Kadastr

Daşınmaz əmlak obyektlərinin dövlət kadastr uçotu

Daşınmaz əmlak obyektlərinin dövlət kadastr uçotu daşınmaz əmlak obyektlərinin zəruri  göstəricilərinin və məlumatlarının daşınmaz əmlakın kadastrında dövlət uçotuna alınmasıdır. Daşınmaz əmlakın dövlət kadastr uçotu-əmlakın təsvir edilməsi və fərdiləşdirilməsinə dair kadastr əməliyyatıdır. Bu hərəkətlər nəticəsində sözügedən obyekti digər əmlaklardan fərqləndirən göstəricilər ortaya qoyulur. Bu prosessdə dövlət kadastr uçotuna alınan boş torpaq sahəsinə və ya digər növdən olan daşınmaz əmlak obyektinin yerləşdiyi torpaq sahəsinə unikal (təkrar olunmaz) kadastr nömrəsi verilir.

 

Daşınmaz əmlakın dövlət kadastr uçotunu aparmaq üçün zəruri sənədlər

Daşınmaz əmlakın dövlət kadastr uçotunu aparmaq üçün aşağıdakı sənədlər tələb olunur:

daşınmaz əmlakın  vahid dövlət kadastr uçotuna alınması barədə ərizə;

hüquq sahibinin şəxsiyyətini (hüquqi şəxs olduqda dövlət qeydiyyatını) təsdiq edən sənədin surəti;

müraciət edən hüquq sahibinin özü  olmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada onu təmsil edən şəxs barədə etibarnamə və həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

daşınmaz əmlak obyekti üzərində hüququn əldə edilməsini (mövcudluğunu) təsdiq edən sənədin əsli.

 

Daşınmaz əmlakın dövlət kadastr uçotunu aparan orqan ona uçot məqsədləri üçün təqdim edilən sənədləri qəbul və qəbul etməkdən imtina halları

Aşağıdakı hallarda daşınmaz dövlət kadastr uçotunu aparan orqan ona uçot məqsədləri üçün təqdim edilən sənədləri qəbul etməyə və ya qəbul etməkdən imtina edə bilər:

-          təqdim olunmuş sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (düzəlişlər edilmiş (sözün üzərindən xətt çəkilmiş, pozulmuş) və bu düzəlişlər barədə rəsmi qeydlər aparılmamış sənədlər təqdim edildikdə və ya məzmunu barədə fikir yürütməyə imkan verməyən korlanmış sənədlər təqdim edildikdə);

-          müvafiq ərizə onu  verməyə ixtiyarı olmayan şəxs tərəfindən verildikdə;

-          daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;

-          daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda.

 

Daşınmaz əmlakın dövlət kadastr uçotunun aparılması proseduru

Daşınmaz əmlakın dövlət kadastr uçotunun aparılması proseduru ibarətdir:

       -   sənədlərin qəbul edilməsi və təhlili;

       -  daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə və ya boş torpaq sahəsinə  kadastr nömrəsinin verilməsi;

       - ərazinin kadastr planının (xəritəsinin) tərtibi və kadastr qovluğunun   formalaşdırılması.

 

Daşınmaz əmlakın dövlət kadastr uçotuna alınmasının dayandırılması

Təqdim edilmiş sənədlərin həqiqiliyinə ciddi şübhələr varsa (daşınmaz əmlakın dövlət kadastr uçotunu aparan orqana təqdim edilmiş sənədlərdə uçot üçün zəruri olan məlumatlar olmadıqda və ya təqdim edilən məlumatlar bir-birini təkzib etdiyi hallarda) uçot dayandırılır və bu barədə müraciət edənə bildiriş göndərilir. Əgər müəyyən edilmiş müddətdə müraciət edən əmlakın kadastr uçotuna alınması ilə bağlı aparılan işlərin dayandırılmasına səbəb olan halları aradan qaldırmazsa, onda müraciət edənə yazılı şəkildə əmlakın dövlət kadastr uçotuna alınmasından imtina edilməsinə dair bildiriş göndərilir.

 

Torpaq sahəsinin mərzlənməsi

Torpaq sahələrinin mərzlənməsi torpaq sahəsinin kadastr uçotuna alınması məqsədi ilə torpaq sahələrinin yer üzərində (naturada) sərhədlərinin müəyyən edilməsinə, razılaşdırılmasına, dəqiqləşdirilməsinə, sərhəd nişanlarının bərpa edilməsinə, sərhəd  xarakterik (döngə) nöqtələrinin koordinatlarının müəyyən edilməsinə, onların mərz nişanları vasitəsi ilə yer üzərində (naturada) bərkidilməsinə və sərhəd planlarının tərtib edilməsinə dair kadastr işidir.

 

Kadastr planının tərtib olunması üçün dövlət rüsumu

 “Torpaq sahəsinin planı və ölçüsü nümunələrinin və təsvirlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 nömrəli Fərmanına uyğun olaraq torpaq sahəsinin planı və ölçüsü (kadastr planı) iki dövlət orqanı – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunur.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən tərtib edilən torpaq sahəsinin planı və ölçüsünün alınması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 manat dövlət rüsumu tutulur.