Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasına 28.12.2018-cı il tarixinə 75 şikayət daxil olmuşdur. Bunlardan 19-u dövlət qulluğuna qəbulla bağlı namizədlərin müsahibənin nəticələrindən verilmiş şikayətlərlə bağlı olmuşdur. Şikayət müəlliflərindən 3-ü hüquqi şəxs, 72-i isə fiziki şəxs olmuşdur.

Bildiririk ki, dövlət qulluğuna qəbulla bağlı namizədlərin müsahibənin nəticələrindən verdiyi 19 şikayətdən 18-i Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2018-ci il tarixli, 1910 nömrəli Fərmanı ilə yeni redaksiyada verilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə cavab verdiyindən komitənin Apellyasiya Şurasında baxılması üçün icraya götürülmüşdür. Həmin  şikayətlərdən 5-i təmin edilmiş, 13-ü isə təmin edilməmişdir. 1 şikayət maraqlı şəxsin ərizəsinə əsasən geri götürüldüyündən baxılmamışdır.

Sahibkarlıq fəaliyyəti ilə bağlı 2 şikayət geri götürüldüyündən Apellyasiya Şurasında baxılmamışdır (qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması), 1 şikayət üzrə işin məhkəmədə icraatda olmasına görə baxılmasından imtina olunmuşdur. 53 şikayət Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin tələblərinə cavab vermədiyindən (sahibkarlıq fəaliyyəti ilə bağlı olmamış, komitənin səlahiyyətinə aid olmamış, yuxarı orqan və ya tabelikdəki qurum tərəfindən inzibati akt qəbul edilməmişdir və s.) Şuranın müzakirəsinə çıxarılmamışdır. Həmin şikayətlər aidiyyəti üzrə baxılaraq tədbirlərin görülməsi üçün komitənin strukturuna daxil olan qurumlara göndərilmiş və ya mahiyyəti üzrə cavablandırılaraq bu barədə müraciət müəlliflərinə məlumat verilmişdir.