanın  2-ci, 3-cü, 4cü mərtəbələrində yerləşir. Bu isə sifarişçilərdə seçim imkanını artırır.

Bu müsabiqənin bir sıra üstünlükləri mövcuddur. Bunlardan biri müsabiqəyə çıxarılan obyektlərin sahibləri üçün gəlir mənbəyinə çevrilə bilməsidir. Eyni zamanda həmin obyektlərin fəaliyyətinin bərpası yeni iş yerlərinin açılmasına şərait yaradır.

Müsabiqəyə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan istənilən şəxs qoşula bilər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək üçün sifarişçilər ərizə, komitənin bank hesabına obyektin aylıq start icarə haqqı məbləğinin 10 faizi miqdarında behin köçürülməsini təsdiq edən qəbz verməlidir. Ancaq qalib olmuyan şəxslərin behi isə  müsabiqənin başa çatdığı gündən 10 təqvim günü ərzində onlara qaytarılır. Sifarişçi hüquqi şəxs olduqda ərizədə çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətini, təsis müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surəti, fiziki şəxs olduqda isə şəxsiyyət vəsiqəsinin sürətini, sahibkarlıq fəaliyyəti haqqında məlumatı təqdim etməlidir. Sifariş hüquqi və ya fiziki şəxsin nümayəndəsi tərəfindən verildikdə isə həmin nümayəndə sifarişçi adından hərəkət etmək hüququnu təsdiq edən sənəd tələb olunur.

Bundan başqa sifarişçilər qarşısında bir sıra şərtlər də qoyulur. Onlar icarəyə verilən obyektin hazırki təyinatı üzrə istifadə edilməsini təmin etməli, əmlakın ərazisində yerləşən müəssisənin fəaliyyətinə maneçilik yaratmamalı, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirməməlidir. Eyni zamanda sifarişçilər icarəyə verilən obyektin yerləşdiyi binanın xarici görünüşünü də qoruyub saxlamalıdırlar.

Qaliblər isə müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 20 gün müddətində icarə müqaviləsinin imzalamalı, icarə müqaviləsində göstərilən müddətdə və məbləğdə icarə haqqının dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməlidir.

İcarəyə çıxarılan əmlaklarla yaxından tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

https://goo.gl/tbjllr